AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Форма входа

Главная » 2012 » Август » 21 » “Zon”da tapılan kiçik qardaş
07:09
“Zon”da tapılan kiçik qardaş
CÜMƏ, 10 AUGUST 2012 10:42
QƏNIMƏT ZAHID 

Çap olunmayan "Ölüm korpusu” kitabından parçalar...

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu "Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının "Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...

Əvvəli ötən saylarımızda

"Zon”a ikilikdə keçdik - Rəsul və mən. Elə bir-iki günün içərisində də hamı bildi ki, biz "xlebnik” qrupuyuq, təsərrüfatımız birdir. Amma korpusda daha bir nəfər diqqətimi cəlb etdi. Bu, Cəlilabaddan Vasif adlı, namaz əhli olan oğlan idi. O, bir qrup adamla bir yerdə idi və bu adamların davranışları nəyə görəsə, mənim xoşuma gəlmirdi. Aydındır ki, burada hamı cinayətkar idi və kimisə əlahiddə nümunəvi və kübar davranış göstərməməkdə ittiham etmək olmazdı. Amma Vasifin "xlebnik”ləri, nəsə, tamam fərqli idilər və mən qərara gəldim ki, onu həmin qrupdan qoparım. Korpusdakı ikinci, ya üçüncü günümdə namaz otağında onunla bir az söhbətləşmişdim və düşüncə tərzinin xoşagələn olduğunu hesablamışdım. Istiqanlı uşaq idi. Bir-iki gün sonra onu yeməyə dəvət etdim. Bir yerdə yemək yedik. Sonra daha bir dəfə... və beləliklə, üç-dörd gün sonra "sən bizimlə otur” dedim. O da qəbul etdi. Qab-qaşığını da götürüb mətbəxdə bizim rəfə qoydu. Köhnə "xlebnik”lərilə özü bildiyi şəkildə halallaşdı. Üç nəfər olduq.
10-15 gün sonra gələn "etap”da bir şamaxılının olduğunu dedilər. Uşaqlar onu yanıma gətirdi. Vüqar adlı cavan uşaq idi. 24-25 yaşı olardı. Sir-sifətindən mağmınlıq yağırdı, amma danışığı yekəxana idi. "Bir problemin olarsa, xəbər elə”, - tapşırdım. Maddəsi də normal, adam maddəsi deyildi. Hər halda, azyaşlını cinsi əlaqəyə təhrik etmə kimi bir şey idi. Bir-iki gün ərzində hamıya bəlli oldu ki, bu bədbəxti şərləyiblər. Zatən, təhər-töhürü də belə bir maddənin altına düşəcək qədər hərəkətin sahibi olmadığını sübut edirdi. Kimsədə şübhə qalmadı. Buna görə də ona bizimlə bir yerdə oturmağı təklif elədim. Vüqar dəhşətli dərəcədə zərərsiz yalançı idi. Özünün idmançı olduğunu, hansısa mühafizə idarəsində işlədiyini, Şamaxının, az qala, tən yarısına sahiblik etdiyi təsəvvürünü yaratmaq üçün dəridən-qabıqdan çıxırdı. Bütün yalanları bir qırağa, ona mühafizə idarəsi ilə bağlı yalanı yadından çıxarmağı əmr etdim: "Sən dustaqların arasında özünün, haradasa, polis olduğunu söyləməklə, həm də bunu yalandan söyləməklə hansı cəzaları qazanmaq istəyirsən, bədbəxt oğlu?! Başını aşağı sal, ”srok"unu cək!"
Onun iki il, ya da iki il yarım cəzası vardı.
Bir həftə sonrakı "etap”la daha bir şamaxılı gəldi. Onun yanına getdim. Əslində, bu şamaxılı, göyçaylı, ağstafalı... kimi söhbətlər məni cəlb eləmirdi, amma "zon zon”du, burada gələnin qabağına çıxmalısan; yerlindisə, bunu sən etməlisən. Etməsən, qəribə (yəni, pis) baxarlar.
Ziya Göylərdən idi. Orta boylu, idmançı bədənli, sarışın gənc idi. Elə onun da 24-25 yaşı olardı, amma sir-sifətindən görünürdü ki, "cinboğan”dır, diribaşdır, həm də yerini biləndir. Ona bir-iki manat pul verdim: "Siqaret al! Başqa nəsə istəsən, məni tap!” - dedim. Dərhal yanıma götürmədim. Bir-iki gün müşahidə etməkçün gözlədim. Amma Ziya qızıl kimi adam çıxdı. 3-4 gün sonra Vüqara dedim ki, onu dəvət elə, bizimlə otursun. Olduq beş nəfər. Bu, artıq, hətta bir qədər böyük sayılacaq dustaq "ailə”si idi. Amma ailə bu ölçüdə qalmadı. Ziyanı qəbul etdiyimizdən iki gün sonra Vüqar "qiyam” qaldırdı. "Mən sizinlə oturmuram”, - dedi. Mənə də üzrxahlıq etdi: "Vallah, sənə görə deyil!”. Təkid etmədim, adama xoş gəlmirsə, gəlmir. Həm də burada istintaq aparası deyildim ki, kimdən xoşu gəlir, kimdən gəlmir. Üstəlik, hansısa araşdırmanın aparılmasına kimsə təkid etmirdi. Amma günlər keçdikcə "ailə”də hansısa münaqişənin olduğu, davam etdiyi diqqətimdən yayınmırdı. Bu, Rəsulla Vasifin arasında olan anlaşılmazlıq idi. Açığı, bu gərginlikdən heç xoşum gəlmirdi. Yemək yeyəndə də adam bir xoş əhval-ruhiyyə ilə yeməlidir ki, "zon” yeməyinə oxşasın. "Axşam bunları bir yerə yığıb söhbət eləyim, belə olmaz”, - deyə qərar verdim. Amma axşam yoxlamasında Rəsulun adını çəkdilər. "Hazırlaş, sabah ”etap" gedirsən", - dedilər:
- Hara?
- Sabirabadda hansısa yeni cinayət işi açılıb, Rəsulun orada adı keçir, buna görə də Bayıla gedəcək.
Aha! Allah onun işini avand eləsin, həm də mənim canım bir lazımsız söhbətdən qurtardı...
Səhər tezdən Rəsul getdi. Amma gedəndən yarım saat-filan sonra "taçka” daşıyan məni çağırdı, bir kauçuk vedrə şor, bir zənbil kartof-soğan verdi: "Rəsul ”etap" getməmişdən əvvəl görüşə çıxdı, bunları da sənə verməyimi tapşırdı... Siqaret verəcəksən?"
Mən şor vedrəsinə və "taçka” daşıyanın sifətinə baxıb üzümü turşutdum: "Bir vedrə şora bir qutu siqaret düşmür. Sabah özüm görüşə çıxacam, sənin adına layiq siqaret də verərəm”.
"Taçkavoz” qiyabi də olsa, sevindi. Mənim "Kent” çəkdiyimi bildiyi üçün damağını sabahkı siqaret üstündə kökləyib geriyə fırlandı.
Amma bu "xlebnik” çaxnaşmalarından mühüm bir uduşum oldu - Ziya! Onu balaca qardaşım qədər çox sevdim. Əlbəttə, mənim balaca qardaşım olmadığından və böyük qardaşlarımın da yanında çox qalmadığımdan, balaca qardaşa münasibətin təfərrüatları barədə məlumatsızam. Amma instinktiv olaraq dərk edirdim ki, Ziya mənimçün çox əziz adama çevrilir, aramızdakı pərdə də təbii yolla müəyyənləşirdi. Mən ona böyük qardaş idim, - xüsusi narahatlıqlar yaratmayan böyük qardaş və Ziya da çalışırdı ki, mənə "xüsusi narahatlıq yaratmayan” kiçik qardaş olsun. Ən qısa müddətdə bütün "zon” əhli də bizi belə qəbul etdi: "Onlar çox yaxın qohumdurlar, qardaş kimidirlər”.
Əlbəttə, deyə bilmərəm ki, Ziyaya münasibət mənə görə yaxşı idi. O öz davranışlarını tənzimləməyən və özünə görə hörmət qazanan oğlan idi. "Zon”da olduğum müddətdə "özünü tanıyan” uşaqların heç birindən ona qarşı xüsusi bir narazılığın baş verdiyini, kiməsə qarşı kobud və saymazyana hərəkət etdiyini eşitmədim. Çox sakit, ətrafı özünə hörmət etməyə məcbur edən davranışı vardı. Öz yaşıdlarından bəzilərilə zərif zarafatları olurdu, hərçənd, bu zarafatları həmişə "zərif” adlandırmaq olmazdı. Məsələn, hansısa dustağı onun yanına gətirib xahiş edirdilər ki, "bunun başını sıx”. O da səssiz gülüşlə reaksiya verər və adamdan soruşardı: "Narazılığın yoxdu ki?” Etiraz yoxdursa, dəmir kimi barmaqlarını bir-birinə keçirib özünü təcrübəyə təqdim edənin qafasının ətrafına sarıyardı. Bağırtı yüksəlməmiş buraxmazdı. Ya da dəmir barmaqlarını adamın boynuna keçirib yerə çökənə qədər buraxmazdı. Amma dava etməzdi. Bu cür adamların dalaşmağı həbsxanada yaxşı qarşılanmazdı deyə, davadan qaçırdı. Yəni, fiziki gücü vardı və onu başqalarına qarşı tətbiq etməyi xoşlamayan adam kimi davranardı. Hərdən kiminsə üstünə hirslənəndə, "olmayaydı ”zon", səni qol-bud eləyib sürüyəydim, ağlın gələrdi başına", deyərdi. Qarşısındakı adam da bilirdi ki, Ziyanın buna imkanı çatır. Bəlkə, elə buna görə də həmin "kimsə” özünü "zon”dan kənarda təsəvvür edib Ziya ilə barışardı.
Onun bir dəfə möhkəm hirsləndiyini gördüm...

ardı var

Просмотров: 549 | Добавил: Admin | Теги: Azərbaycan, məhbuslar, həbsxanalar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Календарь

«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0