08.05.2013
Azərbaycan
Respublikasının Milli Məclisinin qərarı
Azərbaycan Respublikasının
Milli Məclisi,
Müasir Azərbaycan
dövlətçiliyinin banisi, xalqımızın böyük oğlu, ümummilli lideri
Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək;
siyasi təcrübəsi,
vətənpərvərliyi, sarsılmaz iradəsi, tükənməz enerjisi və
işgüzarlığı sayəsində Azərbaycanı vətəndaş müharibəsi
təhlükəsindən, ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən
xilas edərək ölkədə qanunçuluğu bərqərar etmiş, cəmiyyəti vahid
azərbaycançılıq ideyası ətrafında birləşdirmiş, Azərbaycan
Respublikasını qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu
tutan, nəhəng beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı
olan ölkəyə çevirmiş, Azərbaycanın beynəlxalq miqyasda tanınmasını
və nüfuzunun artmasını təmin etmiş Heydər Əliyevin müasir,
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli-mənəvi
dəyərlərə qayıdış, vətəndaş cəmiyyətinin təşəkkülü sahəsində
əvəzsiz tarixi xidmətlərini xatırlayaraq;
müasir Azərbaycanın öz
müstəqilliyinin 20 ildən artıq müddəti ərzində mürəkkəb və eyni
zamanda şərəfli bir yol keçdiyini, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş dövlətçilik strategiyasının uğurla
davam etdirilməsini, cəmiyyətimizin yeni sosial-iqtisadi inkişaf
pilləsinə yüksəldiyini, sosial problemlərin səmərəli həllinə, hər
kəsin firavan həyatına və rifahına yönəlmiş mühüm addımlar
atıldığını, dövlət idarəçiliyinin müasir meyarlara uyğun yenidən
qurulduğunu, dövlətimizin iqtisadi və hərbi qüdrətinin durmadan
artdığını, ölkədə demokratik dəyərlərə əsaslanan yeni ictimai
münasibətlər sisteminin formalaşdığını, Azərbaycan Respublikasının
hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı islahatların davam
etdiyini böyük iftixar və qürur hissi ilə qeyd edərək;
xalqımızın çoxəsrlik mənəvi
irsindən bəhrələnərək, müasir ümumbəşəri idealları yaşadan Heydər
Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik
ənənələrinə sadiq qalaraq;
qanunçuluğa və hüququn
aliliyinə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək,
cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq;
cinayətlərin xarakterini və
ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş
şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah
olunacaqlarına ümid edərək;
cəzadan azad olunacaq
şəxslərin sosial adaptasiyasını, qanunlara dönmədən əməl
etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini
arzulayaraq;
dahi lider Heydər Əliyevin
əbədiyaşar xatirəsinə xalqımızın ehtiramını ifadə edən, onun
zəngin mənəvi irsini yaşadan, milli dövlətçilik və humanizm
ideyalarını yeni nəsillərə aşılayan Heydər Əliyev Fondunun
təşəbbüsünü dəstəkləyərək ümummilli liderin 90 illik yubileyi
münasibətilə aşağıdakı amnistiyanın elan edilməsini qərara alır:
I. Amnistiya tətbiq edilən
şəxslərin dairəsi
1. Aşağıdakı məhkumlar, bu
Qərarın 5-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə
alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:
1.1. müəyyən müddətə
azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə
müəssisəsində cəza çəkən (bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə
minmiş hökm və ya qərar əsasında) şəxslər;
1.2. intizam xarakterli
hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər;
1.3. hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəza çəkən şəxslər;
1.4. islah işləri növündə
cəza çəkən şəxslər;
1.5. ictimai işlər növündə
cəza çəkən şəxslər;
1.6. əsas cəza kimi müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
1.7. əsas cəza kimi iki min
manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş
şəxslər;
1.8. azadlıqdan məhrum etmə
ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan
şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzasının
çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu
maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər.
2. Bu Qərarın 1.1-ci
bəndində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar
müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə
cəzasının çəkilməmiş hissəsindən azad edilsinlər (bu Qərarın 5 və
6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə
alınmaqla):
2.1. qadınlar;
2.2. cinayət törədərkən 18
yaşına çatmayan şəxslər;
2.3. bu Qərar qüvvəyə
mindiyi günədək 60 yaşına çatmış kişilər;
2.4. bu Qərar qüvvəyə
mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər;
2.5. öhdəsində
(himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya
ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın
qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu
və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən
olunmuş şəxslər;
2.6. İkinci Dünya
müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə
də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa
cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada
bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak
olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.7. Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması
uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının,
habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl
borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak
olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.8. Azərbaycan
Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə
təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada
orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
2.9. keçmiş SSRİ dövründə
repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların
qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
2.10. 1948-1953 və 1988-ci
illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti
nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;
2.11. 1988-1993-cü illərdə
Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri
tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi
köçürülmüş şəxslər;
2.12. Çernobıl qəzasının
aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən
şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada
müəyyən olunmuşdursa);
2.13. 1990-cı il 20 Yanvar
faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın
qohumları;
2.14. Xocalı soyqırımında
əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.
