Azərbaycan Respublikası vətəndaslarının, əcnəbi vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin ədliyyə orqanlarında qəbulu qaydası
06.05.2012, 00:39
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 5-N
nömrəli Qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.
Bu Qayda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında"
Azərbaycan Respublikasının Qanununa, habelə "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il
tarixli Fərmanına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası
vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbi
vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin (bundan sonra -
vətəndaşlar) ədliyyə orqanlarında qəbulu qaydasını müəyyən edir.
2. Vətəndaşların
qəbulunun həyata keçirilməsi
2.1.
Ədliyyə orqanlarında vətəndaşların qəbulu qrafiki vəzifəli şəxslər
haqqında aşağıdakı məlumatlar əks olunmaqla bu Qaydaya Əlavə 1-də
göstərilmiş nümunəvi formaya uyğun tərtib olunur:
2.1.1. vəzifəsinin tam adı;
2.1.2. soyadı, adı, atasının adı;
2.1.3. qəbul günləri və saatı;
2.1.4. qəbul yerinin ünvanı.
2.2.
Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin
müavinləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra
- Nazirlik) baş idarə və idarə rəhbərlərinin vətəndaşların qəbulu
qrafiki Nazirliyin Katibliyi (bundan sonra – Katiblik) tərəfindən, bir
qayda olaraq, ildə bir dəfə aşağıdakı prinsiplər əsasında tərtib olunur:
2.2.1. nazirin qəbulu – həftədə bir gün;
2.2.2. nazir müavinlərinin qəbulu –
həftədə bir gün;
2.2.3.
baş idarə və idarə rəislərinin qəbulu – həftədə ən azı bir gün. Bu
qrafik Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq
edilir.
2.3. Nazirliyin aparatının
və struktur qurumlarının digər vəzifəli şəxsləri, habelə regional
ədliyyə şöbələri və yerli ədliyyə qurumlarının əməkdaşları tərəfindən
vətəndaşların qəbulu qrafiki həmin qurumların rəhbərləri tərəfindən bu
Qaydanın 2.1-ci bəndinə uyğun müəyyən edilir.
2.4.
Nazirliyin baş idarə və idarələrinin (rəislər istisna olmaqla), habelə
regional ədliyyə şöbələri və yerli ədliyyə qurumlarının əməkdaşları
tərəfindən vətəndaşlar hər iş günü qəbul edilir. Vətəndaşın müraciəti
üzrə əvvəlcədən razılaşdırılmış vaxtda notarius tərəfindən qəbulu
"Dövlət rüsumu haqqında" Qanuna əsasən ödənişlidir.
2.5.
Qəbul qrafiki ədliyyə orqanının inzibati binasında hər kəs üçün aydın
görünən yerdə asılır, Nazirliyin rəsmi internet səhifəsində
(www.justice.gov.az) və elektron xidmət bölməsində (bundan sonra – EXB)
yerləşdirilir.
2.6. Zəruri olan
hallar istisna olmaqla, vətəndaşlar ədliyyə nazirinin müavinlərinin
qəbuluna müvafiq baş idarə və idarə rəisləri, ədliyyə nazirin qəbuluna
isə müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla
bilərlər. Bu barədə müvafiq qeyd, həmçinin, EXB-də yerləşdirilir.
2.7.
Qəbul qrafikində göstərilən şəxslər müəyyən olunmuş vaxtda qəbulu
həyata keçirə bilmədikdə qəbul digər məsul vəzifəli şəxs tərəfindən
(hərəkət və ya hərəkətsizliyindən şikayət verilmiş şəxs istisna
olmaqla) aparılır, bu mümkün olmadıqda isə qəbul başqa vaxta keçirilir.
Qəbulla bağlı hər hansı dəyişiklik baş verdikdə vətəndaşa müvafiq
məlumat verilir və qəbulun kim tərəfindən həyata keçiriləcəyi onun
diqqətinə çatdırılır. Bununla əlaqədar müvafiq məlumat, həmçinin,
EXB-də yerləşdirilir.
2.8. Qeyri
iş günlərində və vaxtlarında vətəndaşların qəbulu Nazirliyin aparatı və
struktur bölmələri üzrə məsul növbətçi tərəfindən həyata keçirilə bilər.
2.9.
Qəbula yazılan vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli,
lakin həmin sənədin olmaması onu dinləməməyə əsas vermir.
2.10.
Qəbul zamanı müraciətdə irəli sürülən məsələnin həlli başqa dövlət
orqanının səlahiyyətlərinə aid olduqda vətəndaşa hara müraciət etmək
hüququ izah olunur.
3. Vətəndaşların qəbula
yazılması proseduru
3.1. Vətəndaşlar növbəlilik prinsipi
əsasında qəbul günü və ya qabaqcadan aşağıdakı qaydada qeydiyyata
alınırlar:
3.1.1. şəxsən müraciət etməklə;
3.1.2. EXB vasitəsi ilə.
3.2.
Vətəndaş şəxsən müraciət etdikdə onun soyadı, adı, atasının adı,
yaşayış və ya iş yeri, müraciət etdiyi məsələnin mahiyyəti, əvvəllər bu
məsələ ilə əlaqədar müraciət edib-etməməsi halları öyrənilir. Bundan
sonra qəbula yazılan vətəndaşa onu qəbul edən şəxsin vəzifəsini, adı və
soyadını, qəbulun vaxtı və yeri barədə məlumatı əks etdirən, növbəlik
prinsipinə uyğun nömrələnmiş qəbz (Əlavə 2) verilir. Bu məlumat,
həmçinin, EXB-də yerləşdirilir.
