AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Июнь » 12 » Məhkumluqdan məchulluğa…
04:59
Məhkumluqdan məchulluğa…
Azərbaycanda həbsdən çıxan vətəndaş hüquqlarından niyə məhrum edilir?Keçmiş məhbusların cəmiyyətə adaptasiyasını təmin edən qanun var, amma işləmir, cinayətlərin sayı isə durmadan artır

 3/5/2013 [11:15]

"Keçmiş həyat yoldaşım da, mən də məktəbdə işləyirdik. Müəllim qazancı ilə ailə dolandırmaq çətindir. Üstəlik də o ailədə üç azyaşlı varsa. Ona görə də məcbur olub tanışların vasitəsilə pul qazanmağa başladım. Ali məktəblərə uşaq düzəldirdik. Sonradan məsələnin üstü açıldı, həbs olundum. İçəridə yatdığım 3 il məni çox dəyişdi” - deyir Gülcahan Əliyeva.
Keçmiş məhbus ailəsinin köməyi ilə ayaqda durmağı bacarsa da, əksər məhbəs yoldaşlarının bu qayğıdan məhrum olunduğunu deyir: "Cəzamı çəksəm də, təkrar öz peşəm üzrə işləyə bilmədim. İçəridə bir az tikməyi öyrənmişdim. İndi ticarət mərkəzlərinin birində dərzi işləyirəm. Pis qazanmıram. Ancaq həmişə üzərimdə ətrafdakıların qınağını hiss edirəm. Bəlkə də belə deyil, ancaq mən belə düşünürəm. İçəridə yatıb çıxandan sonra bu həyata alışmaq o qədər çətinləşir ki. Xüsusilə qadınlar üçüm ağırdır. Əksəriyyətini ailəsi qəbul etmir. Ümumiyyətlə, içəridən çıxan insana inam az olur, iş tapmaq çətinləşir. Nə əvvəlki həyatı qaytarmaq olur, nə yenisinə alışmaq...”

Qanun var, icra olunmur

Mayın 7-də Milli Məclisdə növbəti Aministiya Aktının qəbulu gözlənilir. Bu akt 9 min məhkuma şamil olunacaq, onlardan 2 mini həbsxanalardan birbaşa azadlığa buraxılacaq. Bu isə G.Əliyeva kimilərin artması, həyatla mübarizəyə qatılması deməkdir.
Digər ölkələrdə bu insanların cəmiyyətə adaptasiyasını tənzimləyən qurumlar fəaliyyət göstərir. Elə Azərbaycanda da "Penitensiar cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin sosial adaptasiyası haqqında" Qanun var. Hələ 2007-ci ildə qəbul edilmiş bu qanuna əsasən, reabilitasiya mərkəzləri tikilməli, keçmiş məhkumlarla iş aparılmalıdır.
Ancaq bu günə qədər qanundan irəli gələn tələblər icra olunmayıb. Qanun layihəsinin müəlliflərindən biri Elmira Axundova da dəfələrlə bu barədə öz etirazını bildirib: "Parlament tərəfindən qanunlar qəbul olunur, lakin onun üstündən bir il, il yarım keçəndən sonra həmin sənədlərin necə işləməsi barədə xəbərləri olmur. Biz bilmirik ki, qəbul etdiyimiz qanun icra olunur, yoxsa yox. Şəxsən mənim hazırladığım və parlament tərəfindən qəbul olunan məhkumların sosial reabilitasiyası ilə bağlı qanunun müvafiq maddələrinin icrası hələ də təmin olunmayıb. Üstündən 5 il keçməsinə baxmayaraq, hələ də heç bir yerdə sosial reabilitasiya mərkəzləri açılmayıb. Hələ indi belə bir fikir var ki, gələn il Bakıda sosial reabilitasiya mərkəzi açılsın. Ona görə də deputatların qəbul etdikləri qanunun icrasına nəzarət etmək hüququ təmin edilməlidir”.
Onun sözlərinə görə, hər il cəzaçəkmə müəssisələrindən 2-4 minə yaxın məhbus azadlığa buraxılır. Rəsmi statistikaya əsasən, azadlığa çıxanların 7-10 faizi qısa vaxtdan sonra yenidən məhbus həyatı yaşayır. Bu rəqəm qeyri-rəsmi statistikaya əsasən isə 25 faizdir. Bunların arasında uzun müddət cəmiyyətdən təcridolunma, ailə ilə, şəxsi əlaqələrin kəsilməsi və daimi gəlir yerinin yoxluğu da yer alır.
Qanun icra olunsaydı keçmiş məhbuslara həm də tibbi, psixoloji, hüquqi, informasiya və maddi yardım göstərilərdi. Eyni zamanda qanunla keçmiş məhbuslara orta əmək haqqının dörd misli qədər birdəfəlik pul verilməlidir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov Azadlıq Radiosuna açıqlamasında deyib ki, qanunda onların üzərinə düşən öhdəlikləri tamlıqla yerinə yetirirlər: «Məhkumun azad olunmasına 3 ay qalmış bütün aidiyyatı orqanlara müraciət edirik. Məhkum azadlığa çıxanda həmin qurumlar onun kommunal-məişət şəraitinin yoluna qoyulması, işlə təmin olunması məsələlərini həll etməlidir. O ki qaldı reabilitasiya mərkəzlərinin yaradılmasına, bu iş qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görəsə, Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi başlanıb. Birdəfəlik yardım isə müvafiq qurumların şəxsin həqiqi ehtiyacı olduğunu təsdiq edən arayışı əsasında verilir.

