Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə
Müəssisəsində (CÇM) rejimə nəzarəti itirib. Bu barədə "Bizim Yol”a
məlumatlı mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki,
Penitensiar Xidmət bu CÇM-ə daxili qoşun qüvvələrinin yeridilməsini
planlaşdırır. 2 saylı CÇM-də belə bir vəziyyət rəis dəyişikliyindən
sonra başlayıb. Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17
saylı CÇM-in sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəisin
təyinatından sonra "zon”da əvvəlcə sərt qaydalar tətbiq edilib.
Bundan sonra Eyvaz Əsgərov 2 saylı CÇM-də "oğru vəziyyəti”nin
yaradılması üçün bir qrup dustaqla danışıqlara başlayıb,
"vəziyyət”in qurulması üçün aylıq "haqq” təyin edilib. Amma
"vəziyyət” qurulandan az sonra dustaqlar arasında narazılıq artmağa
başlayıb. Bu yaxınlarda isə dustaqlar arasında "zon”da hökm sürən
"oğru vəziyyəti”nə etimadsızlıq dalğası baş qadırıb. Adətən,
dustaqlar cəza çəkdikləri "zon”da "oğru vəziyyəti”nin olmasını
arzulasalar da, bu dəfə situasiya fərqli alınıb. Böyük bir qrup
dustağın fikrincə, hazırda "zon”da mövcud olan vəziyyət heç də "oğru
vəziyyəti” deyil və bu, daha çox "poqon”ların nəzarətində olan bir
"vəziyyət”dir. Elə buna görə də bir qrup dustaq qanuni oğrulara 2
saylı CÇM-də baş verənlərlə bağlı "kurs qoyublar” (yəni onları
məlumatlandırıblar). Bu günlərdə isə qanuni oğruların "zon”da
yaranmış durumla bağlı "proqon”u CÇM-ə daxil olub ("proqon” qanuni
oğruların hər hansı mövzuda qəbul etdikləri qərardır). "Proqon”da
bildirilir hazırda 2 saylı "zon”da mövcud olan "vəziyyət”in oğru
aləminə heç bir dəxli yoxdur.
Bundan sonra "zon”da durum daha da gərginləşib. Dustaqlar hazırda
mövcud olan "vəziyyət”in təsisatlarına başçılıq edən dustaqları
tanımaqdan imtina edirlər, "vəzifəlilər” isə "vəziyyət”i təhvil
vermək istəmirlər. Mənbə bildirir ki, belə situasiyalarda qiyam
ehtimalı artır. Ədliyyə personalı qiyamı önləmək üçün dustaqlarla
ifrat dərəcədə ehtiyatla davranırlar, rejim qaydalarına qayıdış böyk
riskə çevrilir və bu üzdən daxili qoşun qüvvələrinin "zon”a
yeridilməsi zərurəti yaranır.
Hər hansı "zon”a daxili qoşunların yeridilməsi proseduruna gəlincə,
bu, aşağıdakı kimi baş verir: Penitensiar xidmət daxili qoşunların
rəhbərliyinə müraciət edir, "zon”da fəallığı ilə seçilən 50-60
dustağın siyahısı daxili qoşun qüvvələrinə təqdim edilir. Bundan
sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç kimin gözləmədiyi
anda daxili qoşunlar "zon”a daxil olur. Bu andan etibarən həmin
"zon”da idarəçilik tam olaraq daxili qoşunların əlinə keçir. Bu reyd
bir və ya bir neçə gün davam edə bilər.
