Həbsdəki hüquq müdafiəçisi 14 saylı həbsxanadkı qiyamın dəhşətli
təfərruatlarını açıqladı
Vidadi İsgəndərli: «Daha çox qarapaltarlılar qəddarlıq edirdilər. Çox sayda
dustaq xəsarət aldı»
21/9/2012 [12:12]
Bakıdakı
14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan hüquq müdafiəçisi, vicdan məhbusu
Vidadi İsgəndərli "Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni
təqdim edirik.
- Bu yaxınlarda siz saxlanan cəzaçəkmə
müəssisəsində dustaqların qiyam qaldırması haqda məlumatlar yayıldı.
Penitensiar Xidmət əvvəl bunu təkzib etdi, sonra isə yeni açıqlama ilə
dustaqların etiraz etdiyini təsdiqlədi. Orada nə baş verib? Aksiyada neçə nəfər
iştirak edib?
- İlkin
mərhələdə təxminən 200 nəfərə yaxın olardı. Danışıqlardan sonra meydanda
130-140 dustaq qalmışdı. Təxminən avqust ayının sonunda müəssisədə bir məhkumdan
qadağan olunmuş əşya tapdılar. Sentyabrın 7-də müəssisəyə və dustaqların
üzərinə ümumi baxış keçirildi. Baxış zamanı qadağan olunmuş çoxlu əşya tapıldı.
Həmin gün o da məlum oldu ki, bir qədər əvvəl keçirilən tibbi müayinə
nəticəsində 256 məhkumda vərəm xəstəliyi aşkar olunub. Vərən xəstəliyinə düçar
olan şübhəli şəxslərdən tüpürcək nümunələri götürüldü. Sentyabrın 9-u səhər
saat 8-dən məhkumlar kütləvi surətdə müəssisənin həyətində oturub kütləvi
itaətsizlik nümayiş etdirməyə, müxtəlif tələblər irəli sürməyə başladılar. Bu
tələblərin çoxu rejim qaydasının, şəraitin dəyişdirilməsi və sair haqda idi.
Yüzlərlə tələb irəli sürüldü. Sözsüz ki, tələblərin içində hüquqi baxımdan
düzgün olmayan tələblər də vardı. Məsələn, bəzi məhkumlar deyirdilər ki,
müəssisənin əməkdaşı gələndə məhkum ayağa qalxmamalıdır, başını tam
qırxdırmamalıdır. Tələblərin içində suyun normal verilməsi, yaxınlıqda
yerləşən, kimyəvi toz istehsal edən zavodun bağlanması, əməkdaşların onlara
qarşı qanunsuz fiziki zor təbiq etməsinin dayandırılması, barakların təmir
olunması, yatmaq üçün normal şərait yaradılması, bəzi əməkdaşların onlardan pul
tələb etməsinin araşdırılması da vardı.
Bu, müəssisənin 60 illik tarixində ilk belə kütləvi etiraz aksiyasıdır. Baş
verənlərdə nə müəssisə rəhbərliyinin, nə Penitensiar Xidmət rəhbərliyinin, nə
də Ədliyyə Nazirliyinin günahı var. Bu, bir sistemdir, rejimdir. Bura hətta ən
demokratik bir şəxs rəhbərlik etsə belə, heç nə dəyişməyəcək. Təsəvvürünüzə
gətirin ki, 1950-ci ildə tikilmiş bu kolonda su və kanalizasiya sistemi sıfır
vəziyyətindədir. Yayda və qışda həftələrlə su olmur. 120-130 nəfərlik barakda
nə istilik, nə də havalandırma sistemi var. Dustaqlar qışda soyuqdan, yayda isə
dəhşətli istidən əziyyət çəkirlər. Yayda bir də ağcaqanad əlindən yatmaq olmur.
Cəzaçəkmə müəssisəsində yuxudan qalxmaq vaxtı səhər saat 7, yatmaq vaxtı
21:30-dur. Bu müddət ərzində xəstəsi də, yaşlısı da, əlili də daxil olmaqla heç
bir dustağın beş dəqiqə olsun öz yatağında oturmaq hüququ yoxdur. Müəssisədə
iki nəfərdən artıq dustağın bir yerə yığılması, söhbət etməsi, bir yerdə
oturması, çörək yeməsi, ünsiyyət qurması qəti qadağandır. Bu yazılmamış
qanunları pozan hər bir məhkum döyülür və cərimə təcridxanasına salınır. Ən
yüngül cəza 6-7 saat üzü divara ayaqüstə dayanmaqdır. Yüzlərlə belə haqsızlıq
faktları sadalaya bilərəm. Ən dəhşətlisi də odur ki, yaxınlıqda radioaktiv
tullantılar qəbiristanlığı, yüzlərlə daş karxanası və sement istehsalı üçün
kimyəvi toz istehsal edən böyük zavod var. Külək olanda kimyəvi tozdan
dustaqlar bir-birini beş metrlik məsafədən belə görə bilmirlər. Məhz bu tozun
uçbatından yüzlərlə məhbus vərəm xəstəliyinə tutulur. Məhkumların yüzlərlə belə
problemi var.
