BAZAR, 29 İYUL 2012 11:09
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim.
Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə
burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə
görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana
xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu "Azadlıq”a verdim. Zatən,
həbsxana yazılarının "Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi.
Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə
vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat.
Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini
bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir...
Əvvəli ötən saylarımızda
Korpusun
yataqxanasında iki barakı ayıran balaca foyedə yuxarı qalxan bir dəmir
pilləkənin olduğunu yazmışdım. Bu pilləkənin bir ucu burulub yuxarıdakı sağ, o
biri ucu isə əks tərəfə dönüb sol tərəfdəki otağa qalxırdı. Sağ tərəfdəki otaq
korpus rəisinin otağı idi. "Korpus rəisi” demirlər, əslində, "otryadnik”, yəni,
dəstə rəisi deyirlər. Amma hələlik, bu dəstə rəisini bir tərəfə tullayıb sol
tərəfdəki otağa qalxaq. Bu, ibadət otağı kimi nəzərdə tutulmuşdu. Üç-dörd nəfər
ibadət edən də vardı. Amma otaq yaman gündə idi: tozlu daş döşəmənin üstünə
atılmış iri bir karton parçası xalçanı əvəz edirdi. Namaz qılanlar öz
canamazlarını bu karton parçasının üstünə atırdılar. Divarlar və tavan da tozlu
idi. Burada namaz qılmaq məsləhət deyildi və ilk növbədə bu otağı ibadət üçün
yararlı hala gətirmək lazım idi. Bundan ötrü ağır zəhmət də lazım deyildi.
Sadəcə, oranı süpürüb təmizləmək, təmiz bir şey tapıb döşəmək lazım idi. Dəstə
rəisinə sintetik xalça üçün müraciət etdim, "hətta linoleum da ola bilər”,
dedim. Dəstə rəisi isə bunu bir neçə gün süründürdü. Onu gözləməkdən vaz keçib
rəis müavininin qəbuluna getdim. Anlayışlı qarşıladı və elə həmin gün otağı
döşəyə biləcək ölçüdə sintetik xalça parçası göndərdi.
Ibadət eləyən dustaqları səfərbər etdik. Bura məscid idi və buranı təmizləməyi
sanitarlara həvalə etmək olmazdı. Özümüz məşğul olmalı idik. Insafən, könüllülər
də tapıldı: "Siz dayanın, - dedilər, - onsuz da namaz qılırsız. Qoyun biz
təmizləyək, savabı da bizə çatsın”. Adamlar bircə saatın içində həm otağı
təmizlədilər, həm də sintetik xalçanı yudular. Axşama doğru xalça qupquru
qurudu və otağı döşədik. Məscidin ikinci baraka açılan pəncərəsinin qarşısında
rəfə oxşar bir şey düzəldib oraya da dini ədəbiyyat qoyduq. Kitabxanada belə
kitablar vardı. Onlardan bir neçəsini gətirib ora düzdüm və bir neçə həftədən
sonra dustaqların özlərinin əldə etdikləri dini kitabları, jurnalları
gətirmələri hesabına orada əməlli-başlı qiraət salonu kimi bir sahman yarandı.
Bu səliqə-sahmandan sonra namaz qılmağa meyli olanların da sayı artdı. Əvvəlcə
Cəlilabadlı Vasif azan verirdi. Amma bir-iki ay sonra əslən Ərdəbildən olan, hamının
Hüseyn dediyi adam gəlib çıxdı və çox gözəl səsinin olduğunu görüb azan verməyi
ondan xahiş etdim. "Müdiriyyət etiraz edəcək. Bizi narahat edəcəklər”, - dedi.
"Qorxma, soruşan olsa, mənim təkid etdiyimi söyləyərsən. Amma etiraz etməzlər.
Müdiriyyət də müsəlmandır. Üstəlik, sənin qorxmaq haqqın yoxdur: Şah Ismayıl
kimi bir nəhəngin həmyerlisisən...”, - dedim.
Namaza həbsxanada başlayan adamlara münasibət birmənalı olmur. Belələri
haqqında qıraqda-bucaqda, bəzən hətta üzlərinə də şübhə ifadə edən sözlər deyirlər.
