AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 5 » Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar...
05:26
Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar...

Bu, dəhşətli bir işgəncə idi!

BAZAR, 29 İYUL 2012 11:09

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu "Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının "Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

Korpusun yataqxanasında iki barakı ayıran balaca foyedə yuxarı qalxan bir dəmir pilləkənin olduğunu yazmışdım. Bu pilləkənin bir ucu burulub yuxarıdakı sağ, o biri ucu isə əks tərəfə dönüb sol tərəfdəki otağa qalxırdı. Sağ tərəfdəki otaq korpus rəisinin otağı idi. "Korpus rəisi” demirlər, əslində, "otryadnik”, yəni, dəstə rəisi deyirlər. Amma hələlik, bu dəstə rəisini bir tərəfə tullayıb sol tərəfdəki otağa qalxaq. Bu, ibadət otağı kimi nəzərdə tutulmuşdu. Üç-dörd nəfər ibadət edən də vardı. Amma otaq yaman gündə idi: tozlu daş döşəmənin üstünə atılmış iri bir karton parçası xalçanı əvəz edirdi. Namaz qılanlar öz canamazlarını bu karton parçasının üstünə atırdılar. Divarlar və tavan da tozlu idi. Burada namaz qılmaq məsləhət deyildi və ilk növbədə bu otağı ibadət üçün yararlı hala gətirmək lazım idi. Bundan ötrü ağır zəhmət də lazım deyildi. Sadəcə, oranı süpürüb təmizləmək, təmiz bir şey tapıb döşəmək lazım idi. Dəstə rəisinə sintetik xalça üçün müraciət etdim, "hətta linoleum da ola bilər”, dedim. Dəstə rəisi isə bunu bir neçə gün süründürdü. Onu gözləməkdən vaz keçib rəis müavininin qəbuluna getdim. Anlayışlı qarşıladı və elə həmin gün otağı döşəyə biləcək ölçüdə sintetik xalça parçası göndərdi.
Ibadət eləyən dustaqları səfərbər etdik. Bura məscid idi və buranı təmizləməyi sanitarlara həvalə etmək olmazdı. Özümüz məşğul olmalı idik. Insafən, könüllülər də tapıldı: "Siz dayanın, - dedilər, - onsuz da namaz qılırsız. Qoyun biz təmizləyək, savabı da bizə çatsın”. Adamlar bircə saatın içində həm otağı təmizlədilər, həm də sintetik xalçanı yudular. Axşama doğru xalça qupquru qurudu və otağı döşədik. Məscidin ikinci baraka açılan pəncərəsinin qarşısında rəfə oxşar bir şey düzəldib oraya da dini ədəbiyyat qoyduq. Kitabxanada belə kitablar vardı. Onlardan bir neçəsini gətirib ora düzdüm və bir neçə həftədən sonra dustaqların özlərinin əldə etdikləri dini kitabları, jurnalları gətirmələri hesabına orada əməlli-başlı qiraət salonu kimi bir sahman yarandı. Bu səliqə-sahmandan sonra namaz qılmağa meyli olanların da sayı artdı. Əvvəlcə Cəlilabadlı Vasif azan verirdi. Amma bir-iki ay sonra əslən Ərdəbildən olan, hamının Hüseyn dediyi adam gəlib çıxdı və çox gözəl səsinin olduğunu görüb azan verməyi ondan xahiş etdim. "Müdiriyyət etiraz edəcək. Bizi narahat edəcəklər”, - dedi. "Qorxma, soruşan olsa, mənim təkid etdiyimi söyləyərsən. Amma etiraz etməzlər. Müdiriyyət də müsəlmandır. Üstəlik, sənin qorxmaq haqqın yoxdur: Şah Ismayıl kimi bir nəhəngin həmyerlisisən...”, - dedim.
Namaza həbsxanada başlayan adamlara münasibət birmənalı olmur. Belələri haqqında qıraqda-bucaqda, bəzən hətta üzlərinə də şübhə ifadə edən sözlər deyirlər. Məsələ burasındadır ki, həbsxana müdiriyyəti namaz qılanlara bir qədər etimad elementləri ilə yanaşır. Onlardan pis hərəkət gözləmir və belələri müdiriyyətin xüsusi diqqətindən kənarda qalırlar. Başqa tərəfdən, həbsxana daim hansısa söz-söhbətin olduğu yerdir. Namaz qılan adam istər-istəməz bu söhbətlərdən kənarda durur, amorf da olsa, fərqli icmanın üzvü olur. Bu iki göstərici