Azərbaycanda CÇM-lərə daxili qoşunların yeridilməsi proseduru bütün
hallarda ifrat zorakılıqla müşayiət olunur. Adətən, belə prosedurdan
sonra ölüm halları da baş verir, lakin ölümün əsl səbəbləri
ört-basdır edilir. Əvvəllər də 2 saylı CÇM-ə daxili qoşun qüvvələri
yeridilib. 2006-cı ildə "oğru vəziyyəti”nin dağıdılması üçün 2 saylı
"zon”a yeridilən daxili qoşun qüvvələrinin zorakı davranışı hələ də
heyrətlə xatırlanır. O zaman daxili qoşunlar səhər saat 5-00
radələrində "zon”a daxil olublar. Xüsusi hazırlanmış itlərlə "zon”a
daxil olan qoşun qüvvələri yataqxanaların yerləşdiyi hər üç korpusu
mühasirəyə alıblar. Daha sonra 1200-dək dustağı korpusların
qarşısındakı meydançaya yığıblar. Vahimə yaratmaq üçün əvvəlcə
dəyənəklərlə sağa-sola qarşılarına çıxan istənilən dustağı qanına
qəltan ediblər. Həmçinin itlərin dişindən keçirilən dustaqlar da
olub. Daha sonra dustaqlara dizi üstə çökmək əmri verilib. Cinayət
aləmində "poqon”ların əmrinə əməl edib dizi üstə çökmək "əskiklik”
sayıldığına görə xeyli sayda dustaq əmrə tabe olmaqdan imtina edib.
Sonra qoşun qüvvələri "zon”un çıxışına qədər hər iki tərəfdən
düzülməklə təxminən 150 metr uzunluğunda "dəhliz” düzəldiblər və
"əyilməz” dustaqları qışın şaxtasında alt paltarlarınadək soyundurub
həmin "dəhliz” boyunca "zon”un çıxışına tərəf qovublar. "Dəhliz”
boyunca hərəkət edən dustaqları fasilə vermədən vəhşicəsinə
dəyənəklərlə vurublar. Artıq "zon”un çıxış həyətində onları gözləyən
xüsusi maşınlara çatanadək bir çox dustaq huşunu itirib. Sonra
onları qana boyanmış halda 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə
Müəssisəsinə (Penitensiar Xidmətin Vərəm Dispanserinə) aparıblar və
orada karser kameralarına yerləşdiriblər. Bir neçə gün ərzində
onları orada saxlayıblar ki, "təbii” yolla saf-çürük edə bilsinlər.
Həmin müddətdə dəyənək zərbələrindən yaranan daxili qanaxma
nəticəsində ölən dustaqlara "vərəm” diaqnozu ilə ölüm aktı tərtib
edilib, vəhşi hücumdan sağ çıxanları isə məhkəmə qarşısına çıxarıb
barələrində cəzasının müəyyən hissəsini Qobustan qapalı tipli
həbsxanasında çəkmək barədə qərar çıxarıblar.
Mənbə iddia edib ki, bu dəfə yenidən həmin "zon”u eyni tale
gözləyir. CÇM rəisləri isə adətən, bu situasiyadan istifadə edib
qərəzli olduqları bəzi dinc dustaqların da adlarını daxili qoşunlara
verirlər.
