Təkcə ötən il Işgəncələr Əleyhinə Komitəyə zorakılıq
nəticəsində 9 ölüm faktıyla bağlı şikayət daxil olub
Ötən il Işgəncələr Əleyhinə Komitəyə 136 nəfər şikayət edib
ki, bunlardan da 9-u ölüm halıyla bağlı olub. Bu barədə
"Azadlıq”a məlumat verən komitənin sədri Elçin Behbudov bildirib
ki, müraciətlər arasında polis, prokurorluq orqanları, cəzaçəkmə
müəssisələri və hərbi hissələrdən şikayətlər üstünlük təşkil
edir. Bununla belə, son iki ildə Nəqliyyat Departamentinin
işçilərinin zorakılığıyla bağlı şikayətlərin sayı da əhəmiyyətli
dərəcədə artıb.
Yeri gəlmişkən, bugünlərdə Işgəncələr Əleyhinə Komitənin
yaranmasının 10 ili tamam oldu. Elçin Behbudov deyir ki,
rəhbərlik etdiyi təşkilata bu müddətdə müraciət edənlərin sayı
ilbəil artıb: "Azərbaycan işgəncələrə qarşı beynəlxalq
konvensiyalara qoşulandan sonra BMT-nin Işgəncələr Əleyhinə
Komitəsinin Azərbaycan üzrə məruzəçisi mənə bildirdi ki, uzun
illər güc strukturlarında çalışmısan, qurumların "mətbəxini”
yaxşı bilirsən, özün də işgəncə qurbanı olmusan, gəl, belə bir
təşkilat yarat. Hüquq müdafiəçisi Eldar Zeynalovun da belə bir
məsləhəti oldu və beləliklə, komitəni yaratmaq qərarına gəldik.
Işgəncə dövlət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən
vətəndaşa qarşı fiziki və ya mənəvi zorakılıqdır. Ötən 10 ildə
dəyənəklə döyməkdən tutmuş, elektrikə verməyə, mənəviyyatın
alçaldılmasına qədər ən müxtəlif işgəncələrlə bağlı minlərlə
şikayətlər almışıq. Polisdə işgəncəyə məruz qalanlardan əsasən,
ya başqasının əleyhinə, ya da etirafedici ifadə vermək tələb
olunur. Hərbi hissələrdə yuxarı rütbəli zabitlərin hərbçiləri
döyməsindən, alçaltmasından, həmçinin cəzaçəkmə müəssisələrində
nəzarətçilərin zorakılığından şikayətlər günü bu gün də kifayət
qədər çoxdur".
Hüquq müdafiəçisinin sözlərinə görə, komitəyə daxil olan
şikayətlərlə bağlı dərhal araşdırma başlanır, müvafiq dövlət
qurumlarına sorğular göndərilir. Demək olar ki, bütün hallarda
dövlət orqanları məktublara işgəncə faktının guya, təsdiqini
tapmaması haqda standart cavab verirlər. Buna baxmayaraq,
səlahiyyətlilər bildirir ki, işgəncəyə dair şikayətlərdə adları
hallananlar cəzasız qalmır: "Şəxsən Ramil Usubov mənə deyib ki,
məktuba verilən cavabdan asılı olmayaraq, ərizədə adları
hallanan şəxslərlə bağlı lazımi tədbir görülür”.
Yeri gəlmişkən, Elçin Behbudov bir müddət əvvələ qədər
cəzaçəkmə müəssisələrində də monitorinqlər həyata keçirirdi.
Lakin ona sonradan qadağa qoyuldu. Hətta cəzaçəkmə
müəssisələrinə baxış keçirən Penitensiar Xidmətə Ictimai Nəzarət
Şurasında da ona yer verilmədi. Elçin Behbudov deyir ki, bu
qadağa cəzaçəkmə müəssisələrində gördüyü neqativ halları
ictimaiyyətə açıqlamasından sonra qoyulub: "Şura yarananda onun
ilk üzvlərindən biri mən olmuşam. Təəssüf ki, bəzi dövlət
məmurları tənqidə dözümsüz olur. Mən bildirmişdim ki,
monitorinqdən əvvəl müəssisə rəhbərliyinə bu haqda məlumat
verilməməlidir, yəni, qəfil olmalıdır ki, real mənzərənin nədən
ibarət olduğunu görə bilək. Amma bu, xoşlarına gəlmədi. Yeri
gəlmişkən, Ictimai Şuranın koordinatoru bugünlərdə açıqlama
verib ki, biz Elçin Behbudova müraciət edirik ki, cəzaçəkmə
müəssisələrinə monitorinqə bizimlə getsin. Bu, yalandır. Əksinə,
mən onlardan xahiş eləmişəm ki, bəzi məhkumlar mənə müraciət
ediblər, onlarla görüşüb məsələni araşdırmaq istəyirəm. Amma
imkan verilməyib”. (azadliq.az)