bəzilərini namaza təhrik edir. Açığı, bu səbəblərə görə namaza üz tutanlara o qədər də pis baxmaq olmaz. Və ümumiyyətlə pis baxmaq olmaz! Adam nə vaxt namaza başlayırsa-başlasın, bu, bir iman məsələsidir. Yalandan heç kim və heç nə adamı günün eyni ahəngli rituallarına məcbur edə bilməz! Amma bir qrup adamlar da var ki, hansısa xoşagəlməz olayın izini ört-basdır etmək üçün özünü məscidə atır və müvəqqəti olaraq namaza başlayır. Anlaşılmazlıq aradan qalxandan sonra isə namazla da vidalaşır. Bütün hallarda adamın nə üçün ibadətə başladığını soruşmurlar. Belə bir sual onu səsləndirən adam üçün baha başa gələ bilər...
Hə, ibadət otağının sahmana salınması dini ədəbiyyata üz tutanların da sayını artırdı. Ibadət saatlarından kənarda isə orada həmişə, ən azı, bir neçə nəfər olardı, oturub kitab oxuyardılar. Amma bu, sonralar idi. Ilk vaxtlar bu otaqda xoşagəlməz hadisələr də qeydə alınırdı. Rejim çox sərt idi. Səhər saat 7-dən axşam saat 10-a qədər adamların dincəlməyi, istirahəti, hətta vaxt keçirməsi üçün heç bir şərait yox idi. Yayın istisi dustaqları gic eləyirdi. Divarları, döşəməsi, tavanı da beton olan barakda cəhənnəm istisi vardı. Heç bir daldalanacaq yeri olmayan həyət də eyni cür isti idi. Bütün gün ərzində qızmar günəş həyəti vururdu. Həyətin baş tərəfində, hamamın və mətbəxin olduğu sırada, ikinci mərtəbədə dustaqların özlərinin hazırladığı yeməyi yemək üçün bir zal vardı. Bu zalda da oturmaq mümkün deyildi. Yalnız axşamlar, saat 9-dan sonra adamlar həyətdə var-gəl edə bilir, amma cəmi bir saat sonra "Yat!” komandası verildiyindən istidən qovrulma prosesi bu dəfə də barakda davam edirdi. Bu cəhənnəm adamları yorurdu, əldən salırdı. Gün ərzində baraka girib orada çarpayılarda uzanmaq, hətta dirsəklənmək belə ağır cəzalandırılırdı. Belə adamları aparıb saatlarla Idarənin qabağındakı açıq meydançada günün altında saxlayırdılar. Çox vaxt, hətta başlarını qırxıb günün altına qoyurdular. Bu, dəhşətli bir işgəncə idi. Bu əzaba dözməyən bəziləri ibadət otağına girib orada yatır, mürgüləyirdilər. Bu qələbəlikdən istifadə edən bəziləri oranı, hətta siqaret çəkilən yerə də çevirirdilər. Mən bir-iki dəfə bu cür adamlara qarşı deyinmişdim, hirslənmişdim. Amma nə xeyri var? Adamlar onları yaxalayan bu cəhənnəm əzabını yüngülləşdirmək üçün cəhdlər göstərirdilər. Bu cəhənnəmi hansısa formada islah etmək lazım idi. Burada həyat bir qədər yüngülləşməli, insan həyatına bənzəməli idi. 
Baraka keçib uzandım. Gündüzlər yatmaqdan zəhləm gedir. Buna görə də kitab götürüb uzandığım yerdə oxumağa başladım. Bir az sonra barakın o biri başından, qapının yanından "atas!” siqnalı verdi: yəni, "nadzor” gəlir. Vecimə də almadım. Nəzarətçi yaxınlaşdı. Çarpayıda uzanan adamın şəxsiyyətini təsbit edib getdi. Bir azdan faciə baş verməli idi. Adətən, belə hallarda nəzarətçi dustağı dərhal özü ilə götürüb Idarəyə aparır. Amma mənim halımda belə bir tələb olmadı. Görünür, onu rədd edə biləcəyimi anlamışdı. Bir az sonra korpusun qapısından məni Idarəyə çağırdılar. Orada rejim rəisi mənimlə məşğul olmalı idi. Amma izahat verdim ki, belə həyat olmaz: "Insanlarla bu şəkildə davranmayın. Bu insanların arasında həqiqətən xəstə olanları var, ən azı onlarla maraqlanın...”

ardı var

http://azadliq.info/index.php?view=article&catid=311%3Ason-xbrlr&id=19555%3Abu-dhtli-bir-ignc-idi&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=551

 

Просмотров: 936 | Добавил: Admin | Теги: Azərbaycan, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0