Məsələ burasındadır ki, həbsxana müdiriyyəti namaz qılanlara bir qədər etimad
elementləri ilə yanaşır. Onlardan pis hərəkət gözləmir və belələri müdiriyyətin
xüsusi diqqətindən kənarda qalırlar. Başqa tərəfdən, həbsxana daim hansısa
söz-söhbətin olduğu yerdir. Namaz qılan adam istər-istəməz bu söhbətlərdən
kənarda durur, amorf da olsa, fərqli icmanın üzvü olur. Bu iki göstərici
bəzilərini namaza təhrik edir. Açığı, bu səbəblərə görə namaza üz tutanlara o
qədər də pis baxmaq olmaz. Və ümumiyyətlə pis baxmaq olmaz! Adam nə vaxt namaza
başlayırsa-başlasın, bu, bir iman məsələsidir. Yalandan heç kim və heç nə adamı
günün eyni ahəngli rituallarına məcbur edə bilməz! Amma bir qrup adamlar da var
ki, hansısa xoşagəlməz olayın izini ört-basdır etmək üçün özünü məscidə atır və
müvəqqəti olaraq namaza başlayır. Anlaşılmazlıq aradan qalxandan sonra isə
namazla da vidalaşır. Bütün hallarda adamın nə üçün ibadətə başladığını
soruşmurlar. Belə bir sual onu səsləndirən adam üçün baha başa gələ bilər...
Hə, ibadət otağının sahmana salınması dini ədəbiyyata üz tutanların da sayını
artırdı. Ibadət saatlarından kənarda isə orada həmişə, ən azı, bir neçə nəfər
olardı, oturub kitab oxuyardılar. Amma bu, sonralar idi. Ilk vaxtlar bu otaqda
xoşagəlməz hadisələr də qeydə alınırdı. Rejim çox sərt idi. Səhər saat 7-dən
axşam saat 10-a qədər adamların dincəlməyi, istirahəti, hətta vaxt keçirməsi
üçün heç bir şərait yox idi. Yayın istisi dustaqları gic eləyirdi. Divarları,
döşəməsi, tavanı da beton olan barakda cəhənnəm istisi vardı. Heç bir
daldalanacaq yeri olmayan həyət də eyni cür isti idi. Bütün gün ərzində qızmar
günəş həyəti vururdu. Həyətin baş tərəfində, hamamın və mətbəxin olduğu sırada,
ikinci mərtəbədə dustaqların özlərinin hazırladığı yeməyi yemək üçün bir zal
vardı. Bu zalda da oturmaq mümkün deyildi. Yalnız axşamlar, saat 9-dan sonra
adamlar həyətdə var-gəl edə bilir, amma cəmi bir saat sonra "Yat!” komandası
verildiyindən istidən qovrulma prosesi bu dəfə də barakda davam edirdi. Bu
cəhənnəm adamları yorurdu, əldən salırdı. Gün ərzində baraka girib orada
çarpayılarda uzanmaq, hətta dirsəklənmək belə ağır cəzalandırılırdı. Belə
adamları aparıb saatlarla Idarənin qabağındakı açıq meydançada günün altında
saxlayırdılar. Çox vaxt, hətta başlarını qırxıb günün altına qoyurdular. Bu,
dəhşətli bir işgəncə idi. Bu əzaba dözməyən bəziləri ibadət otağına girib orada
yatır, mürgüləyirdilər. Bu qələbəlikdən istifadə edən bəziləri oranı, hətta
siqaret çəkilən yerə də çevirirdilər. Mən bir-iki dəfə bu cür adamlara qarşı
deyinmişdim, hirslənmişdim. Amma nə xeyri var? Adamlar onları yaxalayan bu
cəhənnəm əzabını yüngülləşdirmək üçün cəhdlər göstərirdilər. Bu cəhənnəmi
hansısa formada islah etmək lazım idi. Burada həyat bir qədər yüngülləşməli,
insan həyatına bənzəməli idi.
Baraka keçib uzandım. Gündüzlər yatmaqdan zəhləm gedir. Buna görə də kitab
götürüb uzandığım yerdə oxumağa başladım. Bir az sonra barakın o biri başından,
qapının yanından "atas!” siqnalı verdi: yəni, "nadzor” gəlir. Vecimə də
almadım. Nəzarətçi yaxınlaşdı. Çarpayıda uzanan adamın şəxsiyyətini təsbit edib
getdi. Bir azdan faciə baş verməli idi. Adətən, belə hallarda nəzarətçi dustağı
dərhal özü ilə götürüb Idarəyə aparır. Amma mənim halımda belə bir tələb
olmadı. Görünür, onu rədd edə biləcəyimi anlamışdı. Bir az sonra korpusun
qapısından məni Idarəyə çağırdılar. Orada rejim rəisi mənimlə məşğul olmalı
idi. Amma izahat verdim ki, belə həyat olmaz: "Insanlarla bu şəkildə
davranmayın. Bu insanların arasında həqiqətən xəstə olanları var, ən azı
onlarla maraqlanın...”
ardı var
http://azadliq.info/index.php?view=article&catid=311%3Ason-xbrlr&id=19555%3Abu-dhtli-bir-ignc-idi&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=551
|