AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Решения Конституционного Суда

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi
[ Скачать с сервера (65.5 Kb) · Скачать удаленно () ] 15.08.2011, 15:35

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI

 

Cinayət törətmiş şəxslərin islah olunması nəinki onlara törətdikləri cinayətə görə şəxsiyyətlərinə və əməllərinin xarakterinə uyğun qanuni, obyektiv və ədalətli cəza verilməsindən, həmçinin azadlıqdan məhrum edilmiş məhkumlara cəzaçəkmə müəssisəsinin növünün düzgün tətbiq edilməsindən xeyli dərəcədə asılıdır.

Cəzaların icrası qanunvericiliyi məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, cəzaların islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır. Bu prinsipləri rəhbər tutan cinayət qanunvericiliyi cinayətin xarakterindən və məhkumun şəxsiyyətindən asılı olaraq onun hökmlə cəza çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Hazırkı qanunvericiliyə əsasən məhkəmələr hər hansı mülahizəni əsas götürməklə məhkuma qanunda birbaşa göstəriləndən fərqli cəza çəkmə müəssisəsi növünü təyin etmək səlahiyyətinə malik deyildir.

Məhkəmə təcrübəsi göstərir ki, yeni cinayət və cəzaların icrası qanunvericiliyə görə cəzaçəkmə müəssisələri sistemində dəyişiklik edildiyindən 2000-ci il sentyabrın 1-dək baş vermiş cinayətlərə görə məhkum edilmiş şəxslərə cəzaçəkmə müəssisələri növünün təyin edilməsində səhvlərə yol verilir.

Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş, lakin məhkumluqları ödənilmiş və ya üzərlərindən götürülmüş şəxslərə, habelə sovet dövründə və ya hazırkı MDV ölkələrində məhkum edilmiş, məhkumluqları ödənilməyən və ya üzərlərindən götürülməyən şəxslərə yeni cinayət əməli üçün cəza verilərkən cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi məsələsində fikir ayrılıqları mövcuddur.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə və tərbiyə müəssisəsinin növünün müəyyən edilməsinə dair qanunvericiliyin düzgün və eyni cür tətbiq edilməsi təcrübəsində meydana çıxan məsələlərlə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

 

QƏRARA ALIR:

 

1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə və tərbiyə müəssisəsinin növünü müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 56 və 85-ci maddələrinin tələblərinə sözsüz əməl edilməsinin vacibliyi məhkəmələrin diqqətinə çatdırılsın. Nəzərə almaq lazımdır ki, bu və ya digər cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün məhkəmənin mülahizəsinə görə müəyyən edilməsini qanun istisna edir.

Cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (CİM) 70-ci maddəsində nəzərdə tutulan hallarda məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 514-cü maddəsinə müvafiq olaraq həyata keçirilir.

2. Cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir.

Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun.

3. CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Nəzərə alınmalıdır ki, CM-nin 18.4-cü maddəsinə müvafiq olaraq törədilmiş cinayətin residiv hesab edilməsi məsələsi həll edilərkən ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə və şəxsin 18 yaşına çatanadək törətdiyi cinayətə görə məhkumluqları nəzərə alınmır.

4. Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.

Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına, o cümlədən aşağıdakılar aiddir:

a) Azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, lakin CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxslər;

b) CİM-nin 69-cu maddəsində göstərilən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökm qanuni qüvvəyə mindikdən sonra cəzasını çəkmək üçün təsərrüfat və məişət xidməti üçün istintaq təcridxanalarında, müalicə müəssisələrində və ya həbsxanalarda saxlanılan şəxslər;

c) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkmiş və CM-nin 78.1, 78.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə yerlərindən azad olunmuş şəxslər;

ç) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkmiş və CM-nin 79-cu maddəsinə müvafiq olaraq barələrində cəzanın çəkilməsi təxirə salınmış qadınlar;

d) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxslər;

e) başqa dövlətin (o cümlədən, Müstəqil Dövlətlər Birliyi ölkələrinin) hökmləri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonradan cəza çəkmək üçün Azərbaycan Respublikasına verilmiş, hökmün icraya qəbul edilməsi barədə məhkəmə qərarına müvafiq olaraq, Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslər, həmçinin SSRİ-nin ləğvinə qədər onun tərəfinə daxil olmuş müttəfiq Respublikaların məhkəmələrinin hökmləri ilə məhkumluğu olan şəxslər.

