07 fevral 2013, 18:45
Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001,
№ 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6,
maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə
761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8,
maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə
64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, №
2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə
1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12,
maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966;
2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6,
maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674) aşağıdakı
dəyişikliklər edilsin:
1. 41.2-ci maddədə ", o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və
müdafiəçisinin” sözləri ", habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya
cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən
(şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis
müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə
tutulmuş hallarda müdafiəçinin” sözləri ilə əvəz edilsin.
2. 43.3-cü maddədən
"39.1.5,” rəqəmləri çıxarılsın.
3. Aşağıdakı məzmunda 43.3-1-ci maddə əlavə edilsin:
"43.3-1. Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci
maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi
varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü
maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir.”.
4. Aşağıdakı məzmunda 44.2.1-1-ci maddə əlavə edilsin:
"44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş
təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş
əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsə cəza təyin etməməklə;”.
5. 92.3.13-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 92.3.14-cü və 92.3.15-ci maddələr əlavə edilsin:
"92.3.14. ölmüş
təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş
əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə;
92.3.15. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə
nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində
tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində
nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə
müvafiq istəyini bildirmədikdə.”.
6. 93.4.13-cü maddədə
"şikayət” sözü "apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti” sözləri ilə
əvəz edilsin.
7. Aşağıdakı məzmunda
106-1-ci maddə əlavə edilsin:
"Maddə 106-1. Təqsirləndirilən
(şübhəli) şəxsin hüquqi varisi
106-1.1. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət
işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından
biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs
təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın
qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və
bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı
müddəaları onlara da şamil olunur.
106-1.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı
olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum
ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz.
106-1.3. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci
maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın
qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması
barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin
ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən
xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da
verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu
Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini
bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul
edilir.
106-1.4. Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan
xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə
tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün
sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis
qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə
bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün
müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar
olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin
tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və
həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın
qohumlarına göndərilir və ya təqdim edilir.
106-1.5. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması
barədə müraciət etmiş bir neçə yaxın qohum arasından hüquqi varisin
seçilməsində mübahisə olduqda, həmin məsələni məhkəmə həll edir. Müraciət
edilən anda şəxsin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində
tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar
müəyyən edildikdən dərhal sonra qəbul edilir.
106-1.6. Şəxs təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi tanındıqdan
sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə,
cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin
cinayət prosesində təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi
iştirakına xitam verir. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət
işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə
bilər.
106-1.7. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə
icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin
ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin
91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla,
digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
106-1.8. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin aşağıdakılara
hüququ yoxdur:
106-1.8.1. ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini
etiraf etmək;
106-1.8.2. təqsirləndirilən (şübhəli) şəxsin verdiyi şikayətdən imtina etmək.
106-1.9. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi şahid qismində
dindirilə bilər.”.
8. 119.4-cü maddənin
birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"119.4. Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə
nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində
tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin
yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər.”.
9. 281.1-ci maddədə "nümayəndələrinə” sözündən sonra ", yaxud ölmüş
təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş
əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək
ölmüş şəxsin yaxın qohumlarına” sözləri əlavə edilsin.
10. Aşağıdakı məzmunda 282.1-1-ci maddə əlavə edilsin:
"282.1-1. Bu Məcəllənin 41.2-ci və 43.3-1-ci maddələrində nəzərdə tutulmuş
hallarda ölmüş şəxsin müdafiəçisinin razılığı ilə cinayət təqibinə bəraətverici
əsaslar olmadan xitam verilməsi haqqında qərar qəbul edildiyi təqdirdə, onun
yaxın qohumu bu qərarın surətini aldığı vaxtdan 10 (on) gün müddətində ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və
ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə həmin qərardan şikayət etmək
hüququna malikdir. Belə şikayət verildikdə, cinayət təqibinə bəraətverici
əsaslar olmadan xitam verilməsi haqqında qərar ləğv edilir, cinayət təqibi üzrə
icraat təzələnir, şikayət vermiş yaxın qohum ölmüş şəxsin hüquqi varisi
qismində tanınır və icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam
etdirilir.”.
11. 383.1.5-ci maddədə
"tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər daxilində”
sözləri çıxarılsın.
12. 409.4-cü maddənin ikinci cümləsi çıxarılsın.
13. 422.3-cü maddədə "mülki iddiaçı” sözlərindən sonra ", mülki cavabdeh”
sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il.
|