AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Ноябрь » 6 » «Dustaqlar damarlarını doğramışdılar..»
19:32
«Dustaqlar damarlarını doğramışdılar..»

Həbsdəki hüquq müdafiəçisi 14 saylı həbsxanadkı qiyamın dəhşətli təfərruatlarını açıqladı

Vidadi İsgəndərli: «Daha çox qarapaltarlılar qəddarlıq edirdilər. Çox sayda dustaq xəsarət aldı»

21/9/2012 [12:12] 

Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi İsgəndərli "Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. 

- Bu yaxınlarda siz saxlanan cəzaçəkmə müəssisəsində dustaqların qiyam qaldırması haqda məlumatlar yayıldı. Penitensiar Xidmət əvvəl bunu təkzib etdi, sonra isə yeni açıqlama ilə dustaqların etiraz etdiyini təsdiqlədi. Orada nə baş verib? Aksiyada neçə nəfər iştirak edib?

- İlkin mərhələdə təxminən 200 nəfərə yaxın olardı. Danışıqlardan sonra meydanda 130-140 dustaq qalmışdı. Təxminən avqust ayının sonunda müəssisədə bir məhkumdan qadağan olunmuş əşya tapdılar. Sentyabrın 7-də müəssisəyə və dustaqların üzərinə ümumi baxış keçirildi. Baxış zamanı qadağan olunmuş çoxlu əşya tapıldı. Həmin gün o da məlum oldu ki, bir qədər əvvəl keçirilən tibbi müayinə nəticəsində 256 məhkumda vərəm xəstəliyi aşkar olunub. Vərən xəstəliyinə düçar olan şübhəli şəxslərdən tüpürcək nümunələri götürüldü. Sentyabrın 9-u səhər saat 8-dən məhkumlar kütləvi surətdə müəssisənin həyətində oturub kütləvi itaətsizlik nümayiş etdirməyə, müxtəlif tələblər irəli sürməyə başladılar. Bu tələblərin çoxu rejim qaydasının, şəraitin dəyişdirilməsi və sair haqda idi. Yüzlərlə tələb irəli sürüldü. Sözsüz ki, tələblərin içində hüquqi baxımdan düzgün olmayan tələblər də vardı. Məsələn, bəzi məhkumlar deyirdilər ki, müəssisənin əməkdaşı gələndə məhkum ayağa qalxmamalıdır, başını tam qırxdırmamalıdır. Tələblərin içində suyun normal verilməsi, yaxınlıqda yerləşən, kimyəvi toz istehsal edən zavodun bağlanması, əməkdaşların onlara qarşı qanunsuz fiziki zor təbiq etməsinin dayandırılması, barakların təmir olunması, yatmaq üçün normal şərait yaradılması, bəzi əməkdaşların onlardan pul tələb etməsinin araşdırılması da vardı.

Bu, müəssisənin 60 illik tarixində ilk belə kütləvi etiraz aksiyasıdır. Baş verənlərdə nə müəssisə rəhbərliyinin, nə Penitensiar Xidmət rəhbərliyinin, nə də Ədliyyə Nazirliyinin günahı var. Bu, bir sistemdir, rejimdir. Bura hətta ən demokratik bir şəxs rəhbərlik etsə belə, heç nə dəyişməyəcək. Təsəvvürünüzə gətirin ki, 1950-ci ildə tikilmiş bu kolonda su və kanalizasiya sistemi sıfır vəziyyətindədir. Yayda və qışda həftələrlə su olmur. 120-130 nəfərlik barakda nə istilik, nə də havalandırma sistemi var. Dustaqlar qışda soyuqdan, yayda isə dəhşətli istidən əziyyət çəkirlər. Yayda bir də ağcaqanad əlindən yatmaq olmur.
Cəzaçəkmə müəssisəsində yuxudan qalxmaq vaxtı səhər saat 7, yatmaq vaxtı 21:30-dur. Bu müddət ərzində xəstəsi də, yaşlısı da, əlili də daxil olmaqla heç bir dustağın beş dəqiqə olsun öz yatağında oturmaq hüququ yoxdur. Müəssisədə iki nəfərdən artıq dustağın bir yerə yığılması, söhbət etməsi, bir yerdə oturması, çörək yeməsi, ünsiyyət qurması qəti qadağandır. Bu yazılmamış qanunları pozan hər bir məhkum döyülür və cərimə təcridxanasına salınır. Ən yüngül cəza 6-7 saat üzü divara ayaqüstə dayanmaqdır. Yüzlərlə belə haqsızlıq faktları sadalaya bilərəm. Ən dəhşətlisi də odur ki, yaxınlıqda radioaktiv tullantılar qəbiristanlığı, yüzlərlə daş karxanası və sement istehsalı üçün kimyəvi toz istehsal edən böyük zavod var. Külək olanda kimyəvi tozdan dustaqlar bir-birini beş metrlik məsafədən belə görə bilmirlər. Məhz bu tozun uçbatından yüzlərlə məhbus vərəm xəstəliyinə tutulur. Məhkumların yüzlərlə belə problemi var.