5. Aşağıdakılar əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz:

a) islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər;

b) cinayət törətmiş, lakin CM-nin 54.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edilmiş şəxslər;

c) məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkən, yuxarı instansiya məhkəməsi tərəfindən haqqındakı hökm ləğv edilərək, işin icraatına xitam verilən və ya hökm dəyişdirilərək, haqqında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilən və ya şərti məhkum edilən şəxslər;

ç) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin amnistiya aktı və ya əfv edilməsi ilə əlaqədar cəza çəkməkdən azad edildiyinə görə faktiki olaraq cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər, yaxud CM-nin 80-ci maddəsinə müvafiq olaraq ittiham hökmünün icrası müddətinin keçməsi ilə əlaqədar barəsində hökm icra edilməyən şəxslər;

d) qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər;

e) birinci hökm çıxarılanadək törətdiyi başqa cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

ə) qüvvədə olan qanunvericiliklə cinayət və cəzanı aradan qaldıran, həmçinin, qüvvədə olan qanunvericiliyə əsasən törədilməsinə görə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmayan əmələ görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müəssisəsində cəzanı çəkib qurtarmış şəxslər;

f) 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş CM-nin 42, 42.1-ci maddələrinə müvafiq olaraq hökmün icrası təxirə salınmaqla əlaqədar cəzasını çəkib qurtarmış şəxslər (əgər məhkum təxir müddətinin başa çatması ilə əlaqədar məhkəmənin qərardadı ilə cəza çəkməkdən azad edilmişsə, yaxud onun barəsində amnistiya aktı tərtib edilmişsə və yaxud əfv etmə aktı ilə o, cəza çəkməkdən azad edilmişsə və ya qanunla müəyyən edilmiş müddətin keçməsi ilə əlaqədar hökm icra edilməmişdirsə);

g) 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş CM-nin 23-1-ci maddəsinə müvafiq olaraq əməyə mütləq cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti məhkum edilmiş şəxslər;

ğ) 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş CM-nin 31-ci maddəsinə, qüvvədə olan CM-nin 54-cü maddəsinə müvafiq olaraq, islah işləri cəzası qauptvaxtda saxlamaqla əvəz edilmiş və ya intizam batalyonunda, intizam xarakterli hərbi hissədə saxlama cəzası çəkmiş şəxslər.

6. CM-nin 56.1.4-cü maddəsinin mənasına görə, CM-nin 82.3-cü maddəsinə müvafiq olaraq əfv qaydasında ömürlük azadlıqdan məhrum etmə cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir (CİM-nin 116.1-ci maddəsi),

7. CM-nin 56.1.3 və CİM-nin 114-cü maddələrinə müvafiq olaraq məhkum edilmiş qadınlara ciddi rejimli cəzaçəkmə müəssisəsi yalnız cinayətlərin xüsusi təhlükəli residivi zamanı təyin edilə bilər. Qalan hallarda isə (CM-nin 56.2-ci maddəsində göstərilən qaydada həbsxanada cəza çəkməyə məhkum edilmiş qadınlar istisna olmaqla) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınlara (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar istisna olmaqla) ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilir.

8. Xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkəmələr CM-nin 56.2-ci maddəsinə əsasən cəzanın bir hissəsini həbsxanada çəkilməsinə dair qəbul etdikləri qərarı əsaslandırmaqla yanaşı, həm də hökmdə göstərməlidirlər ki, məhkumlar cəzanın həbsxanada çəkilməli hissəsini çəkib qurtardıqdan sonra cəzanın qalan hissəsini kişilər xüsusilə təhlükəli residivinə görə xüsusi rejimli cəzaçəkmə müəssisəsində, qadınlar isə xüsusilə ağır cinayətləri törətmələrinə görə ümumi rejimli, cinayətlərin xüsusi təhlükəli residivi zamanı isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

9. Məhkəmələr nəzərə almalıdır ki, CİM-nin 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır.

10. Nəzərə almaq lazımdır ki, keçmiş cinayət qanunvericiliyindən fərqli olaraq, yeni Cinayət Məcəlləsinin 83-cü maddəsində «məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi» kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır.

Məhkuma ciddi rejimli və ya xüsusi rejimli cəzaçəkmə müəssisəsi təyin edilərkən əsas olmuş bir və ya bir neçə məhkumluq cəza çəkilən zaman ödənilərsə, bu zaman məhkəmə tərəfindən hökmlə məhkuma təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə və məhkum başqa növ cəzaçəkmə müəssisəsinə keçirilə bilməz. Belə ki, CİM-nin 114, 116-cı maddələrinə müvafiq olaraq ciddi və ya xüsusi recimli cəzaçəkmə müəssisələrində müvafiq olaraq, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cinayətlər üstündə məhkum edilmiş şəxslər saxlanılır.

11. AR CM-nin 18.4-cü maddəsinə müvafiq olaraq CM-nin 83-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, həmçinin, həmin Məcəllənin 81.2 və 82.4-cü maddələrinə müvafiq olaraq amnistiya və ya əfvetmə aktı ilə götürülmüş məhkumluq cinayətlərin residivinin tanınması zamanı nəzərə alına bilməz və ona görə də ciddi və ya xüsusi recimli cəzaçəkmə müəssisəsi təyin edilməsi üçün əsas ola bilməz.