Qadınlar və gənclər ən çox zərərçəkənlərdir

Psixoloqlar hesab edirlər ki, cəmiyyətə adaptasiya problemini ən çox qadınlar və gənclər yaşayırlar. Məsələn, psixoloq Günel Aslanova Mediaforum-a açıqlamasında deyir ki, ölkənin yeganə qadın həbsxanasında - Bakıdakı 4 saylı Cəzaçəkmə Müəssisəsində bütün məhbusların bir yerdə saxlanması doğru deyil: "Nə yaş həddinə, nə də törədilən cinayətin xarakterinə görə fərq qoyulur. Təsadüfən həbsə düşənlə təkrar-təkrar həbsxana həyatı yaşayanların bir yerdə saxlanması yolverilməzdir. Çünki birincilər potensial qurbana çevrilir. Onların reabilitasiya proqramları da fərqli təşkil edilməlidir. Penitensiar müəssisələrdə məhbusların təkrar cinayət törətməsinin qarşısını almaq üçün onlarla reabilitasiya işləri aparan ixtisaslaşmış psixoloqlarımız da yoxdur”.
Psixoloqun fikrincə, cəmiyyət qadının cinayət törətməsini, həbsxana həyatı yaşamasını birmənalı qəbul etmir. Ona görə də həmin qadınlar yenidən cəmiyyətə qayıtdıqda ciddi problemlərlə üzləşir, sosial adaptasiya oluna bilmirlər: "Ailə, övlad, qohumlar onlardan imtina edir, iş, sığınacaq yeri tapmırlar. Reabilitasiya mərkəzləri yoxdur. Olsa belə, bu, problemin həll yolu deyil. Sırf cəzaçəkmə müəssisələrindən azad olunmuş qadınlara həsr edilmiş layihələr, cəmiyyəti bu sahədə maarifləndirmə proqramları hazırlanmalıdır”.
Ötən il Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək mərkəzi yaradıldığını bəyan etdi. Mərkəzin yaradılmasında məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, penitensiar müəssisələrdə islah edilmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdıqları maneələri aşmalarında onlara yardımçı olmaqla, müəyyən dərəcədə onların yenidən cinayət əməlinə əl atmalarının qarşısını almaqdır.
Qurumun saytında layihənin icrası ilə bağlı çox az, daha doğrusu, ümumi məlumat var. Yəni, layihə çərçivəsində əlaqədar orqanlarla əməkdaşlığa başlanıb, QHT-lər işə cəlb edilib və s. Ancaq konkret olaraq neçə məhbus bu mərkəzə cəlb edilib, adaptasiya prosesi necə aparılıb, bu barədə heç bir məlumat verilmir.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də mətbuata verdiyi açıqlamalarında deyib ki, reabilitasiya mərkəzlərinin yaradılması gənclərin kriminal vərdişlərdən azad edilməsinə yardımçı ola bilər: "Onların peşəkar kimi formalaşma prosesinə yardım edilirsə, bu heç şübhəsiz, mövcud olan çətinliklərin aradan qaldırılmasına kömək edir. Belə ki, bir tərəfdən onlar bu minvalla əvvəlki xoş olmayan vərdişlərdən azad olur. Digər tərəfdən, özlərinin cəmiyyətdə yararlı bir insan olduğunu və onlara yer verildiyini dərk edirlər. Bütün bunlar həm də ona gətirib çıxarır ki, gənc məhbusun yaxın ətrafı da onu başa düşür. Həmçinin, məhbəsdən çıxmış gənclər yeni dostlar qazanır. Nəticə etibarilə psixoloji baxımdan bir çox çətinliklər arxada qalır. Beləliklə, həmin şəxsin cəmiyyətə adaptasiya prosesində müsbət, pozitiv meyllər inkişaf etməyə başlayır".
Əmək Liqasının rəhbəri Sahib Məmmədovsa hesab edir ki, məhbusların azadlığa çıxan zaman üzləşdiyi önəmli problemlərdən biri də işə düzəlməklə bağlıdır: "Dəfələrlə ağır cinayət törədən bir məhbusu dövlət sektoruna işə necə götürmək olar? Ancaq unutmaq lazım deyil ki, bütün hallarda azadlığa çıxanlar eyni hüquqlu olur. Bu balansı qorumaq da cəmiyyətin üzərinə düşür. Ona görə də düşünürəm ki, belə şəxslərin cəmiyyətə adaptasiyası, dövlətdən çox, cəmiyyətin problemidir”.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.6 maddəsi cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bununla bağlı aidiyyati nazirliklər öz hesabatlarını veriblər.

