Aprelin 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Əli Hüseynli
bildirdi ki, bu gün Cinayət və Cəzaların icrası Məcəllələrinə
dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər barədə ətraflı
məlumat verən Əli Hüseynli qeyd etdi ki, qanun layihəsinə 59
dəyişiklik təklif olunub, bu dəyişikliklər ümumilikdə sənədin 101
maddəsini əhatə edir. 5 maddə yeni redaksiyada verilib, 2 yeni maddə
əlavə olunub, 3 maddədə isə sanksiyalar dəyişdirilib. Yeni layihəyə
əsasən azadlığın məhdudlaşdırılması cəzasının islah işləri cəzası və ya
cərimə ilə əvəzlənməsi nəzərdə tutulur.
Çıxış edən millət vəkilləri sənədə edilən dəyişiklikləri zəruri
sayaraq bildirdilər ki, əvvəlcə tətbiq olunan cəza növü özünü
doğrultmur. Bu baxımdan da məhkumun islah olunmasında nəticə verməyən
cəzadan imtina edilməlidir. Qeyd olundu ki, sənəddə edilən
dəyişikliklər müvafiq şəkildə Cəzaların İcrası Məcəlləsində də
əksini tapacaq.
Ətraflı müzakirələrdən sonra sənədlər parlamentin plenar iclasının
müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti
http://www.meclis.gov.az/?/az/news/view/1421/