18 October, 2014 17:54:00
http://penitensiar.justice.gov.az/xeberler/1368.html
Azərbaycan Respublikası Prezidentinin 17.10.2014-cü il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən icra edilib.
Əfv olunmuş 84 nəfər məhkumdan Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə azadlıqdan məhrumetmə növündə cəza çəkən 80 nəfərə Əfv haqqında Sərəncam tətbiq edilib. 18 oktyabr 2014-cü il tarixdə sayca 57-ci olan Əfv barədə Sərəncamın icrası Ədliyyə nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, Ombudsman aparatının, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarından ibarət yaradılmış qruplar Əfv barədə Sərəncamın əhatə dairəsində olan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, Prezident Sərəncamının təxirəsalınmadan icrasını təmin ediblər.
Əfv edilmiş şəxslərə cəzadan azad olunma haqqında arayışlar təqdim edilib, onlara yardımlar göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə aidiyyəti təşkilatlara müvafiq məlumatlar verilib. Əfv edilmiş 5 nəfər xarici ölkə vətəndaşı olan məhkumlar azad olunduqdan dərhal sonra Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Cəza çəkməkdən azad edilən şəxslər, habelə onları qarşılamağa gələn yaxın qohumları ölkə Prezidenti cənab İlham Əliyevin humanist addımını yüksək qiymətləndirərək ona dərin minnətdarlıqlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi
18.10.2014