AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2016 » Февраль » 7 » Əvəz Zeynallı: “Kamerada kiminsə 15 dəqiqəyə özünü asması mümkün deyil”
08:03
Əvəz Zeynallı: “Kamerada kiminsə 15 dəqiqəyə özünü asması mümkün deyil”

YAYIM TARİXİ: 25 Dekabr 2015 08:00

İl yarım Bakı İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallı MTN polkovnikinin intiharını şübhə altına alan sensasion faktları ortaya qoydu
Bakı İstintaq Təcridxanasından (BİT) 2 gün fərqlə 2 dustaq - ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin və onun kamera yoldaşı olması deyilən Manaf Məmməd oğlu Paşayevin meyitləri çıxdı.

Rəsmi məlumatlara görə, hər iki dustaq intihar edib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bu ehtimallar və İlqar Əliyevin ölümü ətrafında cərəyan edən olaylarla bağlı söhbətləşdik.  2011-ci ildə həbs olunaraq 1 il 6 ay Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktor deyir ki, BİT-in hər korpusunda nəzarət kameraları var və hətta təqsirləndirilən şəxs kameradan çıxarıb harasa aparılanda belə onun kimləsə salamlaşması böyük səs-küyə səbəb olur:

“BİT-də əvvəllər nəzarətçilər 8 saatlıq iş rejimində çalışırdılar. Sonradan isə 24 saatlıq iş rejiminə keçirdilər. Onlar 450 manat əmək haqqı alırlar və dustaqlardan 1-2 manat almaq məcburiyyətindədirlər. Orada bu gün durum belədir. Nəzarət sistemi son dərəcə bərbaddır. Mən İlqar Əliyevin ölümündən sonra Penitensiar Xidmətin məsələ ilə bağlı rəsmi məlumatı ilə tanış oldum. Sosial şəbəkədə yazdım ki, həmin rəsmi məlumatı hazırlayanlar  BİT-dəki kameraların içindəki şəraitdən xəbərsizdir. Və ya nəzərə almayıblar ki, orada olmuş şəxslər də var və onlar da həqiqəti deyə, onların yalanlarını üzə çıxara bilərlər. BİT-də və oradakı kameranın içində kiminsə 15 dəqiqənin içində özünü asması mümkün deyil! Bu birmənalı belədir.

Çünki pəncərə o hündürlükdə deyil. Orada özünü asmağa nə şərait, nə imkan var.

- Rəsmi məlumatdan belə qənaət formalaşır ki, oradakı kameraların pəncərələri hündürdə yerləşir. İlqar Əliyev də mələfəni pəncərəyə bağlamaqla özünü asıb...

- İlqar Əliyevin boyu 1 metr 40 santimetr olsaydı belə onun həmin pəncərədən özünü asması mümkün olmazdı. Çünki ayaqları yerə dəyərdi. Onun isə boyu yəqin ki, daha hündür olub. 1 metr 70-80 olub. Əgər İlqar Əliyev oturub özünü asmaq istəsəydi belə yenə də bu mümkün olmayacaqdı. Çünki bu halda da pəncərənin hündürlüyü o səviyyədə deyil ki, İlqar Əliyev asılmış vəziyyətdə ölənə qədər dayana bilsin. Ölməyə də şərait lazımdır axı. BİT-dəki kamerada intihar mümkün deyil. Həmin məlumatı oxudum. Onu sonradan uydurublar ki, guya İlqar Əliyev intihar edib. Amma nəzərə almayıblar ki, oradakı kameralarda belə bir şərait yoxdur.

- Tutaq ki, şərait rəsmi məlumatda yazıldığı kimi olub. Bəs nəzarətçilərin müdaxiləsi niyə olmayıb? Onun kamera yoldaşının 15 dəqiqə deyil, kameraya daha tez qayıtma ehtimalı da olub axı?

- Telefonla ən çox danışmaq müddəti 15 dəqiqədir. Dustaq telefonla danışıq üçün həmin otağa 30-40 saniyəyə gedib çata və həmin müddətə də geri qayıda bilir. İlqar Əliyev 15 dəqiqədə özünü asa bilməz. İnanmıram ki, nəzarətçilər də onu diqqətdən kənar qoyardılar. Fikir verin, rəsmi məlumatda nəzarətçilərin səhlənkarlığı haqda nəsə yoxdur! İlqar Əliyev gözdən yayınıbsa, burada nəzarətçi səhlənkarlığı ortadadır. Bəs digər məhkum necə oldu gözdən yayındı?  Nəzarətçilər harada olublar?

- İlqar Əliyevin bu şəkildə ölümünü onun psixoloji durumu ilə əlaqələndirənlər oldu. Deyirdilər ki, daim komfort içində yaşamış sabiq idarə rəisi bir günün içində həbsə alınmasına və BİT kamerasına salınmasına dözə bilməyib, həyatla vidalaşmaq qərarını verib... 
 
