AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2013 » Сентябрь » 16 » Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb edilməsi barədə
18:39
Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb edilməsi barədə

Əsas islah vasitələrindən biri kimi ictimai faydalı əməkdən səmərəli istifadə məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində məhkumlar istehsalat, fərdi əmək, təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar. Məhkumların əməyə cəlb olunması Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 95-ci maddəsi ilə tənzimlənir. Belə ki, qanunvericiliyə görə hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidir. Məhkumlar bir qayda olaraq, cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, təsərrüfat və məişət xidməti işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində, müəyyən olunmuş qaydada, mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Eyni zamanda, məhkumlar cəzaçəkmə müəssisəsində müdiriyyətin icazəsi ilə fərdi əməklə də məşğul ola bilərlər.
Hal-hazırda cəzaçəkmə müəssisələrində istehsalatın dirçəldilməsi, məhkumların əsas hissəsinin ictimai faydalı əməyə cəlb olunmasına imkan verən yeni istehsalat sahələrinin yaradılması yolları dərindən araşdırılır və təhlillər aparılır. Artıq bu məqsədlə ayrı-ayrı cəzaçəkmə müəssisələrində müxtəlif yönümlü istehsalat sahələri təşkil olunmuş və yeni məhsul istehsalına başlanılmışdır. Belə ki, mövcud imkanlar hesabına bir sıra cəzaçəkmə müəssisələrində kiçik istehsal sahələri yaradılmış və məhkumların 20 faizə qədərinin haqqı ödənilən işə cəlb edilməsinə nail olunmuşdur. İstehsal sahələri olan müəssisələrdə müxtəlif istehlak məhsulları: xalça, tikiş məmulatları, plastmas borular, plastik qapı və pəncərələr, kərpic, üzlük daşlar, üzümçülük təsərrüfatları üçün dəmir-beton dirəklər, həqiqi hərbi xidmət keçən qulluqçular üçün müasir NATO standartlarına uyğun olan bir və iki laylı çarpayılar, müxtəlif ölçülü dəmir şkaf və seyflər, ofis mebelləri və yumşaq stullar istehsal olunur. Bu istehsal sahələri hal-hazırda 1, 4, 5, 6, 7, 11, 12, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində təşkil olunmuşdur.
Məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sayəsində əvvəlki dövrlərlə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunmuşdur. Bu sahədə həyata keçirilən son tədbirlər ərazisi daha geniş olan yeddi cəzaçəkmə müəssisəsində müəyyən sayda məhkumların işlə təmin olunmasına imkan verə biləcək istixanaların təşkilindən ibarət olmuşdur. Belə ki, müəssisələrin istehsalat sahəsində istifadəsiz olan sahələrdə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixanalar təşkil edilmişdir. Bu istixanalarda eyni zamanda tərəvəz bitkilərinin şitillərinin də yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur. Bir neçə müəssisədə isə açıq hava şəraitində iynəyarpaqlı ağacların toxumlarından şitil yetişdirilməsi təşkil olunmuşdur. 
Qeyd edilənlərlə yanaşı son illər görülmüş tədbirlər nəticəsində bütün cəzaçəkmə müəssisələrində fərdi əmək sahələri də yaradılmışdir. Fərdi əmək sahələrində məhkumlar könüllü olaraq müxtəlif suvenirlərin istehsalı ilə məşğul olurlar. Xidmət tərəfindən bir neçə dəfə məhkumların əl işlərindən ibarət sərgilər də təşkil olunmuşdur. 
Son zamanlar bütün məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumları ictimai faydalı əməyə cəlb etmək məqsədi ilə yardımçı təsərrüfatlar yaradılmışdır. Hazırda Penitensiar xidmətin yardımçı təsərrüfat sahələrində 255 baş iri buynuzlu, 1146 baş xırda buynuzlu heyvan saxlanılır. 1,3,5,8,9 və 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrində qeydiyyatda olan məhkumlar bilavasitə meyvə-tərəvəz və bostan məhsullarının becərilməsi və yetişdirilməsi, heyvandarlıq və quşçuluq sahəsində çalışırlar. 
Penitensiar müəssisələrdə təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumların da sayı əvvəlki illərlə müqayisədə artmışdır. Hazırda böyük sayda məhkum haqqı ödənilməklə təsərrüfat işlərində çalışırlar. 
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə məhkumların əməyindən istifadə edilməsi qadağan olunan işlərin və vəzifələrin siyahısı müəyyən edilmişdir. 
İctimai faydalı əməyə cəlb olunan məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdirlər. Məhkumların əmək haqqının ödənilməsi qaydası isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Əvvələr mövcud olmuş qanunvericiliyə görə məhkumların aylıq qazanclarının 50 faizi dövlət nəfinə keçirilir, daha sonra isə məcburi ödənişlər tutulur və yalnız yerdə qalan məbləğ məhkumun şəxsi istifadəsi üçün onun hesabına keçirilirdi. 2008-ci ildə cəza - icra qanunvericiliyinə edilmiş mütərəqqi dəyişikliklərdən sonra isə məhkumların şəxsi hesabına bütün tutulmalı məbləğlərdən asılı olmayaraq, onlara hesablanmış əmək haqqının ən azı əlli faizi keçirilməlidir. Eyni zamanda, cəza çəkənlərin qazanclarından yemək və paltara görə tutulmalar aparılmır. Bu tutulmalar yalnız icra vərəqələri üzrə həyata keçirilir.
Cəzaların İcrası Məcəlləsində təsbit olunduğu kimi, məhkəmə hökmü ilə təyin olunmuş rejim növündən asılı olaraq məhkumlara ərzaq məhsulları və ən zəruri mallar əldə etmələri üçün müəyyən məbləğdə pul vəsaiti xərcləməyə icazə verilir. Bu isə nağdsız haqq-hesabla məhkumun şəxsi hesabında olan vəsaiti ilə həyata keçirilir. 
Penitensiar müəssisələrdə istehsalatın inkişaf etdirilməsi işində əməkdaşlıq olunan beynəlxalq təşkilatların, habelə vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edirlər. Cəzaçəkmə müəssisələrində mütəmadi monitoringlər aparan çoxsaylı beynəlxalq qurumların, yerli qeyri-hökümət təşkilatlarının nümayəndələri məhkumların ictimai faydalı əməyə cəlb olunması istiqamətində görülən işləri təqdir etməklə yanaşı, bu işin daha da təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini təqdim edirlər. Eyni zamanda, Penitensiar xidmət tərəfindən bu sahədə mövcud olan beynəlxalq təcrübə də ətraflı öyrənilir.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi.
25.08.2013

Просмотров: 511 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar, əmək | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Сентябрь 2013  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0