29/07/2013
Ölkə Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən və
beynəlxalq aləmdə təqdir edilən genişmiqyaslı islahatlar
çərçivəsində ədliyyə sahəsində də köklü və mütərəqqi dəyişikliklər
aparılır. Penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların
hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq
standartlara uyğun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər
görülür və penitensiar infrastruktur müasirləşdirilir.
İyulun 29-da Şəkidə yeni
inşa olunmuş müasir tipli penitensiar kompleks istifadəyə
verilmişdir.
Tədbirdə ədliyyə naziri
Fikrət Məmmədov, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan
Usubov, Ombudsman Elmira Süleymanova, yerli məhkəmə,
hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbərləri,
ədliyyə işçiləri, millət vəkilləri, Əfv Komissiyasının,
qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının, KİV-in və
ictimaiyyətin digər nümayəndələri iştirak etmişlər.
Mərasimdən əvvəl ümummilli
liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül
dəstələri qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Tədbirdə çıxış edən nazir
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf
strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini, respublikamızın hərtərəfli, o cümlədən
regionların sosial-iqtisadi tərəqqisini qeyd etmiş, genişmiqyaslı
məhkəmə və ədliyyə, xüsusilə penitensiar islahatlardan
danışmışdır.
Bildirilmişdir ki, dövlət
başçısının hər bir Azərbaycan vətəndaşına xüsusi diqqət və qayğısı
nəticəsində əhalinin ən həssas təbəqələrindən olan
təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının daha
etibarlı qorunması üzrə əsaslı tədbirlər görülmüş, bu məqsədlə
mühüm yeni qanunlar qəbul olunmuş, onların saxlanma şəraiti,
ərzaq, tibb və digər təminatları yaxşılaşdırılmış, səmərəli
ictimai nəzarət mexanizmi qurulmuş, cəzaçəkmə müəssisələrində
vərəmlə mübarizə sahəsində başqa dövlətlərə örnək olan
nailiyyətlər əldə olunmuş, bir çox dövlətlər Azərbaycanın bu
sahədə müsbət təcrübəsindən bəhrələnmişlər.
Həmçinin, penitensiar
infrastrukturun müasirləşdirilməsi üzrə görülən geniş tədbirlər
çərçivəsində beynəlxalq standartlara tam cavab verməyən
müəssisələrin əvəzinə yeni müasir obyektlər inşa olunur. Belə ki,
blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında
penitensiar kompleks, Bakıda isə müasir tipli istintaq
təcridxanası inşa olunaraq istifadəyə verilmişdir.
Şəkidə konseptual baxımdan
yeni olan və bir neçə müəssisəni əhatə edən bu penitensiar
kompleksin istifadəyə verilməsinin təqsirləndirilən şəxslərin və
məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və
gələcək sosial adaptasiyasına xidmət edəcəyi bildirilmişdir.
Mərasimdə çıxış edən Şəki
Rayon icra hakimiyyətinin başçısı, Ombudsman, millət vəkilləri,
ictimaiyyət nümayəndələri regionların hərtərəfli inkişafına,
xüsusilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən
mütərəqqi islahatların aparılmasına verdiyi müstəsna əhəmiyyətə və
hər bir vətəndaşa bəslənilən xüsusi qayğıya görə ölkə başçısı
cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişlər.
Tədbir zamanı müəssisə ilə
tanış olunmuş, təqsirləndirilən şəxslər və məhkumlar üçün
yaradılmış müasir şərait yüksək qiymətləndirilmişdir.
Tanışlıq zamanı diqqətə
çatdırılmışdır ki, Şəki penitensiar kompleksi müxtəlif rejim
korpuslarından, istintaq təcridxanasından, inzibati binadan,
məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir
tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsindən və s.
ibarətdir.
Məhbusların saxlanma
kameralarında nümunəvi şərait yaradılmış, onların faydalı işlə
məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili üçün
istehsalat, eləcə də idman sahələri təşkil olunmuşdur.
Müəssisədə saxlanılan
şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir
avadanlıqla təchiz edilmiş mətbəx inşa olunmuşdur. Camaşırxanada
yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik
enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları
və generatorlar quraşdırılmış, su anbarları, nasosxana
qurulmuşdur.
Sonda nazir müəssisənin
kollektivinə uğurlar arzulamış, müvafiq tövsiyə və tapşırıqlarını
vermişdir.
Eyni zamanda, səfər
çərçivəsində nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən
müasir məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olmuş,
lazımi tapşırıqlar vermişdir.
http://justice.gov.az/view_full.php?id=483