Mənbənin sözlərinə görə, hazırda Penitensiar Xidmət bu reydin indi,
yoxsa prezident seçkilərindən sonra həyata keçirilməsi üzərində baş
sındırır. Daxili qoşunların "zon”a yeridilməsi böyük səs-küyə səbəb
olacağı qaçılmazdır və seçki ərəfəsində buarzuolunmazdır, ona görə
də ehtiyatlanmalar var. Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Növbəti sayımızda məqalədəki iddialarla bağlı Penitensiar
Xidmətin mövqeyini dərc etməyə çalışacağıq.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti "Bizim Yol” qəzetinin 10
sentyabr 2013-cü il tarixli sayında dərc olunmuş "Həbsxanada
vəziyyət nəzarətdən çıxıb?” sərlövhəli məqaləyə
<http://bizimyolinfo.com/?sehife=1&xeber=14821> münasibət
bildirib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindin rəisi Mehman
Sadıqov qəzetimizə açıqlamasında bildirib ki, 2 saylı Cəzaçəkmə
müəssisəsində rejimə nəzarətin itməsi, müəssisədə kriminal aləmin
ideyalarına meyl göstərən məhkumlar tərəfindən digər cəza çəkənlərin
hüquqlarının pozulması və həmin müəssisəyə guya daxili qoşun
qüvvələrinin yeridilməsinin planlaşdırılması barədə məlumatlar
həqiqətə uyğun deyil. Dərc olunmuş yazı ilə bağlı Ədliyyə
Nazirliyinin Penitensiar xidməti aşağıdakıları bildirir:/
"2 saylı cəzaçəkmə müəssisəsində, eləcə də digər penitensiar
müəssisələrdə vəziyyət tam nəzarət altındadır. Məhkumların hüquq və
qanuni mənafeləri tam qorunur və hər hansı narahatçılıq üçün heç bir
əsas yoxdur. Son müddət ərzində digər müəssisələrdə olduğu kimi 2
saylı cəzaçəkmə müəssisəsində də məhkumların asudə vaxtlarının
səmərəli təşkili, onların xüsusi peşə təhsilinə, ictimai faydalı
əməyə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bu tədbirlərin arasında məhkumlara göstərilən sosial və psixoloji
yardımlar xüsusi diqqət mərkəzindədir. Görülmüş işlər məhkumlar və
onların yaxınları tərəfindən rəğbətlə qarşılanır.
Penitensiar xidmət, Ədliyyə Nazirliyinin digər qurumlarının
əməkdaşları, habelə qeyri - hökumət təşkilatları və beynəlxalq
qurumlar tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi olaraq baş
çəkilir, məhkumların saxlanma şəraiti, cəzaların icrası və çəkilməsi
qaydalarına riayət edilməsinə tam nəzarət olunur. ATƏT, Avropa
Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi
təşkilatların nümayəndələri, habelə İnsan Hüquqları Üzrə Azərbaycan
Respublikasının Müvəkkili və eləcə də Ədliyyə Naziri yanında
fəaliyyət göstərən İctimai Komitənin üzvləri mütəmadi olaraq bütün
müəssisələrdə monitorinqlər keçirir, nəticələr barədə kütləvi
informasiya vasitələrinə müvafiq məlumatlar verirlər.
Qeyd olunmalıdır ki, vaxtaşırı olaraq cinayətkar aləmin ideyalarına
meyl göstərən şəxslər bu və ya digər formada cəzaçəkmə
müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətinə,
məhkumların davranışına müəyyən təsir etmək cəhdləri edirlər. Bu
niyyətlərin əsas məqsədi cəzaçəkmə müəssisələrində qanunvericiliklə
qadağan olunmuş qurumların yaradılmasını, narkotik vasitələrin və
digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsini təmin etməkdən
ibarətdir. Lakin həm Penitensiar xidmətin, həm də tabe qurumların
əməliyyat aparatları tərəfindən bu cəhdlərin qarşısı qətiyyətlə
alınır və bütün lazımi profilaktik tədbirlər həyata keçirilir.
Məqalədə iddia edildiyi kimi, cəzaçəkmə müəssisələrinə Daxili İşlər
Nazirliyinin Daxili Qoşunların yeridilməsi fikri isə tamamilə
absurddur. Penitensiar xidmət Ədliyyə Nazirliyinin tabeliyində olan
qurumdur. Penitensiar Xidmətin özünün Mühafizə Alayı və onun
tərkibində müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı
Xüsusi Təyinatlı Bölüyü vardır. Əgər hansısa cəzaçəkmə müəssisəsində
işçi heyətinin qanuni tələblərinə tabe olmamağa, müəssisənin iş
fəaliyyətini qərəzli surətdə pozmağa cəhd göstərilərsə, məhkumların
və yaxud əməkdaşların həyat və sağlamlığı üçün təhlükəli şərait
yaranarsa, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin,
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının və "Azərbaycan
Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və
onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam
müvafiq olaraq həmin qüvvələrdən istifadə edilərək təhlükəsizlik
tədbirləri həyata keçirilə bilər".