AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Сентябрь » 17 » Pentensiar Xidmət məhkumların keçirdiyi aksiya barədə rəsmi məlumat yayıb
03:20
Pentensiar Xidmət məhkumların keçirdiyi aksiya barədə rəsmi məlumat yayıb

Lent.az, 12 Sentyabr 2012 16:43

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhkumun sentyabrın 9-da saxlanma şəraitinə etiraz əlaməti olaraq aksiya keçirmələri haqqında yayılmış məlumatlara münasibət bildirib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru, ədliyyə polkovnik-leytenantı Elçin Cəfərov APA-nın sorğusuna cavab olaraq deyib ki, sentyabrın 9-da 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup məhkum müəssisədəki saxlanma şəraitini bəhanə edərək, əsassız tələblərlə cəzaçəkmə müəssisəsinin işçi heyətinin qanuni tələblərinə tabe olmamağa, müəssisənin iş fəaliyyətini qərəzli surətdə pozmağa cəhd göstəriblər: "Qanunvericiliyin tələblərinə uyğun olaraq hal-hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılsalar da əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış həmin məhkumlar düzülmə meydanında yerə oturaraq, müəssisədə cinayətkar "obşaq” qurumu yaratmaq məqsədilə guya saxlanılma şəraitinin dözülməz olduğuna etiraz edib. Belə bir aksiyanın keçiriləcəyi barədə Penitensiar xidmət rəhbərliyinin əvvəlcədən məlumatı olub. Penitensiar xidmətin Baş idarəsinin, eləcə də Bakı şəhər prokurorluğunun məsul əməkdaşları cəzaçəkmə müəssisəsinə gələrək, məhkumlara irəli sürülmüş tələblərin qeyri-qanuni olduğunu və gətirilən bəhanələrin əsassız olmasını geniş surətdə izah ediblər. Əfsuslar olsun ki, bu izahatlar öz müsbət nəticəsini verməyib. Belə olan halda, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi cənab Mədət Quliyevin göstərişi ilə 14 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar xidmətin xüsusi təyinatlı dəstəsinin kiçik bir qrupu daxil olaraq, 3-4 dəqiqə ərzində məhkumların "Cəzaçəkmə müəssisəsinin Daxili İntizam Qaydaları”na əməl etmələrini təmin edib. Qeyd olunmalıdır ki, rəhbərlik tərəfindən xüsusi təyinatlıların üzvlərindən məhkumlara qarşı xüsusi diqqətlə yanaşılması tələb olunub və bunun da nəticəsində heç bir məhkum xəsarət almayıb. Beləliklə, Ədliyyə nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Cəza İcra Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının və "Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq təhlükəsizlik tədbirləri həyata keçirilib və müəssisənin normal iş ahəngi qısa müddət ərzində bərpa edilib. 



E. Cəfərov deyib ki, baş vermiş hadisə ilə bağlı, Penitensiar xidmətin rəisi tərəfindən xüsusi komissiya təşkil edilib, hal-hazırda araşdırma aparılır: "Qeyd etmək lazımdır ki, Penitensiar xidmətə Ədliyyə nazirliyinin rəhbərliyi tərəfindən cəzaçəkmə müəssisələrində "obşaq” qurumunun yaradılması cəhdlərinə, "qara pulların”, narkotik vasitələrin və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılması ilə bağlı ciddi tapşırıqlar verilib. Bunun nəticəsidir ki, Penitensiar xidmətin əməkdaşlarının apardıqları mübarizə nəticəsində belə faktların qarşısı qətiyyətlə alınmaqdadır. Məhz bu istiqamətdə aparılan tədbirlər müəyyən məhkum qrupları tərəfindən ayrı-ayrı hallarda əks reaksiyaya səbəb olur. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə son dövrlər ərzində Penitensiar xidmət rəhbərliyinin xüsusi diqqət mərkəzində olub. Bu istiqamətdə keçirilən tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim olunur.
 


