Qanun var, icra olunmur
Mayın 7-də Milli Məclisdə növbəti Aministiya Aktının qəbulu
gözlənilir. Bu akt 9 min məhkuma şamil olunacaq, onlardan 2 mini
həbsxanalardan birbaşa azadlığa buraxılacaq. Bu isə G.Əliyeva
kimilərin artması, həyatla mübarizəyə qatılması deməkdir.
Digər ölkələrdə bu insanların cəmiyyətə adaptasiyasını tənzimləyən
qurumlar fəaliyyət göstərir. Elə Azərbaycanda da "Penitensiar
cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin sosial
adaptasiyası haqqında" Qanun var. Hələ 2007-ci ildə qəbul edilmiş bu
qanuna əsasən, reabilitasiya mərkəzləri tikilməli, keçmiş
məhkumlarla iş aparılmalıdır.
Ancaq bu günə qədər qanundan irəli gələn tələblər icra olunmayıb.
Qanun layihəsinin müəlliflərindən biri Elmira Axundova da dəfələrlə
bu barədə öz etirazını bildirib: "Parlament tərəfindən qanunlar
qəbul olunur, lakin onun üstündən bir il, il yarım keçəndən sonra
həmin sənədlərin necə işləməsi barədə xəbərləri olmur. Biz bilmirik
ki, qəbul etdiyimiz qanun icra olunur, yoxsa yox. Şəxsən mənim
hazırladığım və parlament tərəfindən qəbul olunan məhkumların sosial
reabilitasiyası ilə bağlı qanunun müvafiq maddələrinin icrası hələ
də təmin olunmayıb. Üstündən 5 il keçməsinə baxmayaraq, hələ də heç
bir yerdə sosial reabilitasiya mərkəzləri açılmayıb. Hələ indi belə
bir fikir var ki, gələn il Bakıda sosial reabilitasiya mərkəzi
açılsın. Ona görə də deputatların qəbul etdikləri qanunun icrasına
nəzarət etmək hüququ təmin edilməlidir”.
Onun sözlərinə görə, hər il cəzaçəkmə müəssisələrindən 2-4 minə
yaxın məhbus azadlığa buraxılır. Rəsmi statistikaya əsasən, azadlığa
çıxanların 7-10 faizi qısa vaxtdan sonra yenidən məhbus həyatı
yaşayır. Bu rəqəm qeyri-rəsmi statistikaya əsasən isə 25 faizdir.
Bunların arasında uzun müddət cəmiyyətdən təcridolunma, ailə ilə,
şəxsi əlaqələrin kəsilməsi və daimi gəlir yerinin yoxluğu da yer
alır.
Qanun icra olunsaydı keçmiş məhbuslara həm də tibbi, psixoloji,
hüquqi, informasiya və maddi yardım göstərilərdi. Eyni zamanda
qanunla keçmiş məhbuslara orta əmək haqqının dörd misli qədər
birdəfəlik pul verilməlidir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin
rəisi Mehman Sadıqov Azadlıq Radiosuna açıqlamasında deyib ki,
qanunda onların üzərinə düşən öhdəlikləri tamlıqla yerinə
yetirirlər: «Məhkumun azad olunmasına 3 ay qalmış bütün aidiyyatı
orqanlara müraciət edirik. Məhkum azadlığa çıxanda həmin qurumlar
onun kommunal-məişət şəraitinin yoluna qoyulması, işlə təmin
olunması məsələlərini həll etməlidir. O ki qaldı reabilitasiya
mərkəzlərinin yaradılmasına, bu iş qanunla Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin üzərinə düşür».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsindən verilən məlumata görəsə, Qobustan rayonunda
penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün
50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi başlanıb.
Birdəfəlik yardım isə müvafiq qurumların şəxsin həqiqi ehtiyacı
olduğunu təsdiq edən arayışı əsasında verilir.
Qadınlar və gənclər ən çox zərərçəkənlərdir
Psixoloqlar hesab edirlər ki, cəmiyyətə adaptasiya problemini ən çox
qadınlar və gənclər yaşayırlar. Məsələn, psixoloq Günel Aslanova
Mediaforum-a açıqlamasında deyir ki, ölkənin yeganə qadın
həbsxanasında - Bakıdakı 4 saylı Cəzaçəkmə Müəssisəsində bütün
məhbusların bir yerdə saxlanması doğru deyil: "Nə yaş həddinə, nə də
törədilən cinayətin xarakterinə görə fərq qoyulur. Təsadüfən həbsə
düşənlə təkrar-təkrar həbsxana həyatı yaşayanların bir yerdə
saxlanması yolverilməzdir. Çünki birincilər potensial qurbana
çevrilir. Onların reabilitasiya proqramları da fərqli təşkil
edilməlidir. Penitensiar müəssisələrdə məhbusların təkrar cinayət
törətməsinin qarşısını almaq üçün onlarla reabilitasiya işləri
aparan ixtisaslaşmış psixoloqlarımız da yoxdur”.
