Tarix 05.01.15, 17:51
"Yeni əsərimdə hadisələr əsasən həbsxanadı ən yüksək və ən aşağı təbəqələri əhatə edir, oxucu hadisələri oxuduqca bir-birilə sərt təzadları olan bu təbəqələr arasında həm də yaxınlıqlar tapacaq, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri aydınlaşdıracaq"
Son illərdə həbsxana həyatından bəhs edən kitabları ilə oxucu rəğbəti qazanan yazıçı Rövşən Yerfi Qaynar.info portalının qonağıdır. Rövşən Yerfi özü uzun illər Pentensiar xidmətdə çalışdığı üçün yazdığı əsərlər daha səmimi, təsirli və inandırıcıdır. Müəllif artıq bu mövzuda yeni romanını - "Qazamat sanitarları" kitabını da tamamlayaraq, çapa hazırlayır. Kitabın fevral ayının əvvəlində işıq üzü görməsi nəzərdə tutulub.
Yazıçı ilə maraqlı müsahibəni oxucularımıza təqdim edirik.
- Ötən ildən az vaxt keçsə də, təəssüratları hələ də bitməyib. 2014-cü ili özünüz üçün necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, 2014-cü il keçmiş illərin bir çoxu kimi özünəməxsusluğu ilə uğurlu illərimdən biri oldu. İki oğlumdan biri hərbi xidmətini başa vurdu, xeyirxah adamların qayğısı ilə yeni işə düzəldim, iki kitabım çap olundu, onlarla yazım qəzet və saytlarda dərc olundu. Doğrudur, ötən iki illə müqayisədə yazılarımın sayı iki dəfədən çox azalıb. Bu da ola bilər ki, boş vaxtımın azalması ilə bağlıdır, ya da deyəsən qocalmağa başlamışam.
- Kitabdan söz düşmüşkən, mümkünsə onlar barəsində ətraflı danışın.
- Ötən ilin aprel ayında Bakı Kitab Klubu “Lənətə gələnlər” adlı kitabımı çap etdi. Bu povesti yazmaqda məqsədim bir ailənin timsalında ətrafımızdakı acı reallıqların, mənəviyyatımızdakı aşınmalardan yaranan fəsadların təsvirini verməklə oxucunu qaldırılan məsələlərlə bağlı düşünməyə sövq etməkdir. Kitaba daxil olan “HİVv qasırğası” adlanan böyük hekayə də o yönümlüdür. Faciəni göstərməklə oxucunu daim HİV virusundan qorunmağa, ehtiyatlı olmağa səsləyirəm.
Təəssüf ki, bu kitabım da həmişəki kimi ədəbi ictimaiyyət tərəfindən susqunluqla qarşılandı. Təkcə sizin saytda Rüfət Əhmədzadənin yazdığı məqalədən savayı heç bir yazar və tənqidçi münasibət bildirmək istəmədi. Hətta “inbox”da belə, bir-iki cümlə ilə də olsun rəy bildirmədilər. Oxumağa, fikir deməyə vaxtlarına heyfləri gəldi. Xüsusilə də peşəsi tənqid etmək olanlar, sanki təmənna gözlədilər. Bəlkə də qınamalı deyil. Düşüncələrimizdə sosializm qalsa da, həyatımızda kapitalizm diktə edir.
Amma ədəbiyyata bir qayda olaraq, əsl qiyməti oxucular verir. Kitab Klubundan aldığım xəbərə görə sayı çox böyük olmasa da, kitabın çap olunmuş tirajının xeyli hissəsi satıldığı üçün yaxın aylarda təkrar çapı nəzərdə tutulub.
- Bir qədər də sonuncu kitabınız barədə danışın...
- “Xan” nəşriyyatının buraxdığı “Şanssız” adlı ikinci kitabımı oxuculara noyabr ayında təqdim etdim. Kitabda seçmə hekayələrim toplanıb: bir uzun, on beş kiçik hekayəm. Onların əksəriyyəti qəzet və saytlarda dərc olunub, burada isə sadəcə bir yerə yığılıb. Hekayələrin bir-neçəsi, o cümlədən “Şanssız” hekayəsi də ilk dəfə sizin saytınızda (edebiyyat.biz) dərc olunub. Bu hekayələrdə əsasən yaşadığımız sosial problemlərə, mənəvi çatışmamazlıqlara qarşı bədii vasitələrlə etirazımı ifadə etməyə çalışmışam.
