DIN-in sabiq baş əməliyyat müvəkkili, adam oğurlu və çoxsaylı ağır
cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı
Məmmədov hələ MTN-in təcridxanasında saxlanılır. Barəsində məhkəmə
hökmünün olmasına baxmayaraq onun cəzaçəkmə müəssisəsinə
köçürülməməsinin səbəbləri aydın deyil. Doğrudur, bu məsələ bir dəfə
gündəmə gələndə MTN bəyan etmişdi ki, Hacı Məmmədov cəzaçəkmə
müəssisəsinə köçürülməsini istəmir.
Lakin bundan sonra sabiq əməliyyatçının anası oğlunun MTN-nin
təcridxanasında saxlanılmasına etiraz etməsi barədə xəbərlər yayıldı.
Digər tərəfdən Hacı Məmmədov özü MTN-nin təcridxanasında qalmaq istəsə
belə, bu, onun cəzaçəkmə müəssisəsinə köçürülməməsi üçün əsas sayıla
bilməz. Qanun hansısa məhkumun şəxsi istəklərindən üstündür və dövlət
qurumu qanuna istinad etməlidir. Lakin görünür, MTN üçün Hacı Məmmədovun
şəxsi istəkləri qanundan daha üstündür. Ya da burada hansısa ciddi
səbəblər var. Bəzi mülahizələrə görə, Hacı Məmmədovun MTN-nin
təcridxanada saxlanılması onun danışa bilməsi təhlükəsindən irəli gəlir.
DIN-in sabiq əməliyyat müvəkkili kifayət qədər məlumatlı şəxsdir. Bu
onun məhkəməsində qabarıq şəkildə aydın oldu. Ola bilər, ehtiyat edilir
ki, cəzaçəkmə müəssisəsində sərbəstlik qazanan Hacı Məmmədov osminoqun
başqa qolları barədə bayıra məlumat ötürə bilər ki, bu da hakimiyyətə
sərf etmir.
MTN-də isə Hacı Məmmədova hətta ailəsi ilə görüşməyə imkan verilir: "Hacı Məmmədov ailəsilə görüşmək istəmir” adı altında.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin
Behbudovun sözlərinə görə, o, evdən hansısa azuqənin göndərilməsindən
də imtina edib. Elçin Behbudovun sözlərinə inansaq, Hacı Məmmədovun
təcridxanada günü pis keçmir: "Hacı Məmmədov müxtəlif meyvələr və meyvə
şirələri ilə, balıq qızartması ilə təmin olunur. Şəkərli diabetdən
əziyyət çəksə də, dərmanlardan istifadə etmir. Pəhriz vasitəsi ilə
şəkərini tənzimləyir. Kamerasında televizor da var”.
Hacı Məmmədova xüsusi imtiyazlar tanınması da maraqlıdır. Hər halda
MTN-nin təcridxanası restoran deyil və indiyə qədər hansısa məhbusun
meyvə şirələri, balıq qızartması ilə təmin olunmasına rast gəlinməyib.
Konkret nümunə: Şərlənərək həbs edilən və MTN-nin təcridxanasında
saxlanılan AXCP sədrinin qaynı Elnur Seyidov dağınıq skeleroz
xəstəliyindən əziyyət çəkir. Lakin MTN rəhbərliyi bunu nəzərə almır. O
ki, qaldı Elnur Seyidova ləziz təamlar verilsin. Deməli, məhbuslarla
fərqli davranılır. Hacı Məmmədova xüsusi diqqət göstərilməsinin səbəbinə
gəlincə, bu, onun cəzaçəkmə müəssisəsinə köçürülməməsinin əvəzi hesab
edilə bilər.