Psixoloqun fikrincə, cəmiyyət qadının cinayət törətməsini, həbsxana
həyatı yaşamasını birmənalı qəbul etmir. Ona görə də həmin qadınlar
yenidən cəmiyyətə qayıtdıqda ciddi problemlərlə üzləşir, sosial
adaptasiya oluna bilmirlər: "Ailə, övlad, qohumlar onlardan imtina
edir, iş, sığınacaq yeri tapmırlar. Reabilitasiya mərkəzləri yoxdur.
Olsa belə, bu, problemin həll yolu deyil. Sırf cəzaçəkmə
müəssisələrindən azad olunmuş qadınlara həsr edilmiş layihələr,
cəmiyyəti bu sahədə maarifləndirmə proqramları hazırlanmalıdır”.
Ötən il Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə cəza çəkməkdən azad
edilmiş şəxslərə dəstək mərkəzi yaradıldığını bəyan etdi. Mərkəzin
yaradılmasında məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin
cəmiyyətə inteqrasiyasına kömək etmək, penitensiar müəssisələrdə
islah edilmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdıqları
maneələri aşmalarında onlara yardımçı olmaqla, müəyyən dərəcədə
onların yenidən cinayət əməlinə əl atmalarının qarşısını almaqdır.
Qurumun saytında layihənin icrası ilə bağlı çox az, daha doğrusu,
ümumi məlumat var. Yəni, layihə çərçivəsində əlaqədar orqanlarla
əməkdaşlığa başlanıb, QHT-lər işə cəlb edilib və s. Ancaq konkret
olaraq neçə məhbus bu mərkəzə cəlb edilib, adaptasiya prosesi necə
aparılıb, bu barədə heç bir məlumat verilmir.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də
mətbuata verdiyi açıqlamalarında deyib ki, reabilitasiya
mərkəzlərinin yaradılması gənclərin kriminal vərdişlərdən azad
edilməsinə yardımçı ola bilər: "Onların peşəkar kimi formalaşma
prosesinə yardım edilirsə, bu heç şübhəsiz, mövcud olan
çətinliklərin aradan qaldırılmasına kömək edir. Belə ki, bir
tərəfdən onlar bu minvalla əvvəlki xoş olmayan vərdişlərdən azad
olur. Digər tərəfdən, özlərinin cəmiyyətdə yararlı bir insan
olduğunu və onlara yer verildiyini dərk edirlər. Bütün bunlar həm də
ona gətirib çıxarır ki, gənc məhbusun yaxın ətrafı da onu başa
düşür. Həmçinin, məhbəsdən çıxmış gənclər yeni dostlar qazanır.
Nəticə etibarilə psixoloji baxımdan bir çox çətinliklər arxada
qalır. Beləliklə, həmin şəxsin cəmiyyətə adaptasiya prosesində
müsbət, pozitiv meyllər inkişaf etməyə başlayır".
Əmək Liqasının rəhbəri Sahib Məmmədovsa hesab edir ki, məhbusların
azadlığa çıxan zaman üzləşdiyi önəmli problemlərdən biri də işə
düzəlməklə bağlıdır: "Dəfələrlə ağır cinayət törədən bir məhbusu
dövlət sektoruna işə necə götürmək olar? Ancaq unutmaq lazım deyil
ki, bütün hallarda azadlığa çıxanlar eyni hüquqlu olur. Bu balansı
qorumaq da cəmiyyətin üzərinə düşür. Ona görə də düşünürəm ki, belə
şəxslərin cəmiyyətə adaptasiyası, dövlətdən çox, cəmiyyətin
problemidir”.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.6
maddəsi cəzaçəkmə müəssisələrindən azad olan gənclərin
reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur. Bununla bağlı aidiyyati nazirliklər öz hesabatlarını
veriblər.
DİN-nin hesabatı…
Daxili İşlər Nazirliyinin hesabatında göstərilir ki, proqramın icra
olunduğu dövrdən indiyədək cəza müddəti qurtarmış, amnistiya aktı və
qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla penitensiar
müəssisələrdən azad edilən 400-ə yaxın yeniyetmə və gəncin hər biri
ilə ayrı-ayrılıqda, eləcə də ailə üzvləri və qohumları ilə izahedici
söhbətlər aparılıb, polisin müvafiq xidmətləri tərəfindən hər birinə
profilaktiki yığım işləri açılıb. Onların dövlət və özəl sektorlarda
işə düzəldilməsi, təhsilə cəlb olunması, mənzil hüquqlarının
bərpası, gələcəkdə qanun pozuntularına yol vermələrinin qarşısının
alınması məqsədilə şəhər, rayon icra hakimiyyəti orqanlarına,
məşğulluq idarələrinə və digər əlaqədar təşkilatlara 200-dən artıq
məlumat və istiqamətləndirici məktublar göndərilib. Ötən dövrdə
həmin şəxslərin əksəriyyəti daimi və ya mövsümi iş yerləri ilə təmin
olunub.
Gülcahan Əliyeva deyir ki, sadalanan faktların hamısı boş söz
yığınıdır. Nə özü, nə də tanıdığı məhbusların heç biri həbsdən
çıxandan sonra dövlətdən dəstək görməyiblər. Ancaq düşünür ki,
reablitasiya mərkəzlərinin yaradılması vacibdir. Bu, cinayətlərin
qarşısının alınmasına da səbəb olar.
Aynur Elgünəş
http://bizimyol.info/?sehife=1&xeber=10511