- İlqar Əliyev ictimai-siyasi sektorda tanınan çox önəmli bir adamdır. Təbii ki, bunu təcridxana rəhbərliyi bilməmiş deyildi. O tip adamları adətən tək saxlayırlar. Məni ilyarımdan çox 4 nəfərlik kamerada tək qalmışam. Kameraya adam qəbul etməmişəm. Demək istəyirəm ki, qanunun dustaq üçün saxladığı imkanlar var. Onun komfort həyatdan sonra BİT-dəki kamerada dözüm limitinin tükəndiyi haqda fikirlər boş şeydir. İnsan zülmə tabedir. Mən orada yüzlərlə insan görmüşəm ki, vəzifədə, hər gün eyş-işrət içində olublar, hər gün komfort içində olandan sonra gəlib ora düşüblər. Hərəsinə də 10-15 il verdilər. Mən təcridxanada da, “zon”da da belə adamlar görmüşəm. Yəni insan bu gün yaxşı, sabah pis yaşayıb deyə intihar edib kimi bir şey yoxdur.

- İlqar Əliyevin ölümü kəskin devalvasiya baş verən tarixə təsadüf etdi. Çox maraqlı təsadüf oldu. Sanki onun ölümü gündəmi zəbt etmiş devalvasiya məsələsinin kölgəsində qaldı...

- Həqiqətən də çox maraqlı təsadüfdür. Ümumiyyətlə, təsadüfdürmü? Önəmli məqamlardan biri də İlqar Əliyevin ölümünün detalları ilə bağlıdır. Ortada rəsmi məlumatdan başqa demək olar ki, heç nə yoxdur. İlqar Əliyev həqiqətən ölübmü? Onun dəfni ilə bağlı 2 xəbər çıxdı - birinci xəbərdə deyilirdi ki, İlqar Əliyevin meyiti Göyçay rayonuna, doğulduğu kəndə aparılıb, orada dəfn ediləcək. Bir xəbər də çıxdı ki, artıq onu Bakıdakı “Qurd qapı”sı qəbiristanlığında dəfn ediblər. Bu məsələlər də araşdırılmalıdır.

- Digər təqsirləndirilən şəxs Manaf Paşayevin ölümünə qayıdaq. 2 gün fərqlə eyni təcridxanada 2 intiharın olması, sizcə, təsadüfdür?

- Məsələ çox ciddidir. “İçəri”də qayda belədir ki, əgər bir dustağı öldürüblərsə və ya buna mənim dustaq olaraq hər hansı bir şübhəm varsa, aləmi bir-birinə qatıram. Mümkündür ki, bizim təxmin etdiyimiz versiyaları həmin Manaf Paşayev bilib və çox önəmli şahid kimi aradan götürülüb. Rəsmi məlumatdan da aydın olurdu ki, bu çox naşı şəkildə hazırlanan bir iş olub. Kameranın içindəki vəziyyəti bilmədən belə açıqlama yazıb yayıblar. Belə görünür ki, həmin dustaq real vəziyyəti bildiyinə görə onu aradan götürüblər.

-Manaf Paşayev haqda olan məlumatlara görə, bu şəxs 8 dəfə həbsdə olub. Onu 9-cu dəfə bu ilin yayında tutublar və BİT-ə göndəriblər. Deyək ki, İlqar Əliyevin psixoloji durumu tab gətirməyib və rəsmi məlumatda yazılan qaydada özünü asıb. Bəs türmə az qala evi olan dustaq özünü niyə assın?

- BİT-də vəziyyət elədir ki, orada dustaqlar, nəzarətçilər bir-birini tanımırlar. Yəni İlqar Əliyev özü haqda məlumat verməsə, onunla birgə kamerada saxlanılan şəxs kimliyi haqda məlumatsız ola bilər. Həmçinin oradakı nəzarətçilər də. Çünki nəzarətçilər elə cahil, elə məlumatsız şəxslərdir ki... Orada mətbuatdan, cəmiyyətdən uzaq nəzarətçilər var. Bütün ölkənin tanıdığı adamları belə oradakı nəzarətçilər tanımır. Heyrətamizdir, amma orada belədir. Ola bilər ki, İlqar Əliyevin yanında saxlanan dustaq gəlib görüb ki, onun kamera yoldaşı ölüb və qışqır-bağır salıb. Deyib ki, onun kamera yoldaşını öldürüblər. Bu mümkün məsələdir və bunu etdiyinə görə də onu aradan götürüblər. Bəlkə həmin binəva ölmüş şəxsin kimliyini bilmədən qışqır-bağır salıb. Bilsəydi ki, İlqar Əliyev kimdir, mümkündür ki, susardı. 9-cu dəfə həbs olunursa, deməli, köhnə dustaqdır və ömründə yalan danışmaz. Yəni o çıxıb düzünü deyəcəkdi - “bəs filan vaxt kamerada İlqar Əliyevi asıblar” deyəcəkdi. Burada sirri gizlətmə, qapatma cəhdi var və işin rəngini dəyişmə cəhdi ortadadır.

- Rəsmi məlumata inansaq, BİT-də 2 gün fərqlə 2 dustaq özünü asıb. Bu halda orada saxlanan MTN generalları Akif Çovdarov, Sübahir Qurbanov və digərlərinin həyatlarının təhlükədə olduğunu söyləmək olarmı?

- Bir təcridxanadan 2 gün fərqlə 2 ölü çıxırsa, deməli, orada başqa olayların baş verə biləcəyini gözləmək olar.

E.MƏMMƏDƏLİYEV

http://musavat.com/news/olke/kamerada-kiminse-15-deqiqeye-ozunu-asmasi-mumkun-deyil_314239.html

Просмотров: 44 | Добавил: Admin | Теги: Bakı İstintaq Təcridxanası, Azərbaycan, intiharlar, ölümlər, məhbuslar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Февраль 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
29

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 62

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0