Azadlıq, 18 APREL 2013 19:57 Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan 30-a yaxın ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclıq aksiyasına başlayıb.
Məhbus yaxınlarının APA-ya verdiyi məlumata görə, aclıq aksiyasına
başlayanlar cinayət işlərinə yenidən baxılmasını, cəzalarının daha
yüngül cəza ilə əvəz olunmasını tələb edirlər.
Məlumatda bu ilin
fevral ayında ölüm cəzasının ləğv olunmasının 15 ilinin tamam olduğu,
Azərbaycandakı ömürük cəzaya məhkum olunanların 15 ildən çox cəza
çəkdikləri qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl ömürlük məhkum Əli Quliyevin adından
Ombudsman Elmira Süleymanovaya, Milli Məclisin deputatı Əli Hüseynliyə,
hüquq müdafiəçilərinə və kütləvi informasiya vasitələrinin
nümayəndələrinə müraciət ünvanlanıb. Həmin müraciətdə də ömürlük
azadlıqdan məhrum edilmiş məhkumların işinə yenidən baxılmalı olduğu
bildirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Mehman Sadıqov isə bildirib ki, bu gün bir neçə məhkum
aclıq aksiyasına başlaması barədə həbsxananın rəhbərliyinə müraciət
edib: "Hər bir məhkumun aclıq aksiyası keçirmək hüquq var. Bu gün
günorta Qobustan Həbsxanasında saxlanılan ömürlük həbs cəzasına məhkum
olunan şəxslərdən bir neçəsi aclıq aksiyasına başlamaları barədə
həbsxana rəisinə müraciət edib. Müraciət edən məhkumların hamısı aclıq
aksiyasına başlamayıb. Onlar sadəcə müraciət ediblər. Əsas tələbləri də
odur ki, onların işinə məhkəmələr tərəfindən yenidən baxılmalı,
barələrində daha yüngül cəza təyin olunmalıdır”.