14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş məhkum Elşad Babayevin bacısı Simuzər Babayeva Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyevin qəbulunda olub S.Babayeva xidmət rəisinin qəbulunda olarkən qaldırdığı məsələlər haqda “Yeni Müsavat”a deyib: “Mədət Quliyevin qəbuluna öz təşəbbüsümlə getdim. Məni qəbul edib dinlədi. Söz verdi ki, qardaşımın döyülərək öldürülməsində iştirak etmiş hər bir şəxs cəzasını alacaq. Ona qardaşımın işgəncə ilə öldürülməsində 5 məmurun adının çəkildiyini dedim. O isə 3 nəfər haqda məlumatlı olduqlarını bildirdi. Mən Mədət Quliyevin vicdanlı olduğunu düşünərək qəbuluna getdim. Bunu özünə də dedim və xahiş etdim ki, əli qandallı məhkumu döyərək öldürənlər cəzalandırılsın. Mədət Quliyev dedi ki, vicdanla söz verirəm ki, haqq-hüquq nə tələb edirsə, elə də olacaq. Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində insident yaşanıb. Buna səbəb isə məhkum Elşad Babayevin ölməsi olub. Yaxınlarının iddiasına görə, məhkum döyülərək öldürülüb.