3.3.
EXB-də vətəndaş qəbulunda olmaq istədiyi şəxsi, qəbul vaxtını, öz
soyadını, adını, atasının adını, şəxsiyyətini təsdiq edən sənədin
seriya və nömrəsini, müraciət etdiyi məsələnin mahiyyətini, əvvəllər bu
məsələ ilə əlaqədar müraciət edib-etməməsini, habelə özünün əlaqə
vasitələrini (telefon nömrəsini və (və ya) elektron poçt ünvanını)
göstərməlidir. Qeydiyyata alınma barədə vətəndaş EXB-dən çıxarış əldə
edə bilər.
3.4. Azərbaycan
Respublikasının ədliyyə nazirinin, nazir müavinlərinin, Nazirliyin baş
idarə və idarə rəhbərlərinin qəbuluna yazılmış vətəndaşlar barədə
məlumatlar həmin vəzifəli şəxslərə Katiblik tərəfindən verilir.
3.5. Qəbula yazılan vətəndaşların uçotu
həm kağız üzərində (Əlavə 3), həm də elektron formada aparılır.
4. Vətəndaşların
qəbulunun təşkili və ona nəzarət
4.1.
Vətəndaşların qəbulu işi Nazirliyin inzibati binasında Katiblik, digər
ədliyyə qurumlarında isə həmin qurumun müvafiq struktur vahidi
(əməkdaşı) tərəfindən təşkil edilir.
4.2.
Vətəndaşların qəbulu bunun üçün ayrılmış xüsusi otaqlarda həyata
keçirilir. Bu otaqlar zəruri texniki vasitələrlə və dəftərxana
ləvazimatları ilə təchiz olunurlar.
4.3.
Qəbul zamanı vətəndaşın şifahi müraciəti qəbul kitabında qeyd olunur.
Müraciətin əlavə öyrənilməsi və yoxlanılması tələb edilmədikdə
vətəndaşa şifahi cavab verilir və qəbul kitabında qeydlər aparılır.
4.4.
Vətəndaşlar şəxsi qəbulda yazılı müraciət təqdim edə bilərlər. Həmin
müraciətlər "Şəxsi qəbuldan" ştampı vurulmaqla qeydiyyatdan keçirilir.
Nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu həyata
keçirilərkən onların şifahi müraciətlərinə bu Qaydaya Əlavə 4-də
nümunəvi forması göstərilmiş blankda müvafiq qeydiyyat aparılmaqla
baxılır.
4.5. Qəbul zamanı
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı verilmiş şikayətlərə
Ədliyyə Nazirliyi üzrə 2011-ci il 16 fevral tarixli 4-T nömrəli əmrlə
təsdiq edilmiş "Ədliyyə Nazirliyinin "Qaynar xətt"inə daxil olan
şikayətlərə baxılması Qaydaları"nda müəyyən edilmiş proseduralara uyğun
baxılır.
4.6. Katiblik mütəmadi
olaraq yerlərdə digər aidiyyəti ədliyyə qurumları ilə birgə
vətəndaşların səyyar qəbulunu təşkil edir, onun nəticəsi barədə
Nazirliyin rəhbərliyinə məlumat verir.
4.7. Katiblik vətəndaşların qəbulu
işini yarım ildə bir dəfədən az olmayaraq ümumiləşdirərək təhlil edir.
4.8. Bu Qaydanın tələblərinə riayət
edilməsinə ümumi nəzarəti Katiblik həyata keçirir.
RƏHBƏRLİK
ədliyyə naziri Fikrət Məmmədov
çərşənbə
ədliyyə nazirinin müavini Toğrul Musayev
cümə axşamı
ədliyyə nazirinin müavini Vilayət Zahirov
çərşənbə axşamı
ədliyyə nazirinin müavini,
Penitensiar xidmətin rəisi Mədət Quliyev
cümə
Ünvan: Bakı şəhəri, Nizami küç. 114
Qəbula yazılma vaxtı: saat 09:00 - 12:00
**************
BAZAR ERTƏSİ
İcra baş idarəsinin rəisi
Baş məhkəmə məmuru Xanlar Zeynalov
09:00 - 13:00
Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə
14:00 - 18:00
Ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küç. 141
ÇƏRŞƏNBƏ AXŞAMI
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin
rəisi Faiq Qurbanov
09:00 - 13:00
Cəzaların icrasına nəzarət üzrə
müfəttişliyin rəisi Malik Ələkbərov
14:00 - 18:00
Məhkəmə Ekspertizası
Mərkəzinin direktoru Fuad Cavadov
14:00 - 18:00
Ünvan: Bakı ş., Xəqani küç. 14
ÇƏRŞƏNBƏ
İstintaq idarəsinin rəisi Zakir Qafarov
09:00 - 13:00
Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov
14:00 - 18:00
Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradov
14:00 - 18:00
Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestri Xidmətinin
rəis müavini Mehdi Nəcəfov
14:00 - 18:00
Ünvan: Bakı ş., Azadlıq prospekti 72
CÜMƏ AXŞAMI
Beynəlxalq əlaqələr idarəsinin rəisi Zavər Qafarov
09:00 - 13:00
Qanunvericilik baş idarəsinin rəisi
14:00 - 18:00
CÜMƏ
Təşkilat-Nəzarət baş idarəsinin rəisi Azər Cəfərov
09:00 - 13:00
Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov
14:00 - 18:00
Ünvan: Bakı ş., Azadlıq prospekti 72