Ötən ilin mənim üçün bir önəmli cəhəti də budur ki, oxucularımın sayı hiss ediləcək qədər artıb. Ədliyyədə xidmət etdiyim illər yaradıcılıqdan, oxucudan uzaqlaşmaq məcburiyyətində idim. İndi, bu yaşımda da olsa, mənə hər ay facebook, email, telefon vasitəsilə onlarla oxucu yazılarım, kitablarım barədə fikirlərini, razılıqlarını çatdırırlar. Təkcə Bakıdan deyil, bir çox rayonlardan, Naxçıvandan rəylər alıram. Yazıçı üçün bundan gözəl heç nə ola bilməz. Sevinməklə yanaşı, eyni zamanda o insanların etimadını yaşatmaq üçün məsuliyyətimin artdığını düşünürəm.
- Şübhəsiz, hazırda növbəti kitabınızın çapına hazırlaşırsınız...
- “Qazamat sanitarları “ adlanan yeni povestimi ildən çoxdur ki, tamamlamışam. Lakin müəyyən səbəblər üzündən çapına tələsmirdim. Adından göründüyü kimi əsər qazamatdan – cəzaçəkmə müəssisələrindən bəhs edir. Əsərdə cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. Süjet haqqında danışmayacağam. Həbsxanaya dair olan əvvəlki əsərlərimdən bu əsərimin fərqi baxış bucağının dəyişməsidir. Belə ki, buradakı hadisələr əsasən müəssisədəki ən yüksək və ən aşağı təbəqələri əhatə edir, orta təbəqənin üstündən səthi keçilir. Oxucu hadisələri oxuduqca bir-birilə sərt təzadları olan bu təbəqələr arasında həm də yaxınlıqlar tapır, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri aydınlaşdırmalı olur. Hadisələr sənədli deyil, ancaq realdır, ümumidir, bir-neçə müəssisədə baş verənlərin toplamıdır və istənilən müəssisədə əsərdəki surətlərin prototipini tapmaq olar. Güman edirəm ki, kitab xüsusi maraqla qarşılanacaq.
- Fürsət ikən ədəbi proseslərlə bağlı mülahizələrinizi də bildirməyiniz maraqlı olardı.
- Mətbuatda ilk hekayəm 24 yaşımda dərc olunub. Hekayənin dərcindən beş ay keçmişdi, Yanvar faciəsi baş verdi. Bu faciədən sonra uzun müddət ölkə üzrə bütün yaradıcılıq sahələrində böhran və durğunluq yaşandı. Ədəbiyyatdakı durğunluq on ildən çox – ikimininci illərədək çəkdi. Yeni əsrin ilk illərindən ədəbiyyatımızda bir tərpəniş, inkişaf başlandı. Mən yenidən ədəbi proseslərə qoşulanda artıq gəncliyim ötmüş, 38 yaşıma çatmışdım. Xatirimdədir ki, yeni yazmağa başlayanların hədsiz iddialı olanları mənim yaşda yazarlara “qatarı keçmiş” kimi baxırdılar. Nə edək ki, gəncliyimiz ağır illərə düşdü.
O zamanlar altmışıncıları söyənlərin, mənəm-mənəm deyənlərin 15 il əvvəlki “hayqırtıları" bu gün eşidilmir. Çünki, güvəndikləri gənclikdən heç nə qalmayıb, daha orta yaşlı sayılırlar. Mənsəb tuta bilənlər söydüklərinin yolunu davam etdirirlər, üstəlik onlardan fərqli olaraq ədəbi fəaliyyətləri də çox zəifdir.
Klassik üslubu köhnəlik sayıb, bəyənməyib, gərəksiz yenilik ardınca qaçanların, postmodernizm aşiqlərinin səyləri də boşa çıxdı. Bir daha aydın oldu ki, oxucular daim xoşladıqları ənənəvi təhkiyəyə, yazmaq tərzinə üstünlük verirlər. Yenilik xatirinə “yeniliyə” ehtiyacları yoxdur.
Mən əsasən klassik ədəbiyyatı mütaliə etməyi çox sevirəm, müasirlərdən Elxan Elatlının, Varisin, İlqar Fəhminin, Natiq Məmmədlinin kitablarını həvəslə oxuyuram. Bu müəlliflərə həm də ona görə hörmət edirəm ki, bəziləri sayaq qalmaqal yaratmırlar, “bozbaş” verilişlərdə görünüb ədəbiyyatı şou səviyyəsinə endirmirlər.
- Yəqin ki, çapına hazırlaşdığınız yeni kitab həbsxana mövzusunda sonuncu olmayacaq.
- Əlbəttə, kitabın çapından sonra “Üzdəniraq ada” və “Qadın düşərgəsi”nin ardı olacaq üçüncü povesti yazmağa hazırlaşıram. Sonrasını həyat göstərər...
http://www.pia.az/Hebsxana_realliqlarini_romanlashdiran_yazichi_-65175-xeber.html
|