DİN-nin hesabatı…

Daxili İşlər Nazirliyinin hesabatında göstərilir ki, proqramın icra olunduğu dövrdən indiyədək cəza müddəti qurtarmış, amnistiya aktı və qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla penitensiar müəssisələrdən azad edilən 400-ə yaxın yeniyetmə və gəncin hər biri ilə ayrı-ayrılıqda, eləcə də ailə üzvləri və qohumları ilə izahedici söhbətlər aparılıb, polisin müvafiq xidmətləri tərəfindən hər birinə profilaktiki yığım işləri açılıb. Onların dövlət və özəl sektorlarda işə düzəldilməsi, təhsilə cəlb olunması, mənzil hüquqlarının bərpası, gələcəkdə qanun pozuntularına yol vermələrinin qarşısının alınması məqsədilə şəhər, rayon icra hakimiyyəti orqanlarına, məşğulluq idarələrinə və digər əlaqədar təşkilatlara 200-dən artıq məlumat və istiqamətləndirici məktublar göndərilib. Ötən dövrdə həmin şəxslərin əksəriyyəti daimi və ya mövsümi iş yerləri ilə təmin olunub.
Gülcahan Əliyeva deyir ki, sadalanan faktların hamısı boş söz yığınıdır. Nə özü, nə də tanıdığı məhbusların heç biri həbsdən çıxandan sonra dövlətdən dəstək görməyiblər. Ancaq düşünür ki, reablitasiya mərkəzlərinin yaradılması vacibdir. Bu, cinayətlərin qarşısının alınmasına da səbəb olar.

Aynur Elgünəş

http://bizimyol.info/?sehife=1&xeber=10511
Просмотров: 521 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, readaptasiya | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0