3. Bu Qərarın 1.1 və 2-ci
bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq
olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
şəxslər bu Qərar qüvvəyə mindiyi gün cəzalarının altı aydan artıq
olmayan çəkilməmiş hissəsindən azad olunsun, həmin şəxslərin
cəzalarının çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş
cəza altı ay azaldılsın (bu Qərarın 5 və 6-cı bəndlərində nəzərdə
tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).
4. Bu Qərarın 1-ci bəndində
göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş
cəzalardan azad edilsin (bu Qərarın 5 və 6-cı bəndlərində nəzərdə
tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
4.1. intizam xarakterli
hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək
çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;
4.2. əsas cəza kimi iki min
manatdan artıq miqdarda cərimə cəzasına məhkum edilmiş şəxslər;
4.3. azadlıqdan məhrum etmə
cəzasına şərti məhkum edilmiş şəxslər;
4.4. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq
azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış
şəxslər;
4.5. bu Qərar qüvvəyə
mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə azadlıqdan
məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş
şəxslər.
II. Amnistiyanın tətbiqinə
məhdudiyyətlər
5. "Amnistiya aktlarının
tətbiqinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının
1994-cü il 24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə
tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.
6. Bu Qərarın 2-4-cü
bəndləri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:
6.1. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində
nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin
Cinayət Məcəlləsinin 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2,
133.1, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4,
144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 167-1.3,
167-2.2, 168.2, 170.1, 170.2, 171.1, 171-1.1, 172, 177.2, 178.2,
179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 192-1.3, 193.2,
193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2,
202-2.1, 203-1.1, 204.1, 205, 206.1, 206.2, 208.2, 213.2, 213-1.2,
220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1,
224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1,
233, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1,
240.2, 243.2, 244.2, 244-1.2, 245, 247, 248.2, 250.3, 251.3,
252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2,
263-1.2, 264, 265.2, 266.2, 267.3, 268.2, 271.3, 272.3, 273.4,
281.1, 283-285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2,
294.3, 295.1, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3,
309.2, 312.1, 312-1, 314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2,
316-1.3, 317.1, 317.2, 317-1.2, 317-2.2, 318.2, 319.2, 321.2, 323,
324, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336,
338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349,
350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə "Korrupsiyaya
qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli,
92-IIIQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək
Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində, "Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli,
405-IVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Cinayət
Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə
məhkum olunmuş şəxslər;
6.2. "Tikinti sahəsində
qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi
məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət
Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında"
Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli, 428-IIIQD
nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
222-1-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin
222-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkum
olunmuş şəxslər;
6.3. 2000-ci il sentyabrın
1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin
Məcəllənin 69-cu maddəsinin ikinci hissəsi, 93-5-ci maddəsinin
birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu
maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi,
113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü
hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-cı maddəsi, 171-ci
maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi,
185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri,
220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin
birinci hissəsi, 241-ci maddəsinin "q" bəndi və 255-1-ci
maddəsinin "v" və "q" bəndlərində nəzərdə tutulmuş cinayətlərə
görə məhkum olunmuş şəxslər;
6.4. "Qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının 1998-ci il 7 aprel
tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək
qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən
çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88,
88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü
maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin
üçüncü hissəsi, həmçinin "Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli Qanunu
ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan
Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci
maddələrlə məhkum olunmuş şəxslər;
6.5. maddi ziyanı tam
ödəməmiş şəxslər;
6.6. xüsusilə təhlükəli
residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il
sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət
Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş
şəxslər;
6.7. 1991-ci il oktyabrın
18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə
müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad
olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;
6.8. cəzaçəkmə
müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza
çəkərkən qəsdən cinayət törətmiş şəxslər.
III. Amnistiya aktının
hüquqi qüvvəsi
7. Bu Qərar dərc olunduğu
gündən qüvvəyə minir.