2012-ci ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 8730 manat pul, 39 litr spirtli içki, 101 mobil telefon, 197,3 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. Cari ilin son ayları ərzində isə 12 belə hadisənin qarşısı alınmış və hər biri barəsində ictimaiyyətə geniş açıqlama verilib. Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi, həmçinin belə əşyaların həmin yerlərdə dövriyyəsi ilə bağlı məsuliyyəti müəyyən edən «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 25.12.2007-ci il tarixli Qanununun tələbləri daim penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərə, habelə onlarla görüşə gələn yaxın qohumları və digər vətəndaşlara, eləcə də cəzaçəkmə müəssisələrinin müxtəlif xidmət sahələrində çalışan əməkdaşlara izah edilib, onlara yol verilə biləcək qanun pozuntularına görə məsuliyyət barədə müfəssəl məlumat verilib. Buna baxmayaraq, ayrı-ayrı vətəndaşlar, cəzaçəkmə müəssisələrinin bəzi əməkdaşları, habelə məhkumlar tərəfindən qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsi, saxlanması və istifadə olunması cəhdləri hələ də mövcuddur.
 


PX əməkdaşı baş vermiş hadisə ilə əlaqədar KİV-də yayılmış məlumatlarda cəzaçəkmə müəssisələrində, eləcə də 14 saylı müəssisədə saxlanma şəraitinin sərt olması barədə səslənən fikirlərə də münasibət bildirib: "Ümumiyyətlə, ölkəmizdə məhkumların saxlanma şəraiti ilə bağlı son illər ərzində bir çox inkişaf etmiş ölkələrin belə həsəd aparacağı dərəcədə qanunvericilikdə humanistləşmə istiqamətində dəyişikliklər edilib. Əvvəllər mövcud olmuş bir çox məhdudiyyətlər qanunvericilikdə edilmiş dəyişikliklərlə aradan qaldırılmış və artıq icra olunmaqdadır. 24 iyun 2008-ci il tarixdə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra məhkumlara və təqsirləndirilən şəxslərə penitensiar müəssisələrin müdiriyyəti tərəfindən barələrində qəbul olunmuş qərarlardan şikayət etmək hüququ verilib.
 


Yeni qanunvericiliyin qüvvəyə minməsi ilə əlaqədar yetkinlik yaşına çatmayan məhkumlar barədə idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbirinin icrası mexanizmi müəyyən edilib. Penitensiar xidmətin Tərbiyə müəssisəsində tərbiyə alan yeniyetmələrlə bağlı İlk belə tədbir 07.09.2012 – ci il tarixdə Ədliyyə Naziri I dərəcəli Dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun göstərişi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilib, Tərbiyə müəssisəsində tərbiyə olunan yeniyetmələr Sitkov Elman Eldar oğlu və Məmmədzadə Amid Rafiq oğlu barələrində həvəsləndirmə tədbiri tətbiq olunaraq, onların 2014-cü ildə keçiriləcək futbol üzrə növbəti Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsrail yığma komandalarının Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmalarına tamaşa etmələri üçün şərait yaradılıb.


Cəzaçəkmə müəssisələrində və İstintaq təcridxanalarında (təsərrüfat və məişət xidməti işi üçün saxlanılan) məhkumlara verilən telefon danışıqlarının sayının və müddətinin artırılması ilə əlaqədar olaraq qarşıya çıxmış məsələlərin həlli məqsədilə texniki problemlər həll edilib. Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə ayda iki dəfə telefonla danışmaq, il ərzində qısa müddətli 6 və uzun müddətli 2 görüş, il ərzində 8 bağlama, sovqat və banderol almaq hüququ təmin edilir.
 

Məhkumların fiziki sağlamlıqlarının təmin olunması məqsədilə bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququ 05.03.2010-cu il tarixdə «Cəzaların icrası məsələsinə» edilmiş əlavələrə əsasən artıq qanunvericilik qaydasında da təsbit olunmuşdur. Eyni zamanda cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman geyimi və alətləri əldə etmək hüququna malikdirlər.
 


Yeni qanunvericiliklə ömürlük məhkumlara televiziya verilişlərinə baxmaq imkanı verilib. Cəza çəkənlərə televiziya kanallarını özləri tərəfindən dəyişdirilməsi imkanı verilməklə gün ərzində teleproqramlara baxışın müddəti 4 saatadək artırılıb, bayram və bazar günləri isə bu müddət 6 saatadək müəyyən edilib.
 

