AiHMM logo

Пенитенциарные учреждения Азербайджана

Категории раздела

Кодексы [9]
Законы [23]
Подзаконные акты [86]
Акты об амнистии и помиловании [44]
Решения Конституционного Суда [10]

Форма входа

Библиотека

Главная » Файлы » Нормативно-правовые акты по тюрьмам » Законы

2008 - AR CİM və AR CPM dəyişiklər edilməsi haqqında qanun
[ Скачать с сервера (75.5 Kb) · Скачать удаленно () ] 28.03.2010, 16:23
Əlavəyə bax

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Şrift ölçüsü: Decrease font Enlarge font
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, maddə 756, № 12, maddələr 1197, 1218, Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 618-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 10.2.7-1-ci maddə əlavə edilsin:
"10.2.7-1. cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;";
2. aşağıdakı məzmunda 10.2.9-1-ci maddə əlavə edilsin:
"10.2.9-1. psixoloji yardım almaq;";
3. 16.1-ci maddədə "orqanın vəzifəli şəxsləri məhkumun" sözlərindən sonra - "razılığı ilə onun" sözləri, "birinə" sözündən sonra ", yaxud məhkumun göstərdiyi şəxsə" sözləri əlavə olunsun;
4. 16.2-ci maddədə "şəxslər" sözü "şəxslərin razılığı ilə onlar" sözləri ilə əvəz edilsin;
5. 66.1-ci maddənin ikinci cümləsində "istintaq təcridxanaları" sözlərindən sonra "penitensiar müəssisə olmaqla" sözləri əlavə edilsin;
6. 66.3-cü maddədə "stasionar şəraitdə" sözlərindən sonra "müayinə və" sözləri əlavə edilsin;
7. 68.1-ci maddə üzrə:
7.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
"Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir.";
7.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər.";
8. 69.1-ci maddədən "müstəsna hallarda" sözləri çıxarılsın və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Əvvəllər məhkum edilmiş və yenidən yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün müalicə müəssisələrində saxlanıla bilərlər.";
9. 71.3-cü maddədə "onların" sözündən sonra "ana dilində və ya bildikləri başqa dildə" sözləri əlavə edilsin;
10. 74.4-cü və 74.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"74.4. Cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, cəzaçəkmə müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır.
74.5. Cəzaçəkmə müəssisələrində məhkumlara özlərində saxlamağa, əldə etməyə, habelə onlara bağlama və banderollarda göndərilməsinə, sovqatlarda gətirilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsullarının siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.";
11. aşağıdakı məzmunda 74.6-cı maddə əlavə edilsin:
"74.6. Bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür, müvafiq araşdırma aparılır və məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Götürülmüş əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə məhkuma məlumat verilməklə müvafiq akt tərtib olunur. Cəzaçəkmə müəssisəsinə daxil olan və ya çıxan şəxslərdə bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır.";
12. 75.5-ci maddədə "və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş siyahı üzrə qadağan olunmuş əşya və sənədləri götürmək" sözləri çıxarılsın;
13. 80.3-cü maddədə "üç manat" sözləri "on beş manat" sözləri ilə, "dörd manat" sözləri isə "otuz beş manat" sözləri ilə əvəz edilsin;
14. 80.4-cü maddədə "üç manat" sözləri "on beş manat" sözləri ilə əvəz edilsin;
15. 80.5-ci maddədə "satışına icazə verilməyən" sözləri "ticarət şəbəkəsi vasitəsilə satışına icazə verilən" sözləri ilə əvəz edilsin;
16. 82.5-ci maddədə ", habelə məhkumlara alınması qadağan edilən əşyaların siyahısı" sözləri çıxarılsın və maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
"Məhkumların adına göndərilmiş bağlama və banderollarda bu məcəllənin 74.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, digər əşya, mallar və ərzaq məhsulları aşkar edildikdə onlar götürülür. Bu əşya, mallar və ya ərzaq məhsulları məhkum azad olunanadək saxlanılması üçün anbara təhvil verilir və ya bağlama və banderolu göndərmiş şəxsin hesabına geri qaytarılır, yaxud cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir.";
17. 83.2-ci maddə üzrə:
17.1. birinci cümlədə "yazışmalar" sözündən sonra "hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilməsi qaydasını və şəxslərin həyat və təhlükəsizliyini təmin etmək məqsədilə" sözləri əlavə edilsin, "keçirilir" sözü "keçirilə bilər" sözləri ilə əvəz edilsin;
17.2. aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
"Qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədilə məhkumların adına gələn və onlar tərəfindən göndərilən məktublar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir.";
18. 83.5-ci maddədə "və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana)" sözləri ", Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə" sözləri ilə əvəz edilsin;
19. 84.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə bir dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə ayda iki dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər.";
20. 84.4-cü maddədə "arasında" sözündən sonra "yaxın qohumlar istisna olmaqla" sözləri əlavə edilsin;
21. 86.3-cü maddədə "zorakılığı" sözündən sonra ", ekstremizmi, terroru" sözü əlavə edilsin, "millətlərarası və dini" sözləri "milli, dini və irqi" sözləri ilə əvəz edilsin;
22. 91.3-cü maddədə "nəzərə alınmaqla" sözlərindən sonra "dövlət hesabına" sözləri əlavə edilsin;
23. 91.4-cü maddədə "yeməklə" sözündən sonra "dövlət hesabına" sözləri əlavə edilsin, bu maddənin üçüncü cümləsi çıxarılsın;
24. 91.6-cı və 91.7-ci maddələr çıxarılsın;
25. 93.2-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir.";
26. 93.6-cı maddə üzrə:
26.1. birinci cümlədə "Cəzaçəkmə müəssisələrində məhkumlar" sözləri "Məhkumlar" sözü ilə əvəz olunsun;
26.2. üçüncü cümlədə "həmin hissənin" sözləri "habelə müalicə müəssisəsində həmin müəssisənin tibb" sözləri ilə əvəz edilsin;
27. 95.1-ci maddə üzrə:
27.1. üçüncü cümlədə "sahələrində və" sözləri "sahələrində, bu müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə" sözləri ilə əvəz edilsin;
27.2. aşağıdakı məzmunda 5-ci və 6-cı cümlələr əlavə edilsin:
"Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların əməyindən istifadə edilməsinə icazə verilməyən işlərin siyahısı cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilir.";
28. 99.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Məhkumların əməkhaqqından gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və digər məcburi ödənişlər tutulur.";
29. 99.3-cü maddədə "iyirmi beş" sözləri "əlli" sözü ilə, "əlli" sözü "altmış" sözü ilə əvəz edilsin;
30. 100.8-ci maddə çıxarılsın;
31. 102.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"102.4. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə bu məcəllənin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara televiziya verilişlərinə baxmağa icazə verilmir.";
32. 105.1.7-ci maddədə "dörd manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin;
33. 105.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 105.1.11-ci maddə əlavə edilsin:
"105.1.11. xüsusi rejimli cəzaçəkmə müəssisəsində və həbsxanada kameralarda saxlanılan məhkumlara bir ay ərzində bir saatadək əlavə gəzintiyə icazə vermək.";
34. aşağıdakı məzmunda 107.6-cı maddə əlavə edilsin:
"107.6. Həvəsləndirmə tədbiri qaydasında saxlanılma şəraiti yaxşılaşdırılmış məhkum barədə bu məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbiri tətbiq edildikdə yaxşılaşdırılmış saxlanılma şəraiti ləğv edilir.";
35. 108.1.1-ci maddədə "əldə etmək, saxlamaq və ya" sözləri çıxarılsın;
36. 109.1-ci maddədə "zamanı" sözündən sonra "məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir," sözləri əlavə edilsin;
37. 109.2-ci maddəyə aşağıdakı məzmunda ikinci, üçüncü və dördüncü cümlələr əlavə edilsin:
"Məhkumun bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda tənbeh tədbiri ləğv edilə bilər. Şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır.";
38. 110.4-cü maddədə "müalicə müəssisələrinə" sözlərindən sonra "və cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrinə" sözləri əlavə edilsin;
39. 113.2.2-ci maddədə "doqquz manatadək" sözləri "əlli manatadək", 113.3.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək", 113.4.2-ci maddədə "yeddi manatadək" sözləri "qırx beş manatadək", 113.5.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin;
40. 115.2.2-ci maddədə "beş manatadək" sözləri "qırx manatadək", 115.3.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin;
41. 117.1.2-ci maddədə "dörd manatadək" sözləri "otuz beş manatadək", 117.2.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin;
42. 119.2-ci maddədə "ali və orta ixtisas" sözləri "ali, orta ixtisas və peşə" sözləri əvəz edilsin;
43. 121.1-ci maddədə "Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş" sözləri "Təsərrüfat və məişət xidməti işi üçün cəlb olunmuş" sözləri ilə əvəz edilsin;
44. 121.3.1-ci maddədə "dörd manatadək" sözləri "iyirmi beş manatadək" sözləri ilə əvəz edilsin;
45. 121.4.1-ci və 121.5.1-ci maddələrdə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin;
46. 122.1-ci maddədən "ayrılıqda və iki nəfərdən artıq olmamaq şərti ilə" sözləri çıxarılsın;
47. 122.1.1-ci maddədə "dörd manatadək" sözləri "iyirmi beş manatadək" sözləri ilə əvəz edilsin;
48. 122.1.2-ci maddədə "üç" sözü "altı", "bir" sözü "iki" sözü ilə əvəz edilsin;
49. 122.1.3-cü maddədə "dörd" sözü "səkkiz" sözü ilə əvəz edilsin;
50. 122.2.1-ci maddədə "üç manatadək" sözləri "iyirmi beş manatadək" sözləri ilə əvəz edilsin;
51. 124.2.2-ci maddədə "doqquz manatadək" sözləri "əlli manatadək" sözləri ilə əvəz edilsin;
52. 124.3.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin;
53. 124.4.2-ci maddədə "yeddi manatadək" sözləri "qırx manatadək" sözləri ilə əvəz edilsin;
54. 124.5.1-ci maddədə "üç manatadək" sözləri "on beş manatadək" sözləri ilə əvəz edilsin.
55. aşağıdakı məzmunda 124-1-ci maddə əlavə edilsin:
"Maddə 124-1. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən həvəsləndirmə tədbirləri
124-1.1. Tərbiyə müəssisələrində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara bu məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərindən əlavə tərbiyə müəssisəsi nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə bir dəfə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər.
124-1.2. Həvəsləndirmə tədbiri qaydasında tərbiyə müəssisəsinin nümayəndəsinin müşayiəti ilə müəssisəsinin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə verilmiş məhkumlara tədbir zamanı onlara məxsus mülki paltarlar verilir.
124-1.3. Tərbiyə müəssisəsindən kənara çıxma müddəti səkkiz saatdan çox olmamaq şərti ilə müəssisənin müdiriyyəti tərəfindən müəyyən edilir.
124-1.4. Məhkumların gecə vaxtı keçirilən idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakına yol verilmir.".
II. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (II kitab), maddə 585; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003-cü il, № 6, maddə 276; 2004-cü il, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; № 11, maddə 890; 2005-ci il, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64; № 5, maddə 390; № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221, Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 618-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 507.5-ci maddədə "şəxsin" sözündən sonra "razılığı ilə onun" sözləri əlavə edilsin, "verməlidir" sözü "verir" sözü ilə əvəz edilsin;
2. 508.2-ci maddədə "cəza çəkdiyi yer, onun yerdəyişmələri və azad edilməsi haqqında məhkumun ailəsinə dərhal məlumat verməlidir" sözləri "razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə cəzanın icrası, cəzanın çəkildiyi yer, məhkumun yerdəyişmələri və azad edilməsi barədə dərhal məlumat verir" sözləri ilə əvəz edilsin.
III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2008-ci il
№ 657-IIIQD
Категория: Законы | Добавил: Admin | Теги: qanun, Azərbaycan, CİM, deyishikler, CPM
Просмотров: 414 | Загрузок: 303 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Наш опрос

Оцените мой сайт
Всего ответов: 70

Друзья сайта

  • FIDH
  • OMCT
  • PRI
  • CAT
  • CPT
  • Amnesty International
  • Penitentiary Service
  • Prison Watch - Azerbaijan
  • Статистика


    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0