Tarix: 09.06.2013
Penitensiar Xidmətdə ardıcıl 2 qalmaqal; məhbuslar özünü doğradı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzarətində olan 12 saylı Cəzaçəkmə Müsəssisəsində rəhbərliyə qarşı qiyam qalxıb.
Bu barədə AzNews.az-a daxil olan ekskluziv məlumata görə, adı çəkilən həbsxanada çəza çəkən bir neçə məhbus özünü doğrayıb.
Məlumatda bildirilir ki, 12-ci "kolon”da 5-ə qədər məhkum biləklərini kəsib. Buna səbəb isə həbsxanadakı saxlanma şəraitidir.
Belə ki, məlumatda bildirilənə görə, məhkumlar cəzaçəkmə müəssisəsində
məhkumlara verilən yeməklərin həddən artıq keyfiyyətsiz olmasına etiraz
etmək üçün özlərinə zərər veriblər. Bildirilir ki, özünü doğrayan
məhkumların etirazlarına digər həbsxana yoldaşları da qoşulub.
Daxil olan məlumata görə, hazırda 12-ci "kolon”da vəziyyət gərgindir.
Biləklərini kəsən məhkumların vəziyyətinin ağır olduğu bildirilir.
Cəzaçəkmə Müəssisəsində yaşanan bu gərginlikıə bağlı yeni məlumatlar olduqca bu barədə bilgi verəcəyik.
Xatırladaq ki, ötən həftə Penitensiar Xidmətin daha bir həbsxanasında –
16-cı "kolon”da da anoloji hal yaşanmışdı. Saxlanma şəraitlərinə etiraz
edən bir neçə məhkum özünü doğramış, digər məhkumlar da etiraza
qoşulduqdan sonra həbsxanada rəhbərliyə qarşı qiyam baş vermişdi. Hadisə
yerinə cəlb edilən Ədliyyə Nazirliyi hərbçiləri və xüsusi təyinatlı
dəstənin müdaxiləsindən sonra "kolon”da qiyama rəhbərlik edən 4 məhkum
başqa həbsxanaya köçürülərək "kars”a salınmışdı.
Bir həftə ərzində Penitensiar Xidmətə daxil olan iki həbsxanada oxşar
hadisələrin baş verməsi qurumun cəzaçəkmə müəssisələrində məhkumların
saxlanma şəraitlərinin səviyyəsi ilə bağlı ciddi problemlər olduğuna
işarə edir.