Rəsmilər təkzib edir və hər şeyin nəzarət altında olduğunu deyir
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə
Müəssisəsində (CÇM) rejimə nəzarəti itirib. Bu barədə "Bizim yol”
qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, Penitensiar Xidmət bu
CÇM-ə daxili qoşun qüvvələrinin yeridilməsini planlaşdırır. 2
saylı CÇM-də belə bir vəziyyət rəis dəyişikliyindən sonra
başlayıb.
Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17 saylı CÇM-in
sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəisin təyinatından
sonra "zon”da əvvəlcə sərt qaydalar tətbiq edilib. Bundan sonra
Eyvaz Əsgərov 2 saylı CÇM-də "oğru vəziyyəti”nin yaradılması üçün
bir qrup dustaqla danışıqlara başlayıb, "vəziyyət”in qurulması
üçün aylıq "haqq” təyin edilib. Amma "vəziyyət” qurulandan az
sonra dustaqlar arasında narazılıq artmağa başlayıb. Bu yaxınlarda
isə dustaqlar arasında "zon”da hökm sürən "oğru vəziyyəti”nə
etimadsızlıq dalğası baş qadırıb. Adətən, dustaqlar cəza
çəkdikləri "zon”da "oğru vəziyyəti”nin olmasını arzulasalar da, bu
dəfə situasiya fərqli alınıb. Böyük bir qrup dustağın fikrincə,
hazırda "zon”da mövcud olan vəziyyət heç də "oğru vəziyyəti” deyil
və bu, daha çox "poqon”ların nəzarətində olan bir "vəziyyət”dir.
Elə buna görə də bir qrup dustaq qanuni oğrulara 2 saylı CÇM-də
baş verənlərlə bağlı "kurs qoyublar” (yəni onları
məlumatlandırıblar). Bu günlərdə isə qanuni oğruların "zon”da
yaranmış durumla bağlı "proqon”u CÇM-ə daxil olub ("proqon” qanuni
oğruların hər hansı mövzuda qəbul etdikləri qərardır). "Proqon”da
bildirilir hazırda 2 saylı "zon”da mövcud olan "vəziyyət”in oğru
aləminə heç bir dəxli yoxdur.
Bundan sonra "zon”da durum daha da gərginləşib. Dustaqlar hazırda
mövcud olan "vəziyyət”in təsisatlarına başçılıq edən dustaqları
tanımaqdan imtina edirlər, "vəzifəlilər” isə "vəziyyət”i təhvil
vermək istəmirlər. Mənbə bildirir ki, belə situasiyalarda qiyam
ehtimalı artır. Ədliyyə personalı qiyamı önləmək üçün dustaqlarla
ifrat dərəcədə ehtiyatla davranırlar, rejim qaydalarına qayıdış
böyk riskə çevrilir və bu üzdən daxili qoşun qüvvələrinin "zon”a
yeridilməsi zərurəti yaranır.
Hər hansı "zon”a daxili qoşunların yeridilməsi proseduruna
gəlincə, bu, aşağıdakı kimi baş verir: Penitensiar xidmət daxili
qoşunların rəhbərliyinə müraciət edir, "zon”da fəallığı ilə
seçilən 50-60 dustağın siyahısı daxili qoşun qüvvələrinə təqdim
edilir. Bundan sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç
kimin gözləmədiyi anda daxili qoşunlar "zon”a daxil olur. Bu andan
etibarən həmin "zon”da idarəçilik tam olaraq daxili qoşunların
əlinə keçir. Bu reyd bir və ya bir neçə gün davam edə bilər.
"Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı Cəzaçəkmə
Müəssisəsində vəziyyət stabildir”. Bunu APA-ya açıqlamasında
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman
Sadıqov deyib.
M.Sadıqov 2 saylı cəzaçəkmə müəssisəsində narahatlıq yaranması
barədə yayılan məlumatların əsassız olduğunu bildirib: "Əvvəla
deyim ki, Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan
qurumdur. Penitensiar xidmətin özünün Mühafizə Alayı və müasir
texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı
Bölüyü var. Əgər hansısa müəssisədə məhkumun və yaxud əməkdaşın
həyat və sağlamlığı üçün təhlükəli şərait yaranarsa, onların
köməyindən istifadə oluna bilər. Cəzaçəkmə müəssisələrinə Daxili
Qoşunların hansısa bir qüvvəsinin yeridilməsi absurd bir fikirdir.
Əlbəttə, vaxtaşırı cinayətkar aləmin ideyalarına meyl göstərən
şəxslər bu və ya digər formada cəzaçəkmə müəssisələrinin və
istintaq təcridxanalarının fəaliyyətinə, məhkumların davranışına
müəyyən təsir etmək cəhdləri edirlər. Lakin həm Penitensiar
xidmətin, həm də tabe qurumların əməliyyat aparatları tərəfindən
bu cəhdlərin qarşısı qətiyyətlə alınır və bütün lazımi profilaktik
tədbirlər həyata keçirilir”.