- Cəzaçəkmə müəssisəsinin rəhbərliyi etirazlara necə reaksiya verdi?

- Tam obyektiv olaraq bildirirəm ki, istər Penitensiar Xidmətin, istərsə də müəssisənin rəhbərliyi çox korrekt, dözümlü davrandılar, uzun müddət danışıqlar apardılar. Az qala onlara yalvarırdılar ki, dağılışsınlar, söz verirdilər ki, 10 gün ərzində bütün qanuni tələblərinə baxılacaq. Dustaqlara qarşı zor tətbiq olunmaması barədə qəti qərar qəbul edilmişdi.

- Etiraz necə yatırıldı? Müəssisəyə əlavə qüvvələr gətirilmişdimi?

- Dustaqlar Penitensiar Xidmətin rəhbərliyindən hüquq müdafiəçiləri Leyla Yunusu, Elçin Behbudovu, deputat Qənirə Paşayevanı, KİV nümayəndələrini tələb etməyə başlayıb. Bəzi dustaqlar isə deputatları - mənə və AXCP üzvü Şahin Həsənliyə deputat deyirlər - tələb ediblər. Vəziyyət kritik həddə çatırdı. Sonra rayon prokuroru Fəxrəddin Pənahov, bir neçə müstəntiq, Penitensiar Xidmətin rəis müavinləri Mahir Musayev, İmran Əlizadə və 5-6 nəfər digər əməkdaş, həmçinin MTN əməkdaşları gəldilər. Onların da məhkumlarla danışıqları heç bir nəticə vermədi. Sonra təxminən 10-15 dustaq ağızlarını iynə ilə tikməyə başladı. Artıq məlumat daxil oldu ki, bayırda ordu qüvvələri, Penitensiar Xidmətin xüsusi dəstələri, maskalı qarapaltarlılar hazırlıq vəziyyətindədirlər. Səhər saat 8:30-dan 14:30-a qədər gedən danışıqlar heç bir nəticə vermədi və 100-dən çox əsgər və 50-yə yaxın qarapaltarlı müəssisəyə daxil olub meydana hücum etdilər. Qiyama qoşulmayan dustaqları kluba yığmışdılar. Daha çox qarapaltarlılar qəddarlıq edirdilər. Çox sayda dustaq xəsarət aldı. Bəziləri kəsici alətlərlə damarlarını doğramışdılar. Heç beş dəqiqə keçmədi ki, aksiya dağıdıldı, 120-dən çox dustağı yerə uzatdılar. Onlardan təxminən 25 nəfərini sürüyə-sürüyə maşınlara mindirib apardılar. Sonra maskalılar karserə getdilər. Dustaqlar deyirlər ki, ordu komandanı və Penitensiar Xidmət rəhbəri dustaqlara işgəncə verməyə qoymayıblar. Yoxsa maskalılar onları əzəcəkdi...

- Vidadi bəy, aksiyada iştirak edən dustaqların durumu necədir? Onlara cəza verilibmi?

- Burda qalanlara tibbi yardım edilib. Hadisədən iki gün sonra insan haqları üzrə müvəkkilin nümayəndəsi Vüqar Məhərrəmov gəlmişdi. Bütün işgəncə faktlarını qeyd etdi.

- Ölkədəki ictimai-siyasi vəziyyəti izləyə bilirsinizmi?

- 14 saylı Cəzaçəkmə Müəssisəsi Azərbaycan hakimiyyətinin bir əksi, güzgüsüdür. Bu gün bu müəssisədə baş verənlər hakimiyyətin yürütdüyü siyasi xəttin nəticəsidir. İsa Qəmbərin dediyi kimi, bunlar artıq qırmızı xətti keçiblər. Bizləri döydülər, həbs etdilər, dinmədik. İndi bizim qeyrətimizlə oynamağa başlayıblar. Mənə qarşı cinayət etmiş şəxsləri bəlkə də nə vaxtsa bağışlayacam. Amma mənim qardaşım Tofiq Yaqublunun qızını, balam Nigarı həbs etməyinizi heç vaxt onlara bağışlamayacam. Nə qədər gec deyil, Nigar balamızı azad etsinlər. Bu, mentalitetimizə yaraşan hərəkət deyil.
 

http://bizimyolinfo.com/?sehife=1&xeber=3007

Просмотров: 537 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, həbsxanalar, etiraz aksiya, 14 saylı CÇM | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0