Bütün cəzaçəkmə müəssisələrində, o cümlədən 14 saylı cəzaçəkmə müəssisəsində də məhkumlar qanunvericiliyin verdiyi bu imkanlardan geniş istifadə edirlər. Cəza çəkənlərin saxlanma şəraiti, fiziki və psixoloji durumları ilə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları mütəmadi olaraq maraqlanırlar. ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların nümayəndələri, habelə İnsan Hüquqları Üzrə Azərbaycan Respublikasının Müvəkkili və eləcə də Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri mütəmadi olaraq bütün müəssisələrdə monitorinqlər keçirir, nəticələr barədə kütləvi informasiya vasitələrinə müvafiq məlumatlar verirlər.
 
Cəzaçəkmə müəssisələrindəki məişət şəraitinə gəldikdə isə, bu da daim Penitensiar xidmətin diqqət mərkəzindədir. İctimaiyyətə də məlum olduğu kimi, ölkəmizdə beynəlxalq standartlara uyğun yeni cəzaçəkmə müəssisələri tikilir ki, məişət şəraiti ilə bağlı bütün çatışmazlıqlar həmin müəssisələrin tikintisi zamanı nəzərə alınır.
 


Tikilməkdə olan müəssisələrdə mütəmadi olaraq monitorinqlər keçirilir və bu zaman işlərin layihə-smeta sənədlərinə uyğun aparılmasına, onlara gündəlik nəzarətin təmin olunmasına xüsusi diqqət yetirilir. Hal-hazırda Bakı istintaq təcridxanasının növbəti rejim korpuslarının, qadın cəzaçəkmə və uşaq tərbiyə müəssisələrinin, Şəki, Lənkəran, Gəncə şəhərlərində, Kürdəmir rayonu ərazisində qarışıq rejimli cəzaçəkmə müəssisələrinin və eləcə də Umbakı qəsəbəsi ərazisində yeni həbsxananın tikintisi davam etdirilir.
 


"Baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin dərhal rəsmi açıqlama verməməsinin səbəbi nə ilə bağlıdır” sualına E. Cəfərov belə cavab verib: "Qadağan edilmiş əşyaların aşkar edilməsi məqsədilə Penitensiar xidmətin xüsusi təyinatlı dəstəsinin köməyi ilə cəzaçəkmə müəssisələrində əvvəlcədən əməliyyat aparatlarına daxil olan məxfi məlumatlar əsasında vaxtaşırı olaraq qabaqlayıcı profilaktik məqsədlərlə "darama-təmizləmə” tədbirləri həyata keçirilir. Həmin tədbirlərin ictimaiyyət üçün əhəmiyyəti olmadığından əksər hallarda kütləvi informasiya vasitələrinə tərəfimizdən məlumat verilmir. Belə ki, cəzaçəkmə müəssisələrində aşkar olunmuş qadağan olunan əşyalar, narkotik vasitələr və s. barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən mütəmadi olaraq kütləvi informasiya vasitələrinə məlumatlar verilir, Penitensiar xidmətin digər fəaliyyət sahələri ilə yanaşı bu istiqamətdə görülən işlər barədə də ictimaiyyət dəqiq məlumatlandırılır. Sentyabrın 9-da 720 nəfərədək məhkumun cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində cəmi 30-40 nəfərədək məhkumun iştirak etdiyi qeyd olunan aksiya ilə bağlı təəssüf ki, bəzi kütləvi informasiya vasitələri heç bir reallığa əsaslanmayan fərziyyələrə uyğun olaraq müəssisəyə guya xüsusi qoşun hissələrinin yeridilməsi və cəza çəkənlərlə amansız davranılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayıblar. Bir daha qeyd etmək istərdik ki, Ədliyyə nazirliyinin Penitensiar xidməti tərəfindən Cəza İcra Məcəlləsinin, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq”.

 

lent.az/xeber_101940_14_saylı_cəzaçəkmə_müəssisəsində_nələr_olub_��_RƏSMİ_AÇIQLAMA_

Просмотров: 528 | Добавил: Admin | Теги: Azərbaycan, məhkumlar, etiraz aksiya, Pentensiar Xidmət | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0