08.02.2013
Fevralın 8-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə
Penitensiar xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların
müdiriyyəti, habelə nazirliyin aidiyyəti məsul şəxsləri iştirak
etmişlər.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət
Quliyev qurumun 2012-ci ildəki fəaliyyəti barədə hesabat
məruzəsi ilə çıxış edərək penitensiar sistemin
təkmilləşdirilməsi üzrə işləri, o cümlədən yeni müasir
penitensiar müəssisə və komplekslərin inşası, qanunçuluğun və
nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə
nəzarətin gücləndirilməsi, xidmətin maddi-texniki bazasının
gücləndirilməsi, o cümlədən məhkumların təhlükəsiz müşayiəti
üçün zəruri avadanlıqda təchiz olunmuş xüsusi nəqliyyat
vasitələri ilə təmin olunması istiqamətində görülən əməli
tədbirləri qeyd etmişdir.
Bildirilmişdir ki, vəzifədən sui-istifadə və digər neqativ
halların aradan qaldırılması üzrə konkret tədbirlər görülmüş,
ötən il xidmətin kobud qanun pozuntularına yol verən 164
əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, 7 müəssisənin rəisi
və 24 işçisi tutduqları vəzifədən azad olunmuş və ya ədliyyə
orqanlarından xaric edilmişlər.
Bununla yanaşı, penitensiar müəssisələrin əməliyyat
aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əməkdaşlığı nəticəsində 192 müxtəlif, o cümlədən bir
neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra
cinayətlərin üstü açılmış, habelə qadağan olunmuş əşyaların
cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınmasına,
eləcə də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə
xüsusi diqqət yetirilərək 2012-ci ildə aparılmış əməliyyat-baxış
tədbirləri nəticəsində 28.500 manata yaxın pul, 136 litr spirtli
içki, 121 mobil telefon, 447.7 qram çəkidə müxtəlif narkotik
maddələr aşkar edilərək götürülmüş və həmin faktlar üzrə
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
Müşavirəyə yekun vuran nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin
davamlı inkişafı çərçivəsində görülən işlərdən və irimiqyaslı
layihələrdən danışmış, penitensiar sistemin
müasirləşdirilməsini, o cümlədən məhkumların ailələrinə yaxın
ərazilərdə cəza çəkməsi və sosial adaptasiyası məqsədi ilə
bölgələrdə yeni penitensiar komplekslərin inşasını və artıq
Şəkidə belə müəssisənin inşa edilərək istifadəyə verilməsi üçün
hazır olduğunu vurğulamışdır.
Eyni zamanda, məhkumların tibb təminatının xeyli yaxşılaşdığı
vurğulanaraq penitensiar sistemdə məhkumlar arasında ölüm
hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən vərəmə qarşı
kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının
1995-ci illə müqayisədə 35 dəfə aşağı düşdüyü qeyd olunmuş, bu
sahədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək
2012-ci ildə bir çox ölkələrin, o cümlədən İngiltərə,
Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Filippin və İraqın
nümayəndələrinin ölkəmizə tanışlıq səfərinə gəldikləri diqqətə
çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ötən il beynəlxalq, yerli qeyri-hökumət
təşkilatları ilə qarşılıqlı fəaliyyət uğurla davam etdirilmiş,
artıq səmərəli ictimai nəzarət modeli kimi beynəlxalq aləmdə
tanınan İctimai Komitə və digər təşkilatlar tərəfindən
penitensiar müəssisələrə 200-dən çox başçəkmə həyata
keçirilmişdir.
Nazir görülmüş işlərə baxmayaraq, aparılmış yoxlamalar və
təhlillərin, daxil olan şikayət və siqnalların penitensiar
müəssisələrdə narahatlıq doğuran nöqsanların olmasına dəlalət
etdiyini bildirmiş, ölkə Prezidentinin bu ilin yanvarın 15-də
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha
da gücləndirilməsi barədə ciddi tapşırıqlarını diqqətə
çatdırmışdır.
Müşavirədə penitensiar müəssisələrdə korrupsiyaya şərait yaradan
halların qarşısının qətiyyətlə alınması, işçi heyətlə məhkumlar
arasında davranış qaydalarına dönmədən riayət olunması,
vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması,
əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi, vətəndaş
cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi, müasir İKT-lərin
tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi Penitensiar
xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb olunmuşdur.
Eyni zamanda, dövlət başçısı tərəfindən təsdiq olunmuş
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının
məqsədlərinə uyğun olaraq ədliyyə sistemində, o cümlədən
Penitensiar xidmətdə işin ən müasir tələblər səviyyəsində
qurulması, məhkumların hüquqlarının geniş şəkildə təmin
olunması, onların faydalı işə cəlb edilməsi, islah işinin, asudə
vaxtlarının səmərəli təşkili, keyfiyyətli psixoloji və hüquqi
yardımın göstərilməsi, vakansiyaların daha hazırlıqlı və yüksək
mənəvi keyfiyyətə malik işçilərlə doldurulması, müasir
penitensiar infrastrukturun yaradılması üzrə işlərin
sürətləndirilməsi ilə bağlı və digər mühüm tədbirlər barədə
konkret tapşırıqlar verilmişdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
08.02.2013
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
08.02.2013
08.02.2013 Son illər ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ədliyyə, o cümlədən penitensiar sistemdə
köklü islahatlar aparılır, cəza siyasəti humanistləşdirilərək
məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilmiş, bu
sahədə qanunvericilik təkmilləşdirilmiş, saxlanma şəraiti, ərzaq
və tibb təminatı yaxşılaşdırılmış, ictimai nəzarət
gücləndirilmiş, müasir penitensiar infrastrukturun yaradılması
üzrə məqsədyönlü işlər görülür.
|