8. Amnistiya bu Qərar
qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum
edilmiş şəxslər barəsində tətbiq edilir. Bu Qərar qüvvəyə
mindikdən sonra məhkumun cəzasının çəkilməmiş hissəsinin azalması
və ya digər şəkildə hüquqi vəziyyətinin dəyişməsi həmin şəxs
barəsində bu Qərara əsasən amnistiyanın tətbiqi üçün əsas
deyildir.
9. Bu Qərarın cəzanın
çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin
məcmusu üzrə yalnız qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə
tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci
maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas
cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri
altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir.
10. Cinayətlərin və ya
hökmlərin məcmusu üzrə bir neçə cinayətə görə məhkum edilmiş
şəxslərin törətdiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi
bu Qərarın 5-ci bəndi ilə məhdudlaşdırılmışdırsa bu Qərarın hər
hansı bəndinə əsasən, 6-cı bəndi ilə məhdudlaşdırılmışdırsa bu
Qərarın 2-4-cü bəndlərinə əsasən amnistiya tətbiq edilmir.
11. Bu Qərarda nəzərdə
tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları
törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad
etmir.
12. Bu Qərara əsasən
amnistiya tətbiq edilməsi ittiham hökmlərinin və ya digər
qərarların qanuniliyinin, əsaslılığının və ya ədalətliliyinin
yuxarı instansiya məhkəməsində mübahisələndirilməsinə mane olmur.
13. Bu Qərar başqa
dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını
Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.
14. Barələrində amnistiya
tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq
olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri
qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
IV. Amnistiyanın tətbiqi
qaydaları
15. Amnistiya aşağıdakı
orqanlar tərəfindən tətbiq edilir:
15.1. cəzaçəkmə
müəssisələri - bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan
şəxslər barəsində;
15.2. intizam xarakterli
hərbi hissənin və hərbi hissələrin komandanlığı - bu Qərarın 1.2,
1.3 və 4.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
15.3. icra məmurları - bu
Qərarın 1.4-1.7 və 4.2-ci bəndlərində nəzərdə tutulan şəxslər
barəsində;
15.4. məhkəmələr - bu
Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər
barəsində.
16. Bu Qərarın 15.1-15.3-cü
bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən,
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə
tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla
razılaşdırmalıdırlar.
17. Bu Qərarın 3-cü
bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq
edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə
müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə
birinci instansiya məhkəmələri tərəfindən baxılır.
18. Bu Qərarın 1.8,
4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində
amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində
nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun
yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən
baxılır.
19. Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq,
amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi
haqqında məhkumun ərizəsinə cəzanı icra edən müəssisə və ya
orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə
birinci instansiya məhkəməsi tərəfindən baxılır.
20. Bu Qərarın 17-19-cu
bəndlərində nəzərdə tutulmuş müraciətlərə baxarkən, məhkəmələr
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və
ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat
üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında
prokurorun iştirakı təmin edilməlidir.
21. Bu Qərar onun təsiri
altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.
22. Amnistiya tətbiq
edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi
məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə
edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi
barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq
orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra
edilməlidir.
23. Alkoqolizmdən,
narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş
şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu
Qərarın 29-cu bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin
şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa
çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən
müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy,
məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə
təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin
ləğvi barədə məhkəmənin qərarıdır).
24. Barələrində amnistiya
tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə
tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə
orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə
vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və
müalicələrini davam etdirirlər.
25. Anlaqlılığı istisna
etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir
təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair
materiallara bu Qərarın 29-cu bəndində nəzərdə tutulmuş müddətdə
baxılmalı, Cinayət Məcəlləsinin 95.0.2-95.0.4-cü maddələrinə
əsasən psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş
şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə
psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya
dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr
müalicəsi təyin edildikdən sonra həll edilməli, Cinayət
Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya
müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya
tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə
müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün
müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində
qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.
26. Bu Qərarın 15.2-ci
bəndində göstərilən "hərbi hissələr" dedikdə, hərbi xidmət üzrə
məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 18-ci
bəndində göstərilən "məhkumların üzərində nəzarəti həyata keçirən
orqanlar" dedikdə isə şərti məhkum edilmiş, cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə
salınmış şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurları
və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.
27. Əvvəllər amnistiya və
ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu
Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri
həmin aktlar nəzərə alınmaqla hesablanır.
28. Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin 175-177-ci
maddələrinin tələblərinə uyğun olaraq, bu Qərara əsasən
barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən
şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin
təmin edilməsi üçün zəruri olan tədbirlər görülməlidir.
29. Bu Qərar qüvvəyə
mindiyi gündən dörd ay müddətində tətbiq edilir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 7 may 2013-cü
il