- Cəzaçəkmə müəssisəsinin rəhbərliyi etirazlara necə
reaksiya verdi?
- Tam obyektiv olaraq bildirirəm ki, istər Penitensiar Xidmətin, istərsə də
müəssisənin rəhbərliyi çox korrekt, dözümlü davrandılar, uzun müddət danışıqlar
apardılar. Az qala onlara yalvarırdılar ki, dağılışsınlar, söz verirdilər ki,
10 gün ərzində bütün qanuni tələblərinə baxılacaq. Dustaqlara qarşı zor tətbiq
olunmaması barədə qəti qərar qəbul edilmişdi.
- Etiraz necə yatırıldı? Müəssisəyə əlavə qüvvələr
gətirilmişdimi?
- Dustaqlar Penitensiar Xidmətin rəhbərliyindən hüquq müdafiəçiləri Leyla
Yunusu, Elçin Behbudovu, deputat Qənirə Paşayevanı, KİV nümayəndələrini tələb
etməyə başlayıb. Bəzi dustaqlar isə deputatları - mənə və AXCP üzvü Şahin
Həsənliyə deputat deyirlər - tələb ediblər. Vəziyyət kritik həddə çatırdı.
Sonra rayon prokuroru Fəxrəddin Pənahov, bir neçə müstəntiq, Penitensiar
Xidmətin rəis müavinləri Mahir Musayev, İmran Əlizadə və 5-6 nəfər digər
əməkdaş, həmçinin MTN əməkdaşları gəldilər. Onların da məhkumlarla danışıqları
heç bir nəticə vermədi. Sonra təxminən 10-15 dustaq ağızlarını iynə ilə tikməyə
başladı. Artıq məlumat daxil oldu ki, bayırda ordu qüvvələri, Penitensiar
Xidmətin xüsusi dəstələri, maskalı qarapaltarlılar hazırlıq vəziyyətindədirlər.
Səhər saat 8:30-dan 14:30-a qədər gedən danışıqlar heç bir nəticə vermədi və
100-dən çox əsgər və 50-yə yaxın qarapaltarlı müəssisəyə daxil olub meydana
hücum etdilər. Qiyama qoşulmayan dustaqları kluba yığmışdılar. Daha çox
qarapaltarlılar qəddarlıq edirdilər. Çox sayda dustaq xəsarət aldı. Bəziləri
kəsici alətlərlə damarlarını doğramışdılar. Heç beş dəqiqə keçmədi ki, aksiya
dağıdıldı, 120-dən çox dustağı yerə uzatdılar. Onlardan təxminən 25 nəfərini
sürüyə-sürüyə maşınlara mindirib apardılar. Sonra maskalılar karserə getdilər.
Dustaqlar deyirlər ki, ordu komandanı və Penitensiar Xidmət rəhbəri dustaqlara
işgəncə verməyə qoymayıblar. Yoxsa maskalılar onları əzəcəkdi...
- Vidadi bəy, aksiyada iştirak edən dustaqların
durumu necədir? Onlara cəza verilibmi?
- Burda qalanlara tibbi yardım edilib. Hadisədən iki
gün sonra insan haqları üzrə müvəkkilin nümayəndəsi Vüqar Məhərrəmov gəlmişdi.
Bütün işgəncə faktlarını qeyd etdi.
- Ölkədəki ictimai-siyasi vəziyyəti izləyə
bilirsinizmi?
- 14 saylı Cəzaçəkmə Müəssisəsi Azərbaycan
hakimiyyətinin bir əksi, güzgüsüdür. Bu gün bu müəssisədə baş verənlər
hakimiyyətin yürütdüyü siyasi xəttin nəticəsidir. İsa Qəmbərin dediyi kimi,
bunlar artıq qırmızı xətti keçiblər. Bizləri döydülər, həbs etdilər, dinmədik.
İndi bizim qeyrətimizlə oynamağa başlayıblar. Mənə qarşı cinayət etmiş şəxsləri
bəlkə də nə vaxtsa bağışlayacam. Amma mənim qardaşım Tofiq Yaqublunun qızını,
balam Nigarı həbs etməyinizi heç vaxt onlara bağışlamayacam. Nə qədər gec
deyil, Nigar balamızı azad etsinlər. Bu, mentalitetimizə yaraşan hərəkət deyil. http://bizimyolinfo.com/?sehife=1&xeber=3007
|