Главная » 2015»Февраль»26 » Xalçaçılıq 4 saylı CÇM-də ənənəvi peşə sahəsinə çevrilib
18:38
Xalçaçılıq 4 saylı CÇM-də ənənəvi peşə sahəsinə çevrilib
12 January, 2015 17:41:00
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsulların çeşidinin artırılması davam etdirilir. Penitensiar xidmətin həmin məsələyə həsr edilmiş 29 oktyabr 2014-cü il tarixli Əməliyyat Müşavirəsinin Qərarına əsasən tabe qurumlarda bu istiqamətdə tədbirlər həyata keçirilir. İstehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində xalça toxunuşunda istifadə olunacaq xüsusi tələblərə cavab verən xanaların istehsalına başlanılması və həmin xanalardan Penitensiar xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunması barədə bir müddət əvvəl məlumat verilmişdi. Azərbaycan xalqının milli mədəniyyəti tarixində özünəməxsus yer tutan, xalq sənətlərinin ən geniş yayılmış növü olan xalçaçılıq Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində artıq ənənəvi peşə sahəsinə çevrilib. Mövcud imkanlar hesabına xalça toxunuşunda istifadə olunan müasir tipli məmulatların əldə edilməsi, xüsusi tələblərə cavab verən xanaların istehsalı bu sahəni daha da genişləndirməyə, müxtəlif çeşidli xalçaların toxunmasına imkan verir. Bu məqsədlə “Azər-İlmə” MMC ilə sıx əməkdaşlıq edilir. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan xalçaçılıq məktəblərinə xas xalçalar toxunur, dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhvələr vermiş Azərbaycan xalça sənəti ənənələri qorunur və yüksək səviyyədə təbliğ olunur.