Kişilərə ciddi rejimli cəzaçəkmə müəssisəsi cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə cəzası çəkmişsə) və yetkinlik yaşına çatdıqdan sonra xüsusilə ağır cinayət törətdikdə təyin edilir.

12. Hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir.

Ümumi və ya möhkəm recimli tərbiyə müəssisələri AR CM-nin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir.

13. 18 yaşına çatmış və tərbiyə müəssisələrində saxlanılmış məhkum cəzanın icrası qaydalarını pozduqda, CİM-nin 129-cu maddəsinə müvafiq olaraq tərbiyə müəssisəsi müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilə bilər.

18 yaşına çatmış və cəzanın icrası qaydalarını pozan məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məqsədəuyğunluq məsələsi həll edilərkən, məhkəmələr tərbiyə müəssisəsində cəza çəkilən müddət ərzində məhkumun davranışı və şəxsiyyətini xarakterizə edən halları, həmçinin, tərbiyə müəssisəsində saxlanılan digər yetkinlik yaşına çatmamış məhkumlara təsirini nəzərə almalıdır.

Məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi CPM-nin 514, 520-ci maddələrində nəzərdə tutulmuş qaydada cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir.

14. CM-nin 10-cu maddəsinə müvafiq olaraq 01.09.2000-ci il tarixədək cinayət törətmiş şəxslər barəsində cəzaçəkmə müəssisəsinin növü, məhkumun vəziyyəti ağırlaşmırsa, CM-nin 56, 85-ci maddələrinə müvafiq olaraq müəyyən edilir. Qalan hallarda cəzaçəkmə müəssisəsinin növü cinayət törədilərkən qüvvədə olan qanunun tələbləri nəzərə alınmaqla təyin edilir. Hazırkı qanunvericilikdə möhkəm rejimli cəzaçəkmə müəssisəsi növü nəzərdə tutulmadığından 1/IX-2000-ci ildən əvvəl cinayət törətmiş şəxslərə (əgər möhkəm rejimli islah əmək koloniyası növü təyin edilməli idisə) ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir.

15. Məhkəmələrə izah edilsin ki, azadlıqdan məhrum etməyə şərti məhrum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71.4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56-cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayt hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir.

Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırarsa, məhkəmə şərti məhkum etməni ləğv edərək, hökmlə təyin edilmiş cəzanın icra olunması haqqında qərar çıxararsa, CM-nin 71.3-cü maddəsinə müvafiq olaraq CM-nin 15, 56-cı maddələrinin müəyyən etdiyi qaydalara uyğun cəzaçəkmə müəssisəsinin növünü təyin edir.

Ehtiyatsızlıq üzündən cinayət törətməyə görə azadlıqdan şərti məhrum edilmiş şəxslər məhkumluqlarının ödənilmədiyi dövrdə qəsdən ağır, az ağır və xüsusilə ağır cinayət törətdikdə, axırıncı cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə və cəzaları CM-nin 67.1 və 71.5-ci maddələrinə uyğun olaraq birləşdirilərsə onlara qanunla ilk dəfə qəsdən cinayət törətmiş şəxslər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsi növü təyin edilməlidir.

16. Əvvəlki qanunvericilikdən fərqli olaraq, mövcud qanunvericilik hər hansı səbəbdən bu və ya digər cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün məhkəmənin mülahizəsinə görə müəyyən edilməsini istisna etdiyindən işə apellyasiya məhkəməsində birinci instansiya məhkəməsinin cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü düzgün təyin etmədiyi aşkar edildiyi hallarda həmin məhkəmə iş üzrə bu barədə apellyasiya protesti və ya şikayəti verilməsindən, habelə məhkumun vəziyyətinin yüngülləşməsindən və ya ağırlaşmasından asılı olmayaraq məhkumun cəza çəkməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü qanunvericiliyə uyğun şəkildə dəyişdirməlidir. İşə daha yuxarı instansiya məhkəmələrində baxıldıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.

17. Bu qərarın qəbul edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Azərbaycan SSR məhkəmələri tərəfindən azadlıqdan məhrum edilən şəxslərə islah-əmək koloniyası növünün müəyyən edilməsi təcrübəsi haqqında» 02.06.1962-ci il tarixli, 4 №-li qərarı (sonrakı əlavə və dəyişikliklə) qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

S.C.HƏSƏNOVA

Bakı şəhəri, 28 iyun 2002-ci il,

№ 2

 

Категория: Решения Конституционного Суда | Добавил: Admin | Теги: Azərbaycan, Plenum, məhkumlar, cəzaçəkmə müəssisəsi
Просмотров: 434 | Загрузок: 326 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0