Müəssisəyə xüsusi təyinatlılar və texnika cəlb edilib
"Bir qrup məhkum xüsusi imtiyaz tələb edir"
*7/6/2013 [19:08]*
16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhbusun saxlanma
şəraitlərinin yaxşılaşdırılması tələbilə qiyam qaldırması və müəssisəyə
Penitensiar Xidmətin xüsusi təyinatlı qüvvələri və xüsusi texnikasının
cəlb edilməsi ilə bağlı xəbərlərə Penitensiar Xidmət tərəfindən
aydınlıq gətirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Mehman Sadıqov "Bizim Yol"a açıqlamasında faktı təsdiqləyib. O,
bildirib ki, müəssisədə cəza çəkən və kriminal alımə meylli bir qrup
məhkum özlərinə qarşı xüsusi imtiyazlı şərait tələb edərək,
nizam-intizam qaydalarını pozublar. "Bu imtiyazlar qanunverciliyə zidd
olduğunu müəssisə əməkdaşları həmin məhkumlara izah ediblər və onları
nizam-intizam qaydalarına tabe olmağa çağırıblar. Bu çağırışlara əməl
etməyən üç məhkum cərimə təcridxanasına salınıb”.
Mehman Sadıqov Penitensiar Xidmətin xüsusi təyinatlı dəstəsi və
texnikası da müəssisənin ətrafına yerləşdirilməsi faktına da aydınlıq
gətirib:
"Profilaktik tədbir olaraq 16 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar
xidmətin xüsusi təyinatlı qüvvələri və xüsusi texnika cəlb olunsa da,
onların müdaxiləsinə ehtiyac qalmayıb".
Qeyd edək ki, Aznews.az saytının məlumatına görə, həbsxanada baş verən
qalmaqala səbəb iki məhkumun özünü doğraması olub. Hadisə belə cərəyan
edib: İki məhbus həbsxanada telefon danışıqlarına nəzarət edən şəxsi
vurub. Bunun ardınca isə həbsxana işçiləri yığışaraq həmin məhkumları
çox möhkəm formada döyüblər. Həbsxana əməkdaşları tərəfindən möhkəm
döyülən məhkumlar isə özlərini doğrayıblar.
Hadisələr də məhz bundan sonra başlayıb. Həbsxanada cəza çəkən digər
məhkumlar döyülən və özlərini doğrayan məhbus yoldaşlarının müdafiəsinə
qalxıblar və "kolon”da rəhbərliyə qarşı üsyana qalxıblar.
Baş verən hadisə ilə əlaqədar həbsxananın girişi bağlanıb və kənar
şəxslərin yaxınlaşması qadağan edilib. Həbsxanadakı vəziyyətdən xəbər
tutan məhbus yaxınları